Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran konstitusiyası dəyişdirilə bilərmi?

İranda əhalinin kütləvi etirazlarının müəyyən nəticələr verdiyi ilə bağlı məlumatlar yayılıb. Prezident İbrahim Rəisi davam edən etirazlar fonunda 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bəyan edib. Məlumatı İranın “Al Hadas” telekanalı verib.


Rəisi deyib: “Ölkə konstitusiyasında heç bir çıxılmaz vəziyyət yoxdur. Zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər”.
Bir gün əvvəl isə İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri bildirib ki, hakimiyyət orqanları əxlaq polisini ləğv etmək qərarına gəlib. Onun sözlərinə görə, “əxlaq polisi hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün səlahiyyətli orqanlar tərəfindən ləğv edilib. Həmin qurumun məhkəmə sistemi ilə də heç bir əlaqəsi olmayıb”. Müntəziri onu da bildirib ki, yaxın vaxtlarda İran İslam Respublikasının parlamenti və məhkəmə sistemi hicab taxmaq qaydalarına da yenidən baxacaq.
Lakin dünən günün sonunda İranın Ədliyyə Nazirliyi onlarda əxlaq polisinin ləğv olunması ilə bağlı heç bir qərarın olmadığını bildirib. İran polisi də məsələ ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, bir müddət əvvəl 22 yaşlı Məhsa Əmini məhz hicab qaydalarına əməl etməmək bəhanəsi ilə əxlaq polisi tərəfindən həbs edilərək öldürülmüşdü.
İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi Təxmini isə bəyan edib ki,  etiraz aksiyalarının davam etdiyi iki ay yarım ərzində dövlət və özəl müəssisələrə, avtomobillərə və mənzillərə 17 trilyon rial (təxminən 405 milyon dollar) ziyan dəyib. Onun sözlərinə görə, aksiyalar zamanı mağazalar və restoranlar ya talan edilib, ya da yandırılıb. Dəymiş ziyanla bağlı hesablamalar Sistan və Bəlucistan istisna olmaqla, bütün əyalətlərdə aparılıb. Bəlucistanın Zahidan şəhərinə dəyən ziyan son dərəcə böyük olduğundan burada daha sonra hesablama aparılacaq.
“Mehr” agentliyi isə bildirib ki, son günlərdə İranda daha 4 nəfər edam olunub. Onlar İsrail Xarici Kəşfiyyat Xidməti (MOSSAD) ilə əməkdaşlıqda ittiham olunurlar.
ABŞ-ın dövlət katibi Entoni Blinken isə ABŞ administrasiyasının İran və Çində insanların dinc etirazlarda iştirak hüququnu dəstəklədiyini, əvvəllər etirazlarla əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq olunduğunu bəyan edib.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

6 Dekabr 2022 02:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə