Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrəvanın məkrli siyasəti

Ermənistanın niyyəti Qarabağ ermənilərini qırıb məsuliyyəti Azərbaycanın üstünə atmaqdır

Əlbəttə, Azərbaycanın Laçın dəhlizini müvəqqəti bağlamasının konkret səbəbi var idi: Qarabağın sərvətlərinin yenidən Ermənistana daşınması. 30 ilə yaxın müddətdə də daşınıb. İndi gözümüz görə-görə buna imkan verə bilmərik və bunu da göstərdik. Bu, bizim haqqımızdır. Ancaq göründüyü kimi, Ermənistan məsələdən siyasi manipulyasiya məqsədilə istifadə edir. Elə görüntü yaradır ki, sanki Azərbaycan Qarabağ ermənilərini düşünmür. Hətta Bakının onlara qarşı etnik təmizləmə, soyqırımı siyasəti gerçəkləşdirəcəyi də bildirilir. Söhbətimiz bu barədədir və mövcud yanaşmada bir neçə məqama toxunacağıq. 

Əvvəla, etnik təmizləmə və soyqırımı siyasətindən başlayaq. Bu, erməni dəst-xəttidir. Axı vaxtilə azərbaycanlıları qovublar. Soydaşlarımızın Ermənistandan müxtəlif mərhələləri əhatə edən deportasiyaları tariximizin acı səhifələridir. Azərbaycanda isə hələ Qarabağı bir kənara qoyaq, ölkəmizin müxtəlif bölgələrində ermənilər yaşayırlar. Heç kəs onları öz evlərindən didərgin salmır və bu barədə söhbət belə gedə bilməz. Ermənilər isə Xocalının timsalında köməksiz, çarəsiz azərbaycanlılara qarşı soyqırımı reallaşdırıblar. Ona görə indi elə düşünürlər ki, azərbaycanlılar da onlara qarşı eyni addımı ata bilər. Xislətləri çürükdür, başqa cür fikirləşə bilmirlər. 
İkincisi, Ermənistan Azərbaycanın Laçın dəhlizini qapatmasının Qarabağdakı erməni varlığı üçün hansı anlam daşıdığını bilməlidir. Təsəvvür edin, dəhliz aylarla açılmır. Azərbaycan bunu edə bilər. Görünən budur ki, gec-tez edəcəkdir də. Çünki Ermənistan rəhbərliyi üzərinə düşən öhdəlikləri yerinə yetirmir, müxtəlif bəhanələrlə sülh danışıqlarından yayınır, bir sözlə, normallaşma prosesini iflic hala salır. 
Ölkəmiz Laçın dəhlizinə alternativ yolu hazır vəziyyətə gətirib. O yol Qarabağ ermənilərinin Ermənistanla birbaşa əlaqəsi üçündür. Ölkəmiz bunu 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq reallaşdırıb. Yəni öz öhdəliyini yerinə yetirib. Nəzərə alaq ki, Azərbaycan özünün erməni vətəndaşlarının, adını daşıdıqları millətin dövləti sayılan Ermənistana rahat şəkildə gedə bilmələrini təmin edir. Ermənistan isə haqqında söz açdığımız yolun öz ərazisinə düşən hissəsinin inşasını reallaşdırmayıb. Məhz buna görə əvvəlki qaydada Laçın dəhlizindən istifadə edilir. Məntiqlə İrəvan yolun tez bir zamanda çəkilməsində maraqlı olmalı idi. 
Sual yaranır: Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişini asanlaşdırmaq üçün yol çəkən Azərbaycan onların hüquqlarını daha çox düşünür, yoxsa, hələ də yolla bağlı öhdəliyini yerinə yetirməyən Ermənistan? Kimdir Qarabağ ermənilərinin həyatlarını çətinləşdirən? Sual ritorikdir, çünki cavab aydındır. 
Maraqlıdır ki, hazırda ermənilərin hüquq və azadlıqları ilə bağlı car çəkənlər üzərində dayandığımız məqamı qabartmırlar. Ancaq Azərbaycanın əsaslandırılmış şəkildə Laçın dəhlizini müvəqqəti bağlamasını Qarabağ ermənilərinin nəfəsliyinin kəsilməsi olaraq dəyərləndirirlər. Elə buradan da görünür ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm də xaricdəki ermənipərəst qüvvələr üçün onların taleyi hansısa əhəmiyyət daşımır, bununla bağlı yalnız spekulyativ məqsəd güdürlər. Məqsəd də bəllidir – Azərbaycandan Qarabağdakı erməni varlığı üçün status qopartmaq və gələcəkdə bölgənin Ermənistan ərazisinə daxil edilməsi üçün hüquqi zəmin hazırlamaq.
Bəli, Ermənistan və onun xaricdəki havadarları üçün Qarabağ ermənilərinin yaşayış tərzi, insan kimi necə ömür sürdükləri zərrə qədər də önəmli deyil. Baş nazir Nikol Paşinyan özündən əvvəlki Sarkisyan–Koçaryan cütlüyü kimi, bölgə ermənilərini ac-yalavac günə salıb. İllərdir Ermənistanın dövlət büdcəsindən bölgəyə ayrılmış vəsaitlər müxtəlif şəxslərin cibinə gedib, korrupsiya mənbəyinə çevrilib. Bunu erməni cəmiyyətinin özü də etiraf edir. İndi, guya, təəssübkeş olublar. 
Başqa bir məqama da diqqət yetirək. Qarabağ erməniləri ilə Ermənistanda yaşayan ermənilər arasında dərin uçurum var. Bunun kökü Qarabağdan olan Sarkisyan–Koçaryan xuntasından qaynaqlanır. Bu xunta Ermənistanı zəlil günə qoyduğundan, ölkə əhalisində, ümumən, Qarabağ ermənilərinə münasibətdə antipatiya hökm sürür. Onların müəyyən qismi hətta ikinciləri başlarına gələn bütün bəlaların mənbəyi kimi görür, hətta açıq nifrətlərini də bildirirlər. Yəni bu anlamda da ortada böyük hesabla təəssübkeşlikdən söhbət gedə bilməz. 
Ən əsas məqama diqqət yetirək. Ermənistan hakimiyyəti Qarabağ ermənilərini qırğına vermək istəyir. Dünya erməniliyi belə bir plandan çox istifadə edib. Bu mənada 1988-ci ilin Sumqayıt hadisələrini yada salmalıyıq. O vaxt keçmiş SSRİ-nin, eləcə də ölkənin tərkibindəki Azərbaycanın hüquq-mühafizə orqanlarına sızmış ermənilər şəhərdə qanlı qətllər törətdilər və bunu, guya, azərbaycanlıların əməli kimi dünyaya car çəkdilər. 
44 günlük Vətən müharibəsi dönəmində Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Ordusunun hərbi birləşmələri Xankəndinin bir neçə kilometrliyinə çatmışdılar. Məlumatlara görə, həmin vaxt da Qarabağ ermənilərini kütləvi şəkildə məhv etmək və bu vandalizm aktını azərbaycanlıların üstünə atmaq, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq kimi istəklər olmuşdu. Hətta qanlı əməlləri gerçəkləşdirmək üçün xüsusi desant-diversiya dəstəsi də hazırlanmışdı. Ancaq 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatının imzalanması, müharibənin dayanması onları məhv olmaqdan xilas etdi. 
Vətən müharibəsi dönəmində qaçıb Ermənistana sığınmaq məcburiyyətində qalmış ermənilərin sosial problemlərinin həlli Ermənistan hakimiyyətini çətinliyə salıb. Paşinyan administrasiyası bilmir yerli əhalinin qayğısına qalsın, yoxsa gəlmələrin. Üstəlik, haqqında az əvvəl söz açdığımız nifrət məsələsi də var. İndi Ermənistan əhalisi Qarabağdan gəlmələrə özlərinin pis güzəranlarının daha da pis günə düşməsinin baiskarı kimi yanaşır. Artıq Qarabağ erməniləri heç də paytaxt İrəvana və ölkənin hansısa başqa ərazilərinə getməyi deyil, ya Azərbaycanın yurisdiksiyası altında yaşamağı, ya da Rusiyaya köçməyi üstün tuturlar. Yəni, indiki durumda, faktiki olaraq, onlarla Ermənistan arasında mənəvi bağlılıq telləri olduqca nazikdir. Buna görə Ermənistan hakimiyyəti və dünya erməniliyi üçün bölgədə yaşayanların həyatı önəm daşımır. Paşinyan iqtidarı hesab edir ki, onların Ermənistana gəlməsi əlavə problemlər yaradacaq. Buna görə də, Stalinin “insan yoxdursa, problem də yoxdur” prinsipini əsas tutur. Deməli, insanların fiziki cəhətdən məhvi gündəmdədir. Əslində, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğu da buna görədir. Əgər tam şəkildə əmin olsalar ki, artıq bölgəyə status məsələsi mümkün deyil, ən son addım kimi qırğına əl atacaqlar. 
Dünya erməniliyi də eyni məramı güdür. Başqa sözlə, Qarabağın sıravi əhalisinə qarşı qəsd siyasətini əsas tutur. Paşinyan tez-tez çıxışlarında bildirir ki, Qarabağda Ermənistan ordusunun birləşmələri yoxdur. Çox güman, dünya erməniliyinin sponsorluğu altındakı cinayətkar dəstələri, eyni zamanda, separatçı rejimin silahlılarını öz ordusu olaraq görmür. 
Həm Ermənistanın siyasi rəhbərliyi, həm də dünya erməniliyi belə bir müştərək düşüncədədir ki, Qarabağ erməniləri Azərbaycanın yurisdiksiyası altında yaşamaqdansa, məhv olmalıdırlar. Hazırda ölkəmizin, guya, Qarabağda etnik təmizləmə, soyqırımı siyasətini reallaşdırmaq istəyini bildirilməsi isə, əslində, rəsmi Bakını, bir növ, şantaj etməkdir. Göstərmək istəyirlər ki, istənilən an bölgə əhalisini məhv edib, bunu Azərbaycanın üstünə ata bilərlər. 
Əlbəttə, Azərbaycanı belə üsullarla şantaj cəhdləri səmərəsizdir. Birincisi, Bakı dəfələrlə bildirib ki, Qarabağ ermənilərini öz vətəndaşları sayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də onların hüquq və azadlıqlarının ölkəmizin qanunları ilə qorunacağına təminat verir. Üstəlik, bu, prinsip etibarilə qəbul edilir. Bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da məsələyə məhz mövcud prizmadan yanaşdı. 
Digər tərəfdən, bölgə Azərbaycan tərəfindən kifayət qədər ciddi nəzarətdə saxlanılır. Mümkün təxribat əməllərinin ola bilmə ehtimalı da yetərincə nəzərə alınır. Buna görə də Ermənistanın manipulyasiyasının heç bir nəticəsi olmayacaqdır. 

 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 

6 Dekabr 2022 02:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə