Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirdə sirli mumiyalar tapılıb

Arxeoloqlar Nil deltasının mərkəzi hissəsində yerləşən Quveysna nekropolunda qazıntılar zamanı ağızlarında qızıl dili olan qəribə mumiyalar tapdıqlarını bildiriblər. Nekropolda gil qablar kolleksiyası, çiçək şəklində qızıl vərəqlər, eləcə də dəfn mərasimi üçün daş amuletlər də aşkar edilib. Ölkənin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri jurnalistlərə müsahibəsində bildirib ki, qızıl dilli mumiyalar pis vəziyyətdə olduğu üçün onlar bərpa olunacaq. O əlavə edib ki, qazıntı zamanı skeletlər, qızıl vərəqlərlə örtülmüş mumiya qalıqları, taxta antropoid tabutlar və onların hazırlanmasında istifadə edilmiş mis alətlər də tapılıb. Mütəxəssislər bildiriblər ki, nekropolun yeni aşkar edilmiş hissəsi fərqli memarlıq üslubuna malikdir. Onun sözlərinə görə, bu hissə çiy kərpicdən tikilib və üç tağlı dəfn kamerası olan əsas zaldan, habelə iki yan kameralı bir dəfn şaxtasından ibarətdir. Mütəxəssis əlavə edib ki, dəfn mərasimləri, mumiyalar və cənazə kolleksiyası ilə bağlı ilk araşdırmalar bu nekropolun üç müxtəlif dövrdə - Qədim Misirin sonu və Roma zamanında istifadə olunduğunu göstərir. Mumiyaların ağzında olan qızıl dillər isə böyük ehtimalla dəfn olunanların yeraltı dünyasının tanrısı Osirislə səssiz ünsiyyət qurmaq qabiliyyətini simvolizə edirdilər. Xatırladaq ki, ən mühüm arxeoloji ərazilərindən biri olan Quveysna nekropolunda bir neçə arxeoloji dövrə aid məzar və dəfn kameraları kolleksiyası var. Bu kolleksiya alimlərə müxtəlif dövrlərdə məqbərələrin memarlıq üslubunda baş verən dəyişiklikləri və dəfn üsullarını öyrənməyə imkan verir. Burada həm də Qədim Misirdə müqəddəs sayılan quşlar üçün çox görkəmli bir divar rəsmləri kolleksiyası var. Burada yüksək səviyyəli kahinlərdən biri üçün qara qranitdən oyulmuş nəhəng sarkofaq da daxil olmaqla, qəbirlər, bina qalıqları, mumiyalar, tabutlar və sarkofaqlar aşkar edilib. Mahmud QƏRİBOV, “Xalq qəzeti”
4 Dekabr 2022 09:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə