Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Türkiyə birgə hərbi təlimi nəyə hesablanıb?

Ermənistan amili və İranın daxili gərginliyi xaricə ötürmək niyyəti

Azərbaycan və Türkiyə İran sərhədi yaxınlığında birgə hərbi təlim keçirir. Bununla bağlı ölkəmizin Müdafiə Nazirliyi tərəfindən yayılmış rəsmi məlumatda bildirilir ki, təlim iki ölkə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişdən irəli gəlir. Məlumatda o da vurğulanır ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim paytaxtımızla yanaşı, Astaranın, Cəbrayılın və İmişlinin ərazilərini də əhatə edir. Yəni sözügedən rayonların İranla sərhəd ərazilərini. 


Təlimlərin istər ərazi əhatə etmə, istərsə də cəlb olunmuş hərbi texnika və qoşun növləri baxımından kifayət qədər geniş miqyas daşıdığı diqqət çəkməkdədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Müdafiə Nazirliyi onu da bildirir ki, təlim prosesində müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icrası gerçəkləşdirilir. Burada əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təminatına, idarəetmənin təkmilləşdirilməsinə, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiyi də önə çəkilir.

İki aydan çoxdur ki, İran və Azərbaycan arasında gərginlik hökm sürür. Bundan öncə İran hərbçiləri sərhəddə təlim keçirərək, bir növ, əzələ nümayiş etdirmişdilər. Sonra Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri də eyni addımı atmışdılar. Bütün bunlar, şübhəsiz, gərginliyin fazasının müəyyənləşdirilməsi baxımından diqqəti cəlb edirdi. 
Onu da vurğulamaq lazımdır ki, İran İslam Respublikası Şirazda bir müddət öncə törədilmiş terror hadisəsində Azərbaycan vətəndaşının müqəssir olduğunu açıqlamaqla, sanki, ölkəmizdən ona qarşı terror-pozuculuq fəaliyyətinin həyata keçirildiyini demək istədi. Lakin rəsmi Tehran bu çiy təbliğatın üzərində dayana bilmədi. Çünki “ideya” həm daxildə dəstək qazanmadı, həm də məsələyə xaricdən təpkilər gəldi. 
ABŞ-ın Dövlət Departamentinin sözçüsü Ned Prays kifayət qədər açıq tərzdə bəyan etdi ki, Şiraz terrorunda Azərbaycan izlərini axtarmaq Tehranın Bakıya qarşı hərbi həmləsi üçün bəhanə xarakteri daşımaqdadır və bu baş verəcəyi təqdirdə Vaşinqton Azərbaycanın yanında olacaq. Birləşmiş Ştatlardan əvvəl isə Türkiyə ölkəmizin yanındadır. Bu, bütün hallarda sübuta yetirilmiş reallıqdır. Birgə hərbi təlimlər də deyimin təsdiqidir. 
Müdafiə Nazirliyinin açıqlaması onu deməyə əsas verir ki, Azərbaycan–Türkiyə birgə hərbi təlimləri konkret qrafikə uyğun şəkildə reallaşmaqdadır. Bu, öz yerində. Ancaq indiki məqamda təlimi aktuallaşdıran nədir? Yalnız əvvəlcədən müəyyənləşdirilmiş planmı?.. 
İlk baxışdan onu da başa düşmək mümkündür ki, Bakı hazırda Tehranla gərginliyi körükləmək istəməz. Əslində, Azərbaycan müstəqillik tarixinin heç bir mərhələsində cənub qonşusu ilə vəziyyəti mürəkkəbləşdirməkdə, yaranmış narazılığın fazasının yüksəkliyinin konkret hərəkətlərlə vurğulamaqda maraqlı olmayıb. Ancaq bunun müqabilində İrandan xoş münasibət görməyib. Onu da deyək ki, yaxın tariximizin heç bir mərhələsində İrandan Azərbaycana qarşı yönəlmiş bəyanatlar indiki qədər hədələyici olmamışdı. Bunu Azərbaycan Prezidenti  cənab İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilmiş beynəlxalq konfransda da vurğuladı: “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.
Ümumən, Azərbaycan Prezidenti son aylar anti-İran yönümlü bəyanatlara üstünlük verir. Bakının orada yaşayan soydaşlarımızın hüquqlarının təminatına xüsusi yanaşdığını diqqətə çatdırır, mövcud xüsusda ana dili kimi vacib məsələnin üzərinə gəlir. O məsələ ki, rəsmi Tehranın fars şovinizminin özəyini təşkil edir. 
İran hakimiyyətinin qeyri-farslara, xüsusən Azərbaycan türklərinə qarşı sistemli assimilyasiya siyasəti həyata keçirdiyi, bu siyasətdə vacib amilin məhz türk dilinin sıradan çıxarılması olduğu məlum həqiqətdir. Yəni cənab İlham Əliyevin üzərində dayandığı məsələ İran hakimiyyətinin daxili siyasət qayəsindən qaynaqlanır.
***
Üstəlik, Ermənistan faktorunu da unutmaq olmaz. Daha doğrusu, İran–Ermənistan yaxınlığını. Məlumdur ki, İrəvan hazırda Bakı ilə normallaşma prosesini dalana dirəyib. Əgər əvvəllər sülh gündəliyi aktual idisə, indi üfüqdə yeni müharibə perspektivi görünməkdədir. Belə bir durumda Tehran özünü necə aparacaq, maraq doğurmaqdadır. Hələ ötən günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Qarabağa) daxil olduğu barədə xəbərlər də yayılıb. Ölkəmizin Xarici İşlər Nazirliyi buna aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərib. Bütün bunlara görə Azərbaycanın sərhəddə təlim keçirməsi təbiidir. İran bilməlidir ki, Bakıya qarşı hər hansı hərbi addıma Türkiyə tərəfindən də reaksiya verilməsi mütləqdir. 
***
Daha bir məqamın üzərində dayanaq. İranı üç aydır siyasi iğtişaşlar bürüyüb. Xalq hakimiyyətdən, molla rejimindən ciddi şəkildə narazıdır. Etirazların hər an inqilaba çevrilmək təhlükəsi var. Bunu Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təmsilçisi, “Günaz TV”nin qurucusu Əhməd Obalı da vurğulayır. Cənab Obalı bu mənada maraqlı məqama toxunur. Bildirir ki, etirazlar üçüncü aya keçdikdən sonra inqilabdan danışmaq olar: “Təbii ki, etirazçıların sayı getdikcə çoxalarsa. İndi biz üçüncü aya keçmişik, amma etirazçıların sayı o qədər də çoxalmayıb. Ancaq ən azı bir mərhələ inqilaba yaxınlaşıb və bu da davam edirsə, əlbəttə ki, inqilab olacaq. Onsuz da İran rejimi əvvəlki ola bilməyəcək. Üç ay əvvələ qayıtmaq mümkün deyil, müəyyən dəyişikliklər etməyə məcburdur. İnanmıram ki, dəyişikliklər milləti qane etsin, rejimin getməsindən başqa çarə yoxdur”.
Qatı anti-Azərbaycan, antitürk ovqata malik İran hakimiyyətinin xoşluqla sistem dəyişikliyinə gedəcəyini söyləmək olmaz. Rejimin vəziyyətdən çıxmaq, daxili gərginliyi xaricə yönləndirmək istəyi baş qaldıra bilər. Başqa sözlə, İran rejiminin öz mövcudiyyətini müharibə perspektivində axtarması proqnozlaşdırılandır. Tarix belə gedişlərə az şahidlik etməyib. Azərbaycanın Türkiyə ilə birgə sərhəddə təlim keçirməsi, həm də, bu təhlükənin mövcudluğundan xəbər verir. Yəni Bakı buna qarşı da hazır olduğunu bəyan edir. 

 

Ə.RÜSTƏMOV, 
“Xalq qəzeti”

 

6 Dekabr 2022 02:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə