Ən son xəbərlər
Dünya çempionatının “pley-off” mərhələsinin maraqla gözlənilən qarşılaşmalarından biri dekabrın 3-də Argentina və Avstraliya milliləri arasında keçirilən matç oldu. Məlum məsələ idi ki, bu matçın favoriti Argentina idi, hətta “Five Thirty Eight” super kompüteri də oyunöncəsi “albasilestanı” cütün qalibi adlandırmışdı. Kompüter Argentinanın qalib gələcəyinə 83 faiz, Avstraliyanın qalib gəlib sensasiya edə biləcəyinə 17 faiz proqnoz vermişdi.
Sensasiya ola biləcəyini ehtiyatla da olsa, bəzi mütəxəssislər qeyd edirdilər. Çünki 4 il əvvəl Rusiyada keçirilən Dünya çempionatında Argentina millisi məhz 1/8 final mərhələsində mundialı tərk etmişdi. Doğrudur, o zaman rəqib tamam başqa səviyyədə olan komanda – sonradan Dünya çempionu olan Fransa millisi idi. Avstraliya isə 2018-ci il çempionatının qrup mərhələsindən uzağa getməyi bacarmamışdı. “Pley-off”a isə ümumiyyətlə, 2006-cı ildən vəziqəni təmin edə bilmirdi. Argentina ilə üz-üzə gəldiyi 7 matçda isə avstraliyalılar cəmi bir dəfə – 1998-ci ildə qalib gəlib, bir oyun heç-heçə nəticələnib, qalan beş görüşdə isə məğlub olub. Ona görə də Avstraliyanın son qarşılaşmada qalib gələcəyi fantastika ola bilərdi.
Buna baxmayaraq, matçın ilk 30 dəqiqəsində hesab açılmadı və komandaların oyunundan onların fərqli planetlərdən olduğu təəssüratı yaranmırdı. Avstraliyalılar çox inamlı oyun nümayiş etdirir, demək olar ki, Leonel Messinin komandasından heç də çəkinmirdilər. Hətta polyaklardan fərqli olaraq, “albasilesta”nın hücumlarının sürətini söndürməyə də müvəffəq olurdular. Yüksək pressinqdən sonra oyun aritmiyasını xatırlayıb mövqe müdafiəsinə çəkilir və cərimə meydançalarına bütün girişləri uğurla bağlaya bilirdilər. Kəskin qarşılaşma gedirdi və avstraliyalılar demək olar ki, əsas təhlükənin kimlərdən gələcəyini bildikləri üçün onların sanki “ayaqlarından asılırdılar”. Başa düşürdülər ki, Leonel Messini və Papa Qomesi normal şəkildə “sıxışdırmağa” müvəffəq ola bilməyəcəklər.
Leonel Skaloni bu oyunda taktiki sxemi 4-3-3-ə keçirib Messini hücumun önünə çıxarmışdı. Etiraf edək ki, Argentina komandasının sürəti elə də xoş təsir bağışlamırdı. Burada köməyə yenə istedadına və bacarığına böyük ümidlər bəslənilən Messi gəldi. Əslində, oyunun 35-ci dəqiqəsinə qədər futbolun canlı əfsanəsinin oyunu elə da alınmırdı. Son illərdə ümumiyyətlə, məsul qarşılaşmalarda güclü pressinqlə qarşılaşan Messi müəyyən vaxta qədər sanki ləng oyunu ilə bütün diqqəti özündən yayındırır və əlinə düşən elə ilk fürsətdən dərhal onu hesabdan silənlərin dərsini verirdi. Bu dəfə də belə oldu. Argentinalıların lideri avstraliyalı futbolçu Əziz Bejiçlə kobudluq üzündən yüngül toqquşmadan sonra qəzəbini qapıya vurduğu qolla soyutdu. Messi Alvaresə dəyib onun qarşısına düşən topu özünün sol ayağına keçirərək ideal zərbə ilə sol küncü nişan aldı. Qolla nəticələnən bu zərbə hər iki komandanın 45 dəqiqə ərzində qapıya vurduqları yeganə zərbə oldu.
İkinci hissədə argentinalılar demək olar ki, oyunda nəzarəti tam ələ aldılar. İlk hissədən fərqli olaraq Skaloninin yetirmələri oyuna yüksək pressinqə başladılar. Çox çəkmədi ki, məhz pressinq öz bəhrəsini verdi. 57-ci dəqiqədə rəqib qolkiper öz cərimə meydançasında pressinqlə üzləşdiyindən səhfə yol verdi və topu ələ keçirən Xulian Alvares çevik hərəkətlə topu boş qapıya göndərdi – 2-0.
77-ci dəqiqəyə qədər Qrem Arnoldun yetirmələri argentinalıların qapısına cəmi bir dəqiq zərbə endirə bildilər. Amma mübarizə əzmləri bir an belə sönmədi və öz şanslarını tapdılar. Kreyq Qudvinin qapıya endirdiyi zərbədən sonra top Enço Fernandesə dəyib qapıçını çıxılmaz vəziyyətdə qoydu. Hesab 2-1 olandan sonra oyun daha da qızışdı. Ümumiyyətlə, bu matç “pley-off” qarşılaşmasının gərgin əhval-ruhiyyəsini tam əks etdirirdi.
Avstraliyalıların Behiçin superkeçidi ilə matçı əlavə vaxta daşımaq şansı yarandı. Lakin Skaloninin yetirmələri təcrübələri sayəsində onu dayandıra bildilər. Əlavə edilən vaxtda 18 yaşlı Qaranq Koul da Avstraliyanı məğlubiyyətdən xilas edə bilərdi. Bu dəfə Emilian Martines “top-qolkiper” olduğunu əla seyvi ilə nümayiş etdirib, gənc avstraliyalını sevinməyə qoymadı. Qolkiperin bu seyvi bəlkə də onun bütün əvvəlki matçlarda nümayiş etdirdiyi oyunların hamısına dəyərdi.
Argentinalılardan ikinci hissənin sonlarına yaxın super solo driblinqi təbii ki, yalnız Messi göstərdi. Leo epizodların birində az qala Avstraliya komandasının yarısını möcüzəli keçidi ilə geridə qoyaraq qapıya şığıdı, lakin son məqamda dəqiq zərbə endirməyə rəqiblər imkan vermədilər. Yeri gəlmişkən, Leo karyerasının 1000-ci matçına topa 75 toxunuş, qapıya 5, çərçivəyə 2 dəqiq zərbə, 90 faiz dəqiq ötürmə, iki cərimə zərbəsi qazanmaqla yekun vurdu və komandasını ¼ finala çıxardı. Argentinanın Messi ilə Qətərdə futbol səyahəti davam edir. Növbəti turda Skaloninin yetirmələri dekabrın 3-də ABŞ-ı məğlub edən Niderlandla qarşılaşacaqlar.
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə