Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaşıl” zonadan “yaşıl enerji”yə keçid

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin bərpaolunan enerji mənbələri üzrə yüksək potensialının reallaşdırılması ilə bağlı respublikamızda münbit investisiya mühiti yaranıb. Artıq bununla əlaqədar xarici investisiyaların cəlbi istiqamətində danışıqların aparılmasına, müqavilələrin imzalanmasına başlanılıb. 


Dövlətimizin başçısının noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edərkən, söhbət zamanı bu barədə ətraflı danışılıb, ikitərəfli əlaqələr çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, bu əsasda BƏƏ-nin aparıcı şirkətlərindən olan “Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsinin önəmi vurğulanıb. 
Ölkə rəhbəri cari il Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında da respublikamızın bərpaolunan enerji gücü haqqında danışarkən, Xəzər dənizinin Azərbaycan sektorunun bu sahədə ehtiyatının 150 min giqavatt, işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min giqavatt təşkil etdiyini bildirib.
Dövlətimizin başçısı daha sonra deyib: “Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə – bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.
Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri Günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik”.
Xatırladaq ki, Prezident İlham ­Əliyev Azərbaycan Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında investisiya müqaviləsinə dair Birbaşa Razılaşmanı 2 noyabr 2022-ci il tarixli sərəncamla təsdiqləyib. Bu sənəd “Qoyuluş gücü 230 MVt olan Günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” dövlətimizin başçısının 2021-ci il 2 aprel tarixli sərəncamının icrasını təmin etmək məqsədi daşıyıb. 
Qeyd edək ki, adıçəkilən sərəncamlarda yaxın 1,5 il ərzində Bakının Qaradağ rayonunda 230 meqavatt gücündə Günəş Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. Onu da deyək ki, bu layihənin investisiya dəyəri 225 milyon dollar təşkil edir.
Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Günəş Elektrik Stansiyasının tikintisi layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” hələ ötən ilin aprel ayında imzalanıb. Ekspertlər tərəfindən bu stansiyanın qurulması Azərbaycanda alternativ enerji potensialının reallaşdırılması istiqamətində növbəti addım kimi dəyərləndirilib. 
Prezident İlham Əliyev stansiyanın tikintisi ilə bağlı çıxışlarının birində bildirib ki, xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərdən biridir: “Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır”.
Sonda onu da qeyd edək ki, Azərbaycanla “Masdar” şirkəti arasında bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə indiyədək dörd anlaşma memorandumu imzalanıb. İmzalanan sənədlər çərçivəsində Qaradağ rayonunda Günəş Elektrik Stansiyasının tikintisi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da “yaşıl” və təmiz enerji mənbələrinin işlənməsi nəzərdə tutulub. 
Kəlbəcər–Laçın zonasında 100 meqavatt gücündə Külək Elektrik Stansiyasının tikintisi planlaşdırılır. Eyni zamanda xarici investisiyalar hesabına regionda Günəş enerjisini inkişaf etdirmək də qarşıda mühüm vəzifə kimi durur.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

6 Dekabr 2022 01:16 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə