Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu qala daşlı qala...”

Belə getsə, “Qız qalası”nın nə daşı qalacaq, nə də kərpici

Şəkilə diqqətlə baxın. Və nə qədər fikirləşirsinizsə, fikirləşin, onsuz da tapa bilməyəcəksiniz. Tapa bilməyəcəksiniz ki, axı keçilməz sıx meşələrin qoynunda, sıldırım qayaların başında bu qala necə tikilib. Yenə indi, adamların Marsda pul xərcləyib yer aldıqları və ya bilet alıb ora uçmaq istədiyi bir vaxtda tikilsəydi, dərd yarıydı. Deyərdiniz ki, əşi, kosmos əsridir, hər cür texnika var, 3D var, onu tikməyə, qurmağa nə var... Amma biləndə ki, Gədəbəydəki unikal bu tikili, doqquzuncu əsrin yadigarıdır və Azərbaycan memarlığının bütün dünyaya nümayiş oluna biləcəyi bir abidədir, o zaman heyranlığınızı büruzə verməməyi bacarmayacaqsınız. O zaman haqlı bir sual yaranır: Axı necə ola bilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq olunmuş və ümumdövlət əhəmiyyətli tariximemarlıq abidələri sırasına daxil edilmiş “Qız qalası”nda indiyədək heç bir iş görülməmiş, necə deyərlər, daş üstünə daş qoymamışlar. Hətta bir neçə il qabaq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mətbuata xəbər yaymışdı ki, tezliklə qalada təmir-bərpa işləri aparılacaq. Hanı? Belə getsə, nə qala qalacaq, nə daşı, nə də kərpici...
 
“Qız qalası”… Rayonun Söyüdlü kəndindən bir qədər aralı, Şəmkir çayının üstündə yerləşən bu qədim tikili “Namərdqala” adı ilə də tanınır. Bu barədə müxtəlif versiyalar, rəvayətlər mövcuddur. Yerli əhali arasında yayılan əfsanəyə görə, vaxtilə burada saxlanılan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan atıb və tikili ona görə “Namərdqala” adlandırılıb. Başqa bir versiya da var ki, o da satqınlıqla bağlıdır. Guya, qala elə ustalıqla, uzaqgörənliklə inşa olunub ki, onu iki-üç nəfərlə qorumaq mümkün imiş. Gizli yolu satqınlar düşmənə xəbər verdikləri üçün qaladakılar təslim olublar. O vaxtdan “Namərdqala” kimi də yaddaşlarda qalıb.
 
Yeri gəlmişkən, qeyd edək ki, digər qalalar kimi, “Qız qalası”nın içərisindən də Şəmkir çayına enmək üçün gizli yol olub. Düzdür, o gizli yolun yerini hələlik dəqiq bilən yoxdur, təxmin edilir. Qalanın içərisində mühafizəçilərin dayandığı yerlər də aşkar olunub.
 
Abidə elə mürəkkəb coğrafi mövqedə yerləşir ki, oraya gedib çıxmaq da hər oğulun işi deyil. Sıldırım qaya üzərindəki qalanın hündürlüyü 15 metrdən çoxdur. Qalanın Sasanilər dövründə, V-VI əsrlərdə inşa edildiyi ehtimalı da var. Digər mənbələrdə isə qalanın IX əsrdə tikildiyi, XII əsr Atabəylər dövləti dövrünün ən qüdrətli tikililərindən hesab olunduğu bildirilir.
 
Ətrafı meşə olan qalaya yalnız piyada qalxmaq mümkündür. Bu tikilinin digər tarixi abidələrdən fərqi ondadır ki, o, qırmızı kərpiclə hörülüb. Elə qalanın yaşı da kərpic tikililər əsasında təyin edilib. Belə ki, uzunluğu 23-25 santimetr olan kərpiclər həmin dövrlərdə istehsal olunub. Maraqlıdır ki, yaxınlıqda bu cür kərpic istehsal etmək üçün nə xammal yataqları, nə də hər hansı bir emalatxananın qalıqları var. Haradan gətiriblər, ora necə qaldırıblar? Heç kim bilmir. Qala dəniz səviyyəsindən, təxminən, 1800-2000 metr hündürlükdə yerləşir. Oraya çay tərəfdən, qayalıqlar arasındakı cığırla giriş var.
 
– Siz nə danışırsınız, ora gedib çıxmaq mümkün olası iş deyil, özü də belə yağmurlu havada…
 
Söyüdlü kəndinin icra nümayəndəsi Nahid Allahverdiyev “qalaya qalxmaq istəyirəm” deməyimə elə təəccüblü reaksiya verdi ki, tezcə də fikrimdən daşındım.
 
– Bəs ora iki il qabaq yol çəkmişdiniz...
 
– Bəli, İbrahim müəllimin (rayonun əvvəlki icra başçısı İbrahim Mustafayevi nəzərdə tutur-H.Q.) vaxtında daxili imkanlar hesabına ora meşənin ortasından yol çəkildi, düz qayanın dibinədək. Amma elə ki, yağışlar başladı, bu yol tanınmaz hala düşdü. Aytala kəndindən çəkilən həmin yolla quraqlıq havada getmək olur. Əvvəllər heç bu da mümkün deyildi, yenə sağ olsunlar...
 
Eyni sözləri Aytala kəndinin də daxil olduğu Düzyurd İƏD nümayəndəsi Vahid Kazımov dedi:
 
– Müəllim, yayda gələrsiniz, inşallah. Amma bəri başdan deyim ki, qalada da, ora gedən yolda da kompleks işlər görülməlidir...
 
Əslində, “Qız qalası”nın özü kompleks tikili hesab olunur. Çünki burada, qeyd etdiyimiz kimi, Qaladan başqa ayrı tikililər də mövcuddur. Qalanın giriş-çıxış yerləri müxtəlif vaxtlardakı uçqunların təsirindən görünməz haldadır. Qalaya bitişik bir hissə Bakıdakı qala divarlarına bənzər istehkam divarlarıdır. Güman edilir ki, qala daha çox müşahidə üçün inşa edilmişdir.
 
“Qız qalası”, qeyd etdiyimiz kimi, son dərəcə mənzərəli, füsünkar bir yerdədir. Qayalıqda ucaldılmış tikili sıx meşə və yaşıllıqla əhatə olunub. Yaxınlığında çay və şəlalə olan bu qala turistlər üçün olduqca maraqlı, diqqətçəkici və heyranlıqla seyr ediləsi yerdir.
 
Xatırladaq ki, Gədəbəy, ümumiyyətlə, tarixi tikililərlə zəngin bölgələrimizdəndir. Rayon ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy–Xocalı mədəniyyəti abidələri adı ilə daxil olmuş mədəni irsin tərkib hissəsidir. Burada Tunc dövrünün sonuna aid tikililər, Qalakənd qalası (XVI əsr), XIX əsrdə inşa olunmuş tağlı körpü var. Bundan başqa, rayonun ərazisində Tunc – Dəmir dövrlərinə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Parakənd qalası və digər tikililər mövcuddur.
 
…Vaxt gözləmir, ili ilə satmaq olmaz. Əgər Gədəbəyə xarici turistləri cəlb etmək istəyiriksə, o zaman iş görmək lazımdır. Burada rayon icra hakimiyyəti, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, digər müvafiq təşkilatlar kompleks tədbirlər planı hazırlamalı, təkliflər irəli sürməli, maliyyə vəsaitinin ayrılmasına nail olmalıdırlar.
 
Yaylaq festivalı zamanı rayonun tarixində ilk dəfə olaraq, buraya 17 ölkədən xarici qonaqlar gəlmişdilər. Hiss olunurdu ki, Gədəbəyə, onun təbiətinə, tarixi abidələrinə necə böyük maraq var. Unutmayaq, əgər bu gün nəyinsə bərpasına müəyyən məbləğdə vəsait yatırılırsa, bir müddət sonra onun əvəzi birə-beş çıxarılacaq. Elə təkcə haqqında söhbət açdığımız “Qız qalası”na ayda çox yox, 100 xarici turist cəlb edə bilsək, kifayətdir. Digər tərəfdən, bütün dünya bir daha görəcək və biləcək ki, Azərbaycan xalqının tarixi necə qədimdir, daha ermənilər kimi, bir-iki əsr qabaq köçüb məskunlaşdığı və sonradan “bura mənimdir” deyən xalqlardan deyil...
 
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
4 Dekabr 2022 14:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə