Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Öcal Oğuz: Azərbaycanın mədəni irsinin qorunması ortaq məsuliyyətimizdir

Dekabrın 8-də Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın ev sahibliyi etdiyi “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  


Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Türkiyə qardaşlıq münasibətləri, habelə iki ölkənin UNESCO üzrə Milli Komissiyaları müstəvisində sıx əməkdaşlıq məsələləri müzakirə edilib. Bu xüsusda türk dünyasına məxsus ortaq miraslarımızın UNESCO-nun müvafiq irs siyahılarına birgə təqdim edilməsi məsələlərində qarşılıqlı dəstəyin vacibliyindən söz açılıb. 
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində ölkəmizin mədəni irsinin məhvi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirərək ötən müddət ərzində mədəni sərvətimizə vurulmuş ziyandan, mədəni irsimizin qəsdən tarixi-mədəni xarakterinin dəyişdirilməsindən bəhs edib. Habelə, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan danışıb.  
Bundan əlavə, nazir 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verərək, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq, lazımi qaydada mühafizəsi və bərpası işlərinin aparıldığını qeyd edib. Nazir Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə UNESCO-ya xəbərdarlıq etdiyini və  işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığını diqqətə çatdırıb. 
Görüşdə qarşı tərəf, öz növbəsində, TÜRKSOY-a üzv ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərində mədəni irsinin qorunmasının beynəlxalq səviyyədə ortaq məsuliyyətimiz olduğunu diqqətə çatdırıb.  
Görüşdə tərəflər Şuşa şəhərinin 
2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı kimi ev sahibliyi edəcəyi birgə tədbirlər, habelə qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

 

“Xalq qəzeti”

9 Dekabr 2022 02:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə