Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTİ-də növbəti “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Açıq qapı” layihəsi davam edir. Layihə çərçivəsində Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) növbəti “Açıq qapı” günü keçirilib.

Bu barədə "Xalq qəzeti"nə agentliyin Mətbuat xidmətindən məlumat verilib.

“Açıq qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşların, həmçinin KİV nümayəndələrinin qatıldığı görüşdə bildirilib ki, tədbirin keçirilməsində məqsəd qida məhsullarının İnstitutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanlarını, maddi-texniki bazasını və bu sahədə görülən işləri daha geniş auditoriyaya təqdim etməkdir. Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” günü də belə tədbirlərdən biridir.

“Açıq qapı”da iştirakçıların İnstitutun laboratoriyalarına baxış keçirməsi və laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olması təmin edilib. Həmçinin iştirakçılar qida məhsullarının yoxlanılması prosesində iştirak edərək bu məhsulların laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə izləyiblər. Eləcə də tədbir iştirakçılarına İnstitutun fəaliyyəti, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, qida təhlükəsizliyi sahəsində həyata keçirilən elmi-praktiki araşdırmalar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Bu laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, aparılan müayinələrin nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, laboratoriyaların akkreditasiyadan keçməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyaların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı üzrə işlər davam etdirilir.

“Açıq qapı” günü iştirakçıları maraqlandıran sualların cavablandırlması ilə yekunlaşıb.

3 Dekabr 2022 10:39 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə