Ən son xəbərlər
Təəssüf ki, hazırda erməni din xadimləri öncə birgə görüşlərimizdə əldə etdiyimiz razılaşmalara zidd olaraq Xankəndiyə gələrək kilsə kürsüsündən gəncləri yeni müharibələrə və revanşizmə təhrik edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın Patriarxı Kirillə görüşündə söyləyib.
Şeyxülislam A.Paşazadə Prezident
İlham Əliyevin salamlarını və xoş arzularını Rus Pravoslav Kilsəsinin başçısına çatdırıb. Patriarx Kirill öz növbəsində onun salamlarını Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmasını xahiş edib.
Rus Pravoslav Kilsəsinin dini lideri oktyabrın 31-də Soçi şəhərində keçirilmiş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları üzrə qəbul olunmuş birgə bəyanatda dini liderlər arasında dialoqun davam etdirilməsinin vacibliyinə toxunulmasını bu istiqamətdə indiyə qədər görülən birgə səylərə verilən yüksək siyasi qiymət kimi dəyərləndirib.
Şeyxülislam Allahşükür Paşazadə hazırda erməni din xadimlərinin öncə birgə görüşlərdə əldə edilmiş razılaşmaların ziddinə, Xankəndinə gələrək kilsə kürsüsündən gəncləri yeni müharibələrə və revanşizmə təhrik etdiklərindən təəssüfləndiyini vurğulayıb. Bundan əlavə, bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə guya ki, erməni mədəni-mənəvi irsinə qarşı vandalizm aktlarının törədildiyi barədə Eçmiədzin tərəfindən yalan və böhtan xarakterli məlumatlar yayılır.
Görüşdə, həmçinin Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin növbəti görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Köhnə versiyamızdan xəbərləri izlə