Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəsləsən, atlas olar tut yarpağından...

Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün bir sıra əlamətdar qərarlar qəbul olunub. Bu sıradan ilk olaraq Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” elementi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.


Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev baramaçılıq, ipəkçilik və toxuculuq sənətinin Azərbaycan mədəniyyətində qədim tarixi kökə malik olduğunu bildirib, nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə yuxarıda adları çəkilən ölkələrə minnətdarlığını ifadə edib.
Bu məqamda qeyd edək ki, müxtəlif mənbələrdə Azərbaycanda baramaçılığın tarixinin V əsrdən başlandığı bildirilib. Həmçinin XII əsrdən etibarən Azərbaycan ipəyinin Böyük İpək yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunması qeyd edilib. XVII əsrin 30-cu illərində isə Azərbaycana səfər edən Adam Olearinin verdiyi məlumata görə, ölkəmizdə hər il ­10-20 min tay xammal toplanılıb. 
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş isə ötən əsrin 70-ci illərinə təsadüf edib. Həmin dövrdə respublikamıza rəhbərlik edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” (1971-ci il 3 mart) qərar qəbul olunub. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirib və respublikada barama tədarükünün 36,1 faiz artmasını şərtləndirib. Yeri gəlmişkən, o zaman respublikamız barama istehsalına görə keçmiş SSRİ-də Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tutub.
Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin bütün mərhələlərində ölkədə baramaçılığın inkişafının dəstəklənməsini daim diqqət mərkəzində saxlayıb. Ölkə rəhbəri bu sahəni kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, bununla bağlı 2017-ci il 27 noyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 
Qeyd edək ki, 2025-ci ilə qədər ölkə üzrə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulan həmin proqramda bildirilir ki, son dövrlərdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafı yeni keyfiyyət mərhələsinə yüksəlib. Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu nəzərə alınaraq, 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanılıb. Görülən tədbirlər nəticəsində yaş barama istehsalı ildən-ilə artıb. 
Proqramda, həmçinin vurğulanır ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb. 
Burada onu da vurğulamaq yerinə düşər ki, hazırda Şəki şəhərində “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC fəaliyyət göstərir. İllik istehsal gücü 3 min ton yaş barama istehsalı olan müəssisədə kəlağayı, şərf, xam ipək, xalça və s. məhsulların istehsalı həyata keçirilir. 
Son illərdə respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində də mühüm tədbirlər gerçəkləşdirilib. Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, həmçinin çoxaldılması işlərinə başlanılıb. 
Sonda qeyd edək ki, ölkəmizdə yaş barama istehsalının artıq dövlət tərəfindən subsidiyalaşdırılmasına başlanılıb. Cari ildən yaş barama tədarükünə görə, dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Belə ki, mövsümdə kümçülər tərəfindən barama kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verilib. Əlavə olaraq hər kiloqram barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödənilib. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alıb. 

 

V. Binyətoğlu, “Xalq qəzeti”

6 Dekabr 2022 01:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə