Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar texnika ƏDV-dən azaddır

Kənd təsərrüfatı təyinatlı texnikalar, maşınlar, avadanlıqlar, suvarma və digər qurğular əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu, Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli qərarı ilə təsdiqlədiyi “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin siyahısı”nda əksini tapıb.


Xatırladaq ki, indiyə qədər “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı”da əsasən, yalnız kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri yer alıb. Nazirlər Kabinetinin yeni qərarına görə isə bundan sonra həmin syahıya kənd və meşə təsərrüfatı sahələrində işlədilən traktorlar, kotanlar, kətmənlər, kultivatorlar, dırmıqlar, torpaq frezləri, sağıcı qurğular, habelə digər avadanlıq, aparat və texnikalar da əlavə olunub. 
Beləliklə, Vergilər Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, həmçinin texnikaların idxalı, eyni zamanda, satışı ƏDV-dən azad edilirdisə, hazırda həmin siyahı kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlarla daha da genişləndirilib.
Vergi Məcəlləsinin 164-cü maddəsində malların ixracından başqa, onların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin, habelə idxalın bir sıra növlərindən ƏDV tutulmur. Bu siyahıya bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı da daxildir.
Şübhəsiz ki, bu istiqamətdə tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” əsasında həyata keçirilir. Sənəddə kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılmasına xüsusi önəm verilir. 
Qeyd edək ki, son dövrlərdə bu istiqamətində reallaşdırılan sistemli tədbirlər hesabına kənd təsərrüfatı texnikası parkı köklü şəkildə yenilənərək,   genişləndirilib. Bu məqsədlə, əvvəlcə istismar müddəti başa çatan texnikaların müasirləşdirilməsi məqsədilə dövlət dəstəyi tədbirinin davam etdirilməsi üçün texniki-iqtisadi qiymətləndirilmə aparılıb. Əkinçiliyin bütün sahələri (pambıq, kartof, tərəvəz, şəkər çuğunduru və s.) üzrə texnika parkının fiziki və mənəvi cəhətdən yeniləndirilməsi imkanları araşdırılıb. Kiçik və orta təsərrüfat subyektlərinin ehtiyacları nəzərə alınmaqla maşın, texnika və avadanlıqlarla təminatın texniki-iqtisadi əsaslandırılması da hazırlanıb.  
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq, kənd təsərrüfatı yeni inkişaf mərhələsinə daxil olub. Dövlət başçısı tərəfindən qəbul edilən müvafiq qərarlara əsaslanılaraq, habelə kənd təsərrüfatının inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurularaq, bu sahənin potensialının gücləndirilməsinə yönəldilən resursların həcmi artırılıb.  

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

9 Dekabr 2022 02:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə