Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnformasiya təhlükəsizliyi strateji vəzifədir

6 Dekabr rabitəçilərin peşə bayramıdır

Dövlət orqanlarının, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə çox mühüm bir vasitədir.
HEYDƏR ƏLİYEV
Ümummilli lider


Bu gün informasiya insan, maliyyə, maddi resurslarla yanaşı, ən vacib strateji idarəetmə mənbələrindən biri sayılır. Əbəs yerə deyil ki, informasiyanın istehsalı və istehlakı ictimai həyatın müxtəlif sahələrinin səmərəli fəaliyyət göstərməsi və inkişafı üçün zəruri amil hesab edilir. Bununla yanaşı, sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları məlumatların istehsalı və onun ötürülməsi mexanizmlərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini də aktuallaşdırır. Xüsusilə də qloballaşan dünyada informasiya istənilən ölkənin milli təhlükəsizliyinin getdikcə daha vacib komponentinə çevrilir və bu da dövlətləri bu resursa ciddi diqqət yetirməyə və informasiyanın təhlükəsizliyini təmin etməyə sövq edir. Azərbaycanda bu məsuliyətli və şərəfli işi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti həyata keçirir. Ölkəmizin mühüm resurslarının – rabitə və informasiya–kommunikasiya texnologiyaları ehtiyatlarının səmərəli idarəçiliyi bu gün dövlət strukturlarının qarşısında dayanmış strateji əhəmiyyətli tapşırıq və vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır.


“Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır”


Ümummilli lider Heydər Əliyev rabitənin və informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətini hər zaman yüksək qiymətləndirmiş, bu sahədə inkişafa nail olmaq üçün ardıcıl addımlar atmışdır. Bu gün Azərbaycanda mobil rabitənin yüksək səviyyəsi də məhz ulu öndər Heydər Əliyevin siyasətinin bəhrəsidir. Böyük ictimai-siyasi xadimin Azərbaycana rəhbərliyi dövründə ölkədə rabitənin inkişafına xüsusi diqqət və qayğı göstərmiş, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilmişdir. “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” ─ deyən ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün qlobal rabitə sistemində öz layiqli yerini tutmuşdur. Əlbəttə, ölkədə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı mövcud reallıqları və xüsusiyyətləri nəzərə alaraq, hazırlanmış və təsdiqlənmiş strategiya əsasında həyata keçirilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün məqsədyönlü addımlar atılır. 


Etibarlı rabitə uğurlu idarəçiliyin əsasıdır


Dövlət idarəçiliyinin əsas məqsədi idarəetmə subyekti və obyekti arasında münasibətlərdə baş verən proseslərin optimal təşkilini və strukturlaşdırılmasını, idarə olunmasını, əlaqələndirilməsini və tənzimlənməsini təmin etməkdir. Bu məsələdə etibarlı rabitə-kommunikasiya sisteminin yaradılması və informasiya təhlükəsizliyinin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Hazırda bu mühüm vəzifələrin yerinə yetirilməsində 2020-ci il martın 16-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti səmərəli rol oynayır. Dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirən Dövlət Xidməti, həmçinin dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılmasını da reallaşdırır. Bu sahədə qabaqlayıcı tədbirləri həyata keçirən Dövlət Xidməti kibertəhlükəsizliyin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki kömək göstərir. 
Göründüyü kimi, səmərəli rabitə-kommunikasiya sistemlərinin yaradılması, eyni zamanda, informasiya təhlükəsizliyinin təmin edilməsi kimi strateji vəzifələri yerinə yetirən Dövlət Xidməti uğurun açarı hesab edilən effektiv idarəetmə siyasətinin mühüm subyektidir. 


Qələbə həm də etibarlı rabitə xidmətindən asılıdır


Müsahibimiz Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bildirdi ki, rəhbərlik etdiyi dövlət qurumu Vətən müharibəsində Zəfərin əldə edilməsinə öz vəzifəsinin öhdəsindən məharətlə gəlmişdir. O, marşal Georgi Jukovun müharibədə rabitənin əhəmiyyəti ilə bağlı kəlamını yada salır: “Rabitəsiz idarəetmə, idarəetməsiz isə qələbə yoxdur”. Bütün zamanlar üçün keçərli olan bu kəlamda böyük uğurun açarı gizlənir. İkinci Qarabağ müharibəsi başladığı andan etibarən Dövlət Xidməti Müdafiə Nazirliyini, Sərhəd Qoşunlarını, Dövlət Təhlükəsizliyi Xidmətini və döyüş bölgəsində yerləşən digər aidiyyəti qurumları və qərargahları etibarlı xüsusi rabitə, internet, data xidmətləri ilə təmin etməklə yanaşı, dövlət informasiya sistemlərini kiber hücumlardan qorumaq üçün fasiləsiz iş rejiminə keçmiş, qarşıya çıxan problemləri operativ aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görmüşdür. Həmsöhbətimiz diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsi ərəfəsində etibarlı şifrəli rabitənin yaradılması üçün təmas xəttinə yaxın ərazilərdə xeyli sayda TETRA baza stansiyası quraşdırılmış, operativ idarəetmənin təşkili üçün döyüş bölgələri yaxınlığında yaradılmış qərargahlara optik kabellər çəkilərək, xüsusi təyinatlı rabitə xidmətlərinin verilməsi təmin edilmişdir.
Müasir müharibələrin və hərbi münaqişələrin təhlili göstərir ki, qarşı tərəflər silahlanma sahəsində perspektivli ixtiraları geniş və təxirəsalınmadan tətbiq edirlər. Son müharibələrdə informasiya, telekommunikasiya, avtomatlaşdırılmış sistemlərin rolu artmış, qələbəyə nail olmaq üçün onlardan istifadənin forma və üsulları  təkmilləşdirilmişdir. Dövlət Xidməti rəisinin sözlərinə görə, müasir şəraitdə hərbi əməliyyatlar teatrında qoşun və zərbə qruplarının idarə edilməsində rabitə sisteminin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan Vətən müharibəsində döyüşlərin davam etdiyi dövr ərzində Dövlət Xidməti döyüş bölgələrində xüsusi rabitənin təmin edilməsi üçün onlarca TETRA baza stansiyası döyüş bölgələrində istifadəyə vermiş, döyüşün idarə olunması üçün zəruri olan əlavə çox sayda xüsusi şifrəli radiostansiya ilə təchizat və loqistika sahəsində mövcud çətinliklərə baxmayaraq, ölkəmizə çatdırılmasını təmin edərək güc strukturlarının istifadəsinə təqdim etmişdir. 
İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayanmış strateji tapşırıqların yerinə yetirilməsində ölkəmizin peyk sənayesinin potensialından da yüksək səviyyədə istifadə edilmişdir. İ.Musayevin sözlərinə görə, Vətən müharibəsi başladığı andan etibarən rəhbərlik etdiyi Dövlət Xidmətinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin çox faydalı əməkdaşlığı sayəsində “Azərkosmos” Səhmdar Cəmiyyətinin, mobil operatorların və internet provayderlərin texniki imkanlarından və resurslarından döyüş bölgələrində operativ əlaqələrin yaradılması üçün geniş istifadə olunmuşdur. 


Müharibə bitsə də...


Dövlət Xidmətinin rəisi ilə söhbətimizdə o, diqqət çəkən statistik rəqəmləri də açıqladı: 44 günlük Vətən müharibəsi müddətində Xidmət tərəfindən dövlət informasiya sistemlərini hədəf alan 3000-ə yaxın kiberhücumun qarşısı alınmışdır. Lakin hazırda ön cəbhədə müharibənin bitməsi elan olunsa da, arxa cəbhədə hibrid müharibənin digər elementi olan kiber müharibə müxtəlif həssas dövrlərdə intensivlik göstərsə də, ümumilikdə, fasiləsiz olaraq daim davam edir. Belə ki, cari il avqustun 3-də həyata keçirilən “Qisas” antiterror əməliyyatlarından sonra düşmən 7 kiberqruplaşma ilə birgə ölkəmizin 15-i dövlət qurumu olmaqla, ümümilikdə, 72 informasiya resursuna intensiv DDOS kiberhücumlar həyata keçirmişdir. İ.Musayevin sözlərinə görə, hədəf kimi seçilən 15 dövlət qurumundan AzStateNet şəbəkəsini istifadə edən 11 dövlət qurumunda görülmüş qabaqlayıcı tədbirlər nəticəsində fasiləsiz fəaliyyət təmin olunmuşdur. Dövlət Xidmətinin rəisi bildirdi ki, hazırda Azərbaycanda kibertəhlükəsizlik sahəsində işlərin gücləndirilməsi üçün ciddi tədbirlər görülür. 
Müsahibimizin sözlərinə görə, Vətən müharibəsində və sonrakı dövrdə erməni təxribatları da göstərir ki, kibertəhlükəsizlik sahəsini gücləndirmək zəruridir. İstər aktiv müharibə günləri olsun, istər sülh dövrü fiziki müharibədən fərqli olaraq kibersahədəki müharibə, təhdidlər və kiberhücumlar fasiləsiz olaraq dövlətləri, şirkətləri, eləcə də vətəndaşları hədəf almaqda davam edir.
Dövlət Xidməti tərəfindən son üç rüb ərzində aparılan   informasiya təhlükəsizliyi auditləri nəticəsində 380 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları ─ nöqsanları aşkarlanmış və aradan qaldırılması üçün hesabatlar hazırlanaraq tövsiyələrlə bərabər müvafiq qurumlara təqdim edilmişdir. Bu dövr ərzində Xidmət tərəfindən qeydə alınmış, eyni zamanda, dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların təhlili nəticəsində 778 kiberhücum indikatoru müəyyən edilmiş və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş yüzlərlə APT kiberhücumlarının qarşısı alınmışdır. 
Bununla yanaşı, eyni dövr ərzində kiber-kəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 40 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısının alınması ilə hakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında dövlət qurumları adından istifadə edilməsi planları pozulmuş və kiberhücum cəhdləri qabaqlanmışdır. 3-cü rüb ərzində Xidmət tərəfindən dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə AzstateNet dövlət şəbəkəsində 81 milyon zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 873 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sisteminin köməyi ilə bloklanmışdır. Eyni zamanda, 732 min zərərverici tərkibli elektron poçt, 83 min virus tərkibli sənəd isə xüsusi “Sandbox” fayl analizi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq, onların  dövlət qurumlarına göndərilməsinin qarşısı alınmışdır. Müsahibimiz bildirdi ki, bu işin davamlı aparılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlər həyata keçirilir. Xidmət rəisinin sözlərinə görə, dövlət qurumlarına yönəlmiş kiberhücumlar daim nəzarətdə saxlanılır, onlar təhlil edilir və qarşısının alınması üçün tədbirlər görülür.
İ.Musayev müsahibəsində daha bir maraqlı məqama toxundu. Bildirdi ki, sistemlərə edilən kiberhücumlar hakerlərdən daha böyük enerji bilik və resurs tələb etdiyindən, belə sistemlərin istifadəçilərini hədəf almaq həm kütləvilik baxımından daha az maliyyətli, eyni zamanda, mürəkkəblik  baxımından da hakerlər üçün daha asan başa gəlir. Bu baxımdan yeni nəsil texnologiyaların tətbiqi ilə yanaşı, son istifadəçilərimizin də informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması və nümunə kiberhücumların simulyasiya ilə onların belə hücumlara hazırlıq səviyyəsinin yüksəldilməsi çox vacibdir.
Dövlət Xidmətinin rəisi söhbətində bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə 2023 – 2026-ci illər üçün Azərbaycan Respublikasının Milli Strategiyası layihəsi hazırlanmışdır və layihənin cari ilin sonunadək  təsdiqi gözlənilir. 


Daha uğurlu sabahlara...


Dekabrın 6-sı Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır. Ötən müddətə nəzər yetirdikdə aydın görmək olur ki, ölkəmizin rabitə-kommunikasiya sistemləri böyük inkişaf yolu keçmişdir. İ.Musayevin sözlərinə görə, bu sahənin davamlı  inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, qazanılan nailiyyətlər Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla yanaşı, dövlət başçısının  informasiya cəmiyyətinə göstərdiyi xüsusi diqqət və qayğının real təzahürüdür. Buna görə də, qalib ölkənin rabitəçiləri və informasiya təhlükəsizliyi işçiləri ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı, eləcə də səmərəli informasiya cəmiyyətinə xas mühitin daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməli, ölkəmizin İKT sahəsində əldə etdiyi uğurların inkişafına çalışmalıdırlar. 
Bu mənada peşə bayramını qeyd edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də qarşısında göstərdiyi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi, dövlət qurumları üçün ən etibarlı təhlükəsiz rabitə xidmətinin yaradılması, eləcə də xidmətin daha da təkmilləşdirilməsinə yönəlmiş yeni formaların axtarışı da daxil olmaqla, çox mühüm vəzifələr durur. Dövlət Xidməti rəisinin sözlərinə görə, rəhbərlik etdiyi qurumun fəaliyyəti və əldə etdiyi nəticələr belə deməyə əsas verir ki, Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi işi bundan sonra da yüksək səviyyədə davam etdiriləcəkdir.
“Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilmişdir. Əminəm ki, bu sahənin inkişafı bundan sonra da yüksək templərlə davam edəcəkdir”, – deyən İ.Musayev müsahibənin sonunda bütün rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.

 

Müsahibəni apardı:
Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

6 Dekabr 2022 01:35 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə