Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin Sədri Türkmənistanda

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüş


Mili Məclisin Sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Sərdar Berdiməhəmmədov dost və qardaş ölkələr olan Türkmənistanın və Azərbaycanın münasibətlərinin yüksək səviyyəsindən razılığını ifadə edib. Ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında qədim tarixə malik əlaqələr dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. O, yüksək səviyyəli rəsmi səfərlərin qarşılıqlı əməkdaşlığa töhfələrini qeyd edib. Həmçinin, dost ölkələrimizin parlamentləri arasında münasibətlərin daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən  Sahibə Qafarova Türkmənistana Milli Məclisin Sədri kimi ilk dəfə səfər etdiyini diqqətə çatdırıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu xatırladan Sahibə xanım bu illər ərzində dost ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edərək, bir çox sahələri əhatə etdiyini vurğulayıb. O, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən olan qanunvericilik orqanları arasındakı təmaslar haqqında məlumat verərək, qeyd edib ki, parlamentlərimiz səmərəli əməkdaşlıq əlaqələri qurub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Hər iki ölkənin qanunvericilik orqanlarında  işçi qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyəti əlaqələrin inkişafına töhfə verir. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Anlaşma Memorandumu imzalanıb


Türkmənistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Görüşdə parlamentlərimiz arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Türkmənistanın dost və qardaş Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirən Qurbanqulu Berdiməhəmmədov deyib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində ölkələrimiz bir sıra istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə  uğurlu əməkdaşlıq əlaqələri qurub. O, son illərdə ölkələrimiz arasında ticarət və iqtisadi göstəricilərin daha da yüksəldiyini, bununla belə, əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. 
Azərbaycanla Türkmənistanın bir çox beynəlxalq platformalarda da əməkdaşlıq etdiyini deyən Xalq Məsləhətinin Sədri, o cümlədən, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığa diqqət çəkib. O, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasının önəmini qeyd edib və bildirib ki, Türkmənistan Şəbəkənin işində fəal iştirak etmək niyyətindədir. Vurğulanıb ki, təşkilatın Bakıda keçirilən birinci konfransında Türkmənistan Milli Qenqeşi Məclisi sədrinin iştirakı bunun təsdiqidir.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanla qardaş Türkmənistan arasındakı münasibətlərin bugünkü səviyyəsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafını diqqətə çatdırıb. O, münasibətlərimizin yüksək səviyyəyə yüksəlməsində iki ölkənin dövlət başçılarının rolunu xüsusi qeyd edib. Azərbaycan və Türkmənistanın bir çox sahələrdə əməkdaşlıq etdiklərini bildirən parlamentin spikeri, xüsusən, energetika, nəqliyyat sahələrində əlaqələrin uğurla inkişafını qeyd edib. 
 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin Sədri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başladığını diqqətə çatdırıb. 
Sonra Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Qeyd olunub ki, bu sənəd iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin daha da genişləndirilməsinə imkan verəcək.


“Əməkdaşlığın inkişafına töhfəyə görə” Dövlət ordeni ilə təltif 


Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkmənistanın “Əməkdaşlığın inkişafına töhfəyə görə” Dövlət ordeni ilə təltif olunub. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bununla bağlı sərəncam imzalayıb. 
Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov spiker Sahibə Qafarova ilə görüşdə medalı Azərbaycan parlamentinin rəhbərinə təqdim edib. 
Parlamentin Sədri Sahibə Qafarova bu yüksək mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirib və  bu ordeni Azərbaycan–Türkmənistan dostluq və qardaşlıq münasibətlərinə göstərilən diqqət və hörmətin əlaməti kimi qiymətləndirib.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

9 Dekabr 2022 02:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə