Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Qarabağ talanı...

Ermənistan uzun illər ərzində ölkəmizin işğal altında saxladığı ərazilərində faydalı qazıntıların qanunsuz istismarını həyata keçirməklə, iqtisadi cinayətlər törədib. Azərbaycan düşmənin bu çirkin fəaliyyəti ilə bağlı dəfələrlə ATƏT, BMT və digər nüfuzlu strukturlar qarşısında məsələ qaldıraraq, gerçəkləşdirdiyi genişmiqyaslı talanın beynəlxalq hüquqa, respublikamızın milli qanunvericiliyinə zidd olduğunu vurğulayıb, eyni zamanda, həmin sahələrdə qeyri-qanuni fəaliyyət göstərən xarici şirkətlərin qeydiyyata alındığı dövlətlərin xarici işlər nazirliklərinə etiraz notası ünvanlayıb. Təəssüf ki, bütün bunlara baxmayaraq, heç bir əndazəyə sığmayan barbarlığın qarşısı alınmayıb. 


Bu məqamda onu da bildirək ki, işğalçı rejimin vandal əməllərinə şərik olan Avropa şirkətləri, əslində, Azərbaycanın bu əzəli-əbədi ərazisində Ermənistanın qəsbkarlığını, qeyri-qanuni məskunlaşma fəaliyyətini dəstəkləyib. Başqa sözlə, belə bir aktiv fəaliyyət düşmənin işğal altındakı yaşayış sahələrində təbii ehtiyatların talan olunmasını və bu iyrənc siyasətin fonunda kənardan – xarici dövlətlərdən gətirilən ailələrin həmin ərazilərdə yaşayış şəraitini asanlaşdıran infrastrukturun qurulmasını şərtləndirib. 
Qeyd edək ki, Qarabağda çox sayda qiymətli metal yatağı – qızıl, civə, mis, qurğuşun, sink, habelə daş kömür, alebastr, vermikulit, əlvan və dekorativ daşlar, üzlük daşı ehtiyatları var. Bu zəngin yataqlar bir vaxtlar Azərbaycanın iqtisadi potensialı üçün mühüm önəm daşıyırdı. Lakin işğalın davam etdiyi uzun illər ərzində həmin ehtiyatlar ermənilər tərəfindən talanaraq xaricə daşınıb. Bu fakt Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” başlıqlı tammiqyaslı hesabatında və bu qurumun “Azərkosmos” şirkəti ilə birgə peykdən çəkilmiş şəkillərə əsaslanan sübut materialında öz ifadəsini tapıb.

Yeri gəlmişkən, qəsbkar işğal illərində Ağdamın Şelli kəndi ərazisində kənd təsərrüfatı ehtiyatlarının, Kəlbəcərin Söyüdlü və Zəngilanın Vejnəli kəndləri yaxınlığında qızıl, Tərtərin Dəmirli kəndi ətrafında mis-qızıl və molibden mədənlərinin qanunsuz istismarını həyata keçirib, bununla bərabər, Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarında genişmiqyaslı əkin-biçin işləri aparıb. Bütün bunlarla kifayətlənməyən düşmən ölkənin “Vallex Group” adlı şirkəti neft kəşfiyyatı əməliyyatları həyata keçirməyi unutmayıb. Lakin bu prosesi kommersiya baxımından məqsədəuyğun olmadığından tez bir vaxtda dayandırıb. 
Beləliklə, erməni işğalı dövründə filiz, qızıl, mis və digər qiymətli metallar amansızcasına istismar edilərək, həm Ermənistanın siyasi liderlərini, həm də belə bir hüquqazidd “oyuna” qoşulan beynəlxalq şirkətləri zənginləşdirib. Nəticədə isə ölkəmizin zəngin təbii potensialı mənimsənilməklə bərabər, Qarabağ və Şərqi Zəngəzurun ekologiyasına qəsd edilib. 
Onu da deyək ki, Ermənistan hökuməti Qarabağ və Şərqi Zəngəzurda qeyri-qanuni layihələr reallaşdıran xarici şirkətlərin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə işğalçı ölkənin Milli Elmlər Akademiyasının geologiya laboratoriyasının filialını açıb. Həmin laboratoriya isə Azərbaycanın işğal altındakı ərazilərində təbii ehtiyatları müəyyənləşdirərək, müvafiq xəritə hazırlayıb və respublikamızın sərvətlərinin vəhşicəsinə istismarı ilə bağlı təkliflər vermək vəzifəsini yerinə yetirib. 
Yazının bu məqamında təbii sərvətlərimizin talan edilməsində erməni tamahının heç bir hədd-hüdud, əndazə tanımaması ilə bağlı diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, yuxarıda adı çəkilən “Vallex Group” erməni konqlomeratının törəmə şirkəti – Lixtenşteyndə qeydiyyata alınan “Base Metals” qurumu 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndinin yaxınlığında yerləşən “Qızılbulaq” qızıl və mis yataqlarını 10 il ərzində qeyri-qanuni istismar edərək, mədəni tamamilə tükəndirməklə kifayətlənməyib. Şirkət bundan sonra isə Qarabağın şimalında (Ağdərə şəhəri yaxınlığında) Kaşen mis-molibden mədəninin işlənməsinə başlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin yazının əvvəlində vurğulanan hesabatında “Vallex” Şirkətlər Qrupunun sədrinin rusiyalı – erməni iş adamı Valeri Mejlumyanın son vaxtlaradək Qarabağda əsas gəlir sahələrini öz aralarında bölüşdürən biznes-maqnatlardan biri kimi tanındığı və bu talançılığına görə 2014-cü il dekabr ayında Ermənistanın keçmiş prezidenti Serj Sarksyan tərəfindən şəxsən “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif edildiyi bildirilir. 
Yeri gəlmişkən, bu günlərdə ölkəmizin televiziya kanallarında nümayiş etdirilən məlum süjetin Azərbaycan sərvətlərinin Ağdərə şəhəri yaxınlığındakı Kaşen mədənindən qeyri-qanuni daşınması ilə bağlı olduğu söylənilir. 
Qeyd edək ki, Azərbaycanın ən böyük qızıl filizi yatağı sərhəd zonasında, əsasən işğaldan azad edilən Kəlbəcər rayonunda və qismən də Ermənistanın Basarkeçər rayonu ərazisində yerləşib. Bu yatağı 2007-ci ildən etibarən işğalçı ölkənin ən iri özəl investorlarından biri olan “GeoProMining” mədən şirkətlər qrupunun tərkibindəki “GPM Gold” adlı Rusiya şirkəti istismar edib. Onun təsisçisi və yaxın vaxtlara qədər əsas səhmdarı Siman Povarenkin adlı bir şəxs olub. Ancaq 2020-ci ilin iyulunda “İnterfaks” agentliyinin verdiyi məlumata görə, o, öz payını şirkətin kapitalına daxil olmuş iş adamı Roman Trotsenkoya satıb. “Kommersant” qəzetinin məlumatına görə, həmin sövdələşmə nəticəsində Trotsenko təxminən 176 milyon ABŞ dolları ödəyərək, şirkətin 98,5 faizini konsolidə edib. 
Yatağın Ermənistan ərazisində yerləşən hissəsinin işlənilməsi üçün Ermənistan hökumətindən lisenziya almış şirkət, eyni zamanda, mədənin Azərbaycana məxsus olan hissəsini də talayıb. Peykdən çəkilmiş şəkillər işğal dövründə həmin yataqda işlərin miqyasının genişləndirildiyini əyani şəkildə göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin ayrı-ayrı çıxışlarında Ermənistan və xarici ölkələrin şirkətləri tərəfindən ərazilərimizdə həyata keçirilən təbii sərvətlərimizin talan edilməsi məsələsi dəfələrlə vurğulanıb. “Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları var. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək...
Ona görə onların qarşısında məsələ qoyulub. Onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır”. 
Dövlətimizin başçısı çıxışlarında, həmçinin vurulmuş ziyanın hesablanması prosesinin davam etdiyini, xarici mütəxəssislərin də bu işə cəlb olunduğunu xatırladıb. Prezident İlham Əliyev Ağdam şəhərində genişmiqyaslı dağıntılara baxış keçirərkən isə “Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”, – deyib.
Prezident İlham Əliyevin bu sözləri uzun onilliklər ərzində erməni işğalı altında saxlanılan ərazilərdə qeyri-qanuni fəaliyyətdə nə vaxtsa iştirak etmiş hər kəsə ünvanlanmış açıq-aşkar ismarışdır.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

6 Dekabr 2022 02:25 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə