Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhməd Obalı: İran rejiminin birinci düşməni türklərdir

Azərbaycan Mətbuat Şurasında Cənubi Azərbaycanın milli fəalı, beynəlxalq “Günaz TV” kanalının rəhbəri, tanınmış güneyli mühacir Əhməd Obalı ilə keçirilən görüşdə çoxmilyonlu soydaşlarımızın və din qardaşlarımızın yaşadığı qonşu İranda son aylarda ara verən iğtişaşların, kütləvi qarşıdurmanın səbəbləri, xarakteri və inkişaf proqnozları dinləmə və müzakirələrin əsas mövzusu oldu.


Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Güney Azərbaycanda milli haqlar uğrunda fəal mübarizə apardığına görə zindana salınmış, uzun illərdən bəri müxtəlif ölkələrdə ağır mühacir həyatı yaşamış Əhməd Obalının rəhbərlik etdiyi “Günaz” telekanalının İranda baş verən hadisələr barədə əhatəli informasiya qaynağı olduğunu bildirdi. Ölkəmizdə İrandakı iğtişaşlarla bağlı məlumat qıtlığı duyulduğuna görə belə bir görüşün faydalı fürsət olduğunu söyləyən AMŞ sədri görüşə toplaşmış media qurumları təmsilçilərini fəal diskussiyaya dəvət etdi.
Beynəlxalq aləmdə mötəbər iranşünas ekspert kimi tanınan “Günaz TV”-nin rəhbəri Əhməd Obalı qonşu ölkədə son 3 ayda baş verən proseslər, orada yaşayan soydaşlarımızın həmin proseslərdə iştirakı, İslamda hakim rejimin müstəqil Azərbaycan dövlətinə qarşı artan düşmənçilik fəaliyyəti barədə ətraflı açıqlama verdi. Güneyəsilli həmkarımız İranın ölkəmizə qarşı artan informasiya təxribatları şəraitində Azərbaycan mediasının diqqət yetirməli olduğu məqamlara da aydınlıq gətirdi. 
Görüşdə redaksiyamız adından səslənən sual belə oldu: “İranda baş verən hadisələr beynəlxalq aləmdə yaxınlaşan növbəti inqilab kimi də nəzərdən keçirilir. İnqilablar üçün xalqın ayağa qalxması ilə yanaşı, yuxarı təbəqələrin də onlara qoşulması zəruridir. Bu baxımdan İranda “yuxalar”ın hərəkətə gəlməsi nəzərə çarpmaması nə ilə bağlıdır?” 
“Günaz TV” rəhbəri bildirdi:
– İranda təkcə kütlə deyil, milli haqları tapdalanan azərbaycanlılar, kürdlər, ərəblər və digər etnik azlıqlar da ayağa qalxıblar. İnsanlıq haqları hicabla alçaldılan bütün ölkə qadınları da ön sıralardadırlar. Hadisələrdə milli fəallar yönləndirici rol oynayırlar. Hakim rejim baş verənləri düşmən ölkələrin təxribatı kimi qələmə verib xalqı qorxudur, siyasi və hərbi elitanın narazı kəsiminin xalqı dəstəkləməsinə mane olur. 
Burada əsas ağırlıq milli fəalların üzərinə düşür. Onlar xalqı düzgün istiqamətləndirməklə mübarizənin ədalətli olduğuna inam yaradırlar. Hadisələrin davamında yuxarıların islahatçı kəsiminin xalqa qoşulması qaçılmazdır. İranda aşağılar da, yuxarılar da feodal qaydaları ilə yaşamaq istəmirlər. Hadisələrin əsas səbəbi və hərəkətverici qüvvəsi də bax, budur.
Görüşdə İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından da söz açılıb. Bu təbliğatın illərdir davam etdiyi, onun İran hakimiyyətinin bu sahədəki direktivlərinə əsaslandığı vurğulanıb. Belə xoşagəlməz meyillərin son aylarda daha da artmasının Azərbaycanın apardığı müstəqil siyasət, bölgədəki nüfuzu ilə bağlı olduğu vurğulanıb.
Sonda Əhməd Obalı Azərbaycan jurnalistlərinin suallarını cavablandırdı, onlara qısa müsahibələr verdi. Fürsətdən istifadə edib, görüşdən sonra redaksiyamızın köhnə dostundan ayaqüstü müsahibə də aldıq.
– Əhməd bəy, redaksiyamızdakı dostlarınızın salamını çatdırırıq. Budəfəki səfərinizdə işğaldan azad edilmiş Arazboyunda oldunuz, Xudafərin körpülərini ziyarət etdiniz. Bu nə ilə bağlıdır?
– Mən gənclik illərindən Savalanın quzeyindəki doğma Meşkin şəhərini, canımdan çox sevdiyim Güney Azərbaycanımı tərk etməyə məcbur olmuşam. Zindandan xilas olub xaricə getməsəydim, yəqin ki, aqibətim çoxsaylı milli fəallar kimi, dar ağacı olacaqdı. Arazqırağına getməkdə məqsədim işğaldan azad olunmuş bölgə ilə yanaşı, Güneylə Quzeyin bir məmləkət olduğunun tarixi yadigarı olan Xudafərini ziyarət etmək idi. İnşallah, Xudafərinin o taydan da azadlığa qovuşacağı günə çox qalmayıb. Araz, Xudafərin ikiəsrlik ayrılıq dövründə təkcə həsrət ağrısını ifadə etməyib, həm də birliyə, vahidliyə inam yaradıb, ümid qaranlıqlarına işıq salan məşəl olub. 
Mən Xudafərindən yaxınlaşan xoş gələcəyə ümidlə nəzər saldım. İşə bir baxın ki, ötən iki əsrdə Arazqırağının mühafizəsini rus-sovet sərhədçilərinə, son 30 ildə isə erməni işğalçılarına etibar etmiş İran tərəfi Azərbaycan bu bölgəyə nəzarət etməyə başlar-başlamaz o taya qoşun yığdı. Bu, İran rejiminin türk soyuna qarşı düşmən münasibətini göstərən daha bir sübutdur.
– Görüşdə söylədiyiniz sübutlardan biri hamımızı dəhşətə gətirdi. Sən demə, konstitusiyada ölkə xalqlarına verilmiş mədəni hüquqların heç birini ötən 40 ildə təmin etməyən hakim dini rejim son illərdə yeganə farsdilli məktəblərə türk uşaqların qəbulu üçün onların fars dilini ana dili səviyyəsində bilməsi tələbini qanuniləşdiribmiş...
– Bu, tarixdə görünməmiş bir rəzalətdir. Bu o deməkdir ki, türk analar özləri də fars dilini ana dili səviyyəsində bilməli və balalarını da fars dilində tərbiyə etməlidirlər. Əks halda, türk uşaqlar farsdilli məktəblərə qəbul edilmirlər. Bu milli zülmün son həddidir. Bu, kütləvi milli-mədəni soyqırımı siyasətidir. Bu o deməkdir ki, ölkədə yaşayan türkdilli əhali öz dilini unudub kütləvi surətdə farslaşmalıdır. Bu, İranın farsdilli dövlətə çevirmək xəttinin yeni mərhələsidir. 
İranda 30 milyondan çox azərbaycanlının hüquqları tapdalanır. Vaxtilə Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu hal daha da güclənib. İranda ana dilimizdəki kitabları yığıb yandırıb, müəllimlərimizi öldürüblər, onlara zülm ediblər. Dini rejim isə İranda milli zülmü bax, belə dözülməz həddə çatdırıb. Biz də istəyirik ki, Allah adından, din pərdəsi altında gerçəkləşdirilən bu zülmə son qoyaq.
Bu zülmün son həddə çatmasıdır İranda xalqları ayağa qaldırıb ölüm-dirim mübarizəsinə qaldıran. Bu mübarizədə geriyə yol yoxdur. İran dövlətinin birinci düşməni otaylı-butaylı Azərbaycan xalqıdır. Axı türkdilli əhali bu ölkənin ən qədim və ən böyük xalqıdır. Özünü şiə məzhəbinin himayədarı adlandıran dövlət şiə türkləri niyə əzmək, yox etmək istəyir? İran rejimi həm də özünü İslam dinin sahibi kimi aparır. Lakin ikinci düşmən ərəb xalqları və ölkədə yaşayan ərəblərdir. Rejim düşməni kənarda yox, özündə axtarmaq əvəzinə, haqqını tələb edənləri məhşərə çəkir. Amma bu cəzalar da faydasızdır. Ayağa qalxmış kütləni heç bir cəza qorxutmur. Bu da rejimin sonu deməkdir.
– Ölkədəki ədalətsizliyə qarşı xalqın qiyamını saya salmayıb, Azərbaycanı düşmən kimi qələmə verməyin məntiqi nədir?
– Məntiq Azərbaycanın da türkdilli ölkə olması, üstəlik, müstəqil dövlət qurmasıdır. Əgər dünyada türk yaşayan bircə qarış torpaq müstəqildirsə bu İran dövləti üçün təhlükədir. Odur ki, regionda Azərbaycana qarşı ən çox düşmənçiliyi İran edir. Prezident İlham Əliyev bir neçə dəfə cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verib. Bu, biz cənubi azərbaycanlılar üçün çox önəmlidir. Biz hər hansı kənar qüvvələrin işimizə qarışmasını istəmirik. İstəməmişik ki, İran rejimi bizim mübarizəmizi bəhanə edib Azərbaycana, Türkiyəyə qarşı düşmənçilik etsin.
– Əhməd bəy, İran rəhbərliyi baş verənlərə pərdə çəkdiyinə görə ölkəmizdə Güney hadisələri barədə informasiya qıtlığı duyulur. 
 – “Günaz TV” hadisələri davamlı və əhatəli şəkildə işıqlandırır, qaynaqlarımız genişdir. “Günaz TV”-ni izləyin. Görünür, İran hadisələrini əks etdirən hansısa informasiya mərkəzinə də ehtiyac var. 
– Xoş günlərdə görüşənədək.

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

6 Dekabr 2022 01:54 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə