Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa İngiltərə ilə qarşılaşacaq

Mundialın bazar günü keçirilən Fransa – Polşa və İngiltərə - Seneqal matçları da son dərəcə maraqlı keçdi. Dünya çempionatları tarixinə bir çox sensasiyaları ilə düşəcək Qətər turnirinin bu mərhələsində hələ ki, sensasiya qeydə alınmayıb. Çünki hər iki matçın favoriti bəlli idi.  “Five Thirty Eight” super kompüteri Kilian Mbappe başda olmaqla “xoruzları” 82 faiz, ikinci cütdə Qaret Sautqeytin komandasını isə bir qədər az – 68 faizlə dekabrın 4-də keçirilən matçların favoritləri kimi göstərirdi.  Fransızların oyuna öz hazırki titullarını qoruyub saxlamaq üçün çıxmaları bəlli idi. Polyaklar isə 4 il əvvəl heç pley-off mərhələsinə yüksələ bilməmişdilər, hətta 1986-cı ildən bəri bu komanda top-16-ya belə düşmürdü.  Bu çempionatda isə bir addım irəli çıxa bildilər. 


Bəri başdan qeyd edim ki, matçın ilk dəqiqələrindən polşalıların  bu oyunda dünya çempionlarına rəqib ola bilməyəcəkləri tam aydın görünürdü. Argentina ilə qrup mərhələsinin son turunda tam müdafiəyə qapanan polyaklar, bu dəfə bir qədər hücum futbolu nümayiş etdirmək və rəqibi öz meydanında qarşılayıb güclü pressinq etməyə çalışırdılar. Əks hücumlarda isə Çeslav Mixneviçin yetirmələri çox primitiv oynadıqlarından Llorisin qapısı qarşısında elə ciddi bir təhlükə yarada bilmirdilər. 
Amma fransızlar Mbappe və sol kənar müdafiəçisi Teo Ernandes kimi sürətli oyunçularla çox asanlıqla polyakların cərimə meydançasına daxil ola bilirdilər. Didye Deşamın komandası ötürmələrdə son dərəcə dəqiq və effektli idi. Matçın asan olacağına ümid bəsləyən “xoruzlar” məsələnin ciddi olduğunu anlayandan sonra Şesninin qapısına təyziqi artırdılar. Hesabı 44-cü dəqiqədə Kilin Mbappedən əla ara ötürməsi alan Fransa millisinın forvardı Olve Jiru açdı. Beləcə, Jiru bu qolu ilə Fransa millisində ən çox top vuran oyunçu kimi adını yığma komandanın tarixinə yazdırdı. Ona qədər bu taxtda oturan  51 qolla Terri Anri idi. Amma bu oyunda dubl edən Kilian Mbappe ki, belə sürətlə gedir, yəqin Jiru rekordçu pilləsində çox qala bilməyəcək. Yeri gəlmişkən, fransızların qapıçısı Uqo Lloris də keçmiş komanda yoldaşı  Lilian Tyuramın rekordunu təkrarladı. İndi qolkiper  millidəki matçların sayına görə Tyuramla birinci  yeri bölüşür. 
Polyaklar bu hissədə ümumiyyətlə, heç nə ilə yadda qalmadılar. Standart vəziyyətlərdə yaxşı oyun nümayiş etdirən Levandovskinin komandası bu matçda əlinə düşən belə fürsətlərdən də yararlana bilmədi. Bundan sonra fransızların sırasında Kilian Mbappe sözün deməyə başladı. Polyakların növbəti hücumundan sonra əks hücuma çıxan fransızlar topu Dembeleyə atdılar. Osman sol kənarda ötürmə gözləyən  Mbappeni görməyə bilməzdi. Topu düz onun ayağına atdı.  Forvard iki hərəkətdən sonra özünün möhtəşəm qövsvarı zərbəsi ilə, bu çempionatda iki 11 metrlik zərbəni dəf edən polyak qapıçısını çarəsiz qoydu. Fransa 2-0 irəli çıxsa da, hücumları dayandırmadı. Matça əlavə edilmiş vaxtın elə birinci dəqiqəsində yenə Mbappe əla ötürmə aldı və birincidən də möhtəşəm bir qol vurdu. Polyaklar heç olmasa, təsəlli qolu vurmaq üçün ciddi cədlər göstərirdilər. Matçın 99-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsi ilə bu şansı qazandılar və Levandovski yalnız ikinci cəhddən sonra topu Llorisin qapısından keçirə bildi. Birinci cəhddə Lloris vaxtından əvvəl qapı xəttindən irəli çıxıb topu tuta bilmişdi. 
Matçın bitməsi ilə Polşa millisinin bu mundialdakı çıxışları da başa çatdı. 
Bazar gününün ikinci maraqlı matçı artıq “pley-off”a yüksəlmələri ilə sensasiyaya möhür vuran Seneqal millisi ilə İngiltərə matçı oldu. Bu matçdan əvvəl “The Telegraph” nəşri xəbər verirdi ki, İngiltərə millisi Qətər mundialında zəfər çalacağı təqdirdə  futbolçuların hər biri  490 min avrodan 550 min avroya qədər mükafat alacaq. Qaret Sautqeytin komandasının bonus qrafiki var, mundialdakı hər qarşılaşmada qazandıqları qələbəyə görə mükafatları artır. Növbəti bonusun məbləği  Seneqalla matçın nəticəsindən asılı olacaqdı. 
Doğursu, bu matçın nəticəsi mənə görə elə də ədalətli olmadı. Oyunun ilk 38 dəqiqəsi Seneqal komandası matçın yaxşısı idi. Bu dəqiqələrdə Pikfordun qoruduğu qapıya seneqallılar bir neçə dəfə təhlükəli hücumlar təşkil etdilər. 32-ci dəqiqədə hətta Dia qapı meydanının küncündən çox təhlükəli zərbə endirdi və Cordan Pikfor möcüzə sayəsində qapısını xilas etdi. 
Seneqalın tam üstünlüyü davam etdiyi bir məqamda onlar qapılarında qol gördülər. İngilislər bir neçə ötürmə ilə əks-hücuma keçib Cordan Hendersonun qolu ilə irəli çıxdılar. Bundan sonra oyun daha açıq və gərgin xarakter aldı. Birinci hissə başa çatmamış ingilislər ikinci topu Seneqalın qapısından keçirdilər. Bu dəfə kapitan Keyn fərqləndi və yenə onlar seneqallıları kəskin əks-hücumda yaxaladılar. Bu, Keynin Qətər mundialında birinci qolu oldu. Buna qədər forvard İranla ­matçda iki, Uelslə oyunda isə bir məhsuldar ötürmə vermişdi. İndi Keyni İngiltərə millisinin keçmiş ulduzu və ən yaxşı bombardiri  Ueyn Runidən cəmi bir top ayırır. Eks-forvardın DÇ-də 53 qolu var. Belə getsə, Keynin Runiyə çatması elə də gec olmayacaq. Əlbəttə, əgər Fransa millisi növbəti turda onun komandasını mundialdan kənarlaşdırmasa. 
Seneqal isə fasilədən sonra elə bir təhlükəli vəziyyət yarada bilmədi. Əvəzində İngiltərə millisinin təşkil etdiyi  yeni əks-hücum zamanı Fil Foden sol cinahdan sürətlə cərimə meydançasına şığıdı və Bukayo Sakaya əla məhsuldar ötürmə verdi və o da çox asanlıqla qapıçı Mendi ilə “haqq-hesabı çürütdü”: 3-0.  Bundan sonra ingilislər çox ustalıqla oyuna nəzarət edib, elə bu hesabla da qələbələrini rəsmiləşdirdilər. 
***   
Dünən mundialın daha iki cütü – ­Yaponiya – Xorvatiya və Braziliya–­Cənubi Koreya ¼ finala vəsiqə qazanmaq üçün meydanlara çıxdılar. 
Gərgin mübarizə şəraitində keçən Yaponiya–Xorvatiya qarşılaşmasında hissənin əvvəllərində “gündoğar” ölkənin  təmsilçiləri 43-cü dəqiqədə Maedanın qolu ilə ilk hissəyə üstün yollansalar da, xorvatlar Perisiçin  55-ci dəqiqədə vurduğu qolla hesaba tarazlıq gətirə bildilər.
Oyunun əsas vaxtı bu hesabla başa çatdığından komandalar 30 dəqiqəlik əlavə vaxt oynadılar. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penalti zərbələri ilə cütün qalibi bəlli oldu. Xorvatların qapıçısının inamlı çıxışı yekunda onların penalti zərbələrində 3-1 qələbəsi ilə yekunlaşdı. 
Braziliya–Cənubi Koreya qarşılaşması gec başa çatdığı üçün oyun haqda geniş yazı növbəti sayımızda dərc ediləcək. 

 

İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

6 Dekabr 2022 01:04 - İDMAN
İDMAN
29 Yanvar 2023 | 11:35
Fidanların sabaha uçuşu
28 Yanvar 2023 | 04:39
İdman xəbərləri
27 Yanvar 2023 | 03:38
İdman xəbərləri
26 Yanvar 2023 | 01:21
İdman xəbərləri
25 Yanvar 2023 | 01:52
İdman xəbərləri
24 Yanvar 2023 | 01:17
İdman xəbərləri
22 Yanvar 2023 | 11:53
Ölkəmizə qarşı təxribat

Köhnə versiyamızdan xəbərləri izlə