Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada dövlət çevrilişi cəhdi

Almaniyada dövlət çevrilişinə cəhd xəbəri yayılıb və bu, aydın səmada şimşək effekti yaradıb. Belə ki, Almaniya sivil, demokratik dövlət hesab olunur. Belə zəngin dövlətlərdə dövlət çevrilişinə cəhdlər təsadüfi hallarda baş verir. 


Amma fakt faktlığında qalır. Çevrilişə hazırlıq gedib və artıq Almaniyanın hüquq-mühafizə orqanları dövlət çevrilişi hazırlamaq şübhəsi ilə 25 nəfəri nəzarət altına alıb. “Die Zeit” nəşri xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılan şəxslərdən 22-si terror təşkilatı yaratmaqda, aralarında Rusiya vətəndaşının da olduğu üç nəfər isə onları dəstəkləməkdə ittiham olunur. Hazırda sağ radikallara məxsus 130 müxtəlif ev və mənzildə axtarış aparılır, həmçinin daha 27 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.
Həbslər Baden-Vürtemberq, Bavariya, Berlin, Hessen, Saksoniya, Aşağı Saksoniya, Türingiya federal əyalətlərində, həmçinin Avstriyanın Kitsbüel və İtaliyanın Peruca şəhərlərində həyata keçirilib. Baş prokurorluq şübhəlilərin oxşar hökumət strukturları və hərbi qanadı olan şura yaratdığını, həmçinin sıralarına Bundesver və polis əməkdaşları arasından yeni tərəfdarlar cəlb etməyə çalışdığını bildirib. Onlar, eyni zamanda dövlət çevrilişi cəhdi zamanı Bundestaqa hücum etməyi də planlaşdırıblar.
Almaniya mətbuatı, həmçinin yazır ki, ölkədə dövlət çevrilişi etməyi planlaşdıran ekstremistlər hakimiyyəti alman aristokrat Reyss ailəsinin üzvü olan şahzadə XIII Henrixə ötürməyə ümid edirdilər. Yeri gəlmişkən, Almaniya prokurorluğu XIII Henrix ilə Rusiya arasında iddia edilən əlaqələri açıqlayıb. Almaniya Daxili İşlər Nazirliyindəki mənbədən bildirilib ki, hazırda ölkənin xüsusi xidmət orqanları sui-qəsdçilərin Rusiya ilə hər hansı mümkün əlaqəsini öyrənirlər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iddialara cavab olaraq deyib ki, hadisə “daha çox Almaniyanın daxili problemidir”. Qeyd edək ki, həbs edilənlərdən biri alman şahzadəsi XIII Henrixdir. Onun dövlət çevrilişi planının təşkilatçısı kimi saxlanıldığı bildirilir. Bundan başqa, onun əslən iranlı xanımı Susan Doxt Cəlali də həbs edilib.
71 yaşlı şahzadə XIII Henrix vaxtilə Şərqi Almaniyada kiçik bir dövləti idarə etmiş knyazlıq ailəsinin nəslindəndir. XIII Henrixin ulu babası həmin knyazlığın sonuncu hökmdarı olub. Reyss aristokrat ailəsi artıq III Henrixin çevriliş cəhdində iştirakını pisləyib. Ailə onu sui-qəsd nəzəriyyələrinə və antisemitizmə heyranlığına görə “çaşmış qoca” adlandırıb. 
Xatırladaq ki, müasir Almaniyada irsi zadəganların xüsusi hüquqi statusu yoxdur, titulları bəzən adların bir hissəsi kimi istifadə olunur. Şahzadə XIII Henrix də bu sıradan olan biridir.
Prokurorluğun məlumatında qeyd edilir ki, çevrilişə cəhd edənlər  Almaniya dövlətçiliyinin legitimliyini inkar edən “Reyxsburqer” (Reyxin vətəndaşları) ideologiyasının tərəfdarlarıdır. Sui-qəsdçilərin monarxist və neonasist baxışlara sadiq olduqları deyilir. Almaniya Federal Kəşfiyyat Xidməti (BND) 21 mindən çox insanın təşkilatın üzvü olduğunu bildirib.

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

9 Dekabr 2022 03:23 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə