Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuray ruhlu qaliblər

Qətər – 2022

Dekabrın 1-də milyonlarla tamaşaçı və futbol azarkeşi Qətər mundialının qrup mərhələsinin  bəlkə də ən maraqlı və gərgin  matçlarını izlədilər. 


“E” kvartetinin yekun turunun  gərgin və dramatik keçməsinin səbəbləri bəlli idi. Almaniya bundestimi Yaponiya millisinə məğlub olub, ispanlarla heç-heçə oynayandan sonra qrupun autsayderi idilər. Onlara  pley-offa çıxmağa Kosta-Rika üzərində qələbə yetərli deyildi və qrupun paralel matçında İspaniya yığma komandası Yaponiyanı məğlub etməli idi. Deməli, indi bundestim təkcə öz oyunundan yox, həm də “qırmızı furiya”nın qələbəsindən asılı idi. 
Kosta-Rikanın qapısına 7 qol, Almaniya millisi ilə sakit heç-heçə İspaniyanın pley-offa çıxması üçün əla baza idi. Sadəcə Yaponiyaya uduzmamaq və paralel oyunda  Almaniyanın uğur qazanmasına ümid etmək olmasaydı, bəlkə də son turda  Luis Enrike  və yetirmələri o qədər də dramatik anlar yaşamazdılar. Əslində matçların hər ikisinin birinci hissəsi İspaniya üçün də, Almaniya üçün də istədikləri nəticə ilə yekunlaşdı. Almaniya ­10-cu dəqiqədə Serji Qnabrinin qolu ilə, paralel matçda isə İspaniya 11-ci dəqiqədə  Moratanın Yaponiyanın qapısına başla vurduğu qolla 1-0 irəli çıxdılar. Düşünmək olardı ki, hər iki matç avropalıların nəzarəti altındadır və elə bir təhlükə yoxdur. Əslində isə belə olmadı. 
Birinci hissədə üstünlüyü tam ələ alan və yaponiyalıları topsuz qoyan “qırmızı furiya” nədənsə bu imkanlarını  ikinci, üçüncü qola çevirməyə nə tələsir, nə də səy göstərirdi. Bu da Yaponiyaya vəziyyəti öz xeyrinə dəyişmək və kəskin əks-hücumlar təşkil etmək haqqında düşünməyə imkan verdi. Niyə də yox? Almanlara, keçmiş Dünya çempionlarına elə bu vəziyyətdə qalib gələ bilməmişdilərmi?! İndi ispanları yoxlamağın vaxtıdır: onların da titulları var. 
Bu inam  ikinci hissədə özünü doğrultdu  və matçın 48-ci dəqiqəsində, 2 dəqiqə əvvəl meydana çıxmış Riçu Doan komanda yoldaşı İtodan aldığı ötürməni əla zərbə ilə qola çevirdi. Eynən belə bir vəziyyət Yaponiya–Almaniya matçında da baş vermişdi və Doan elə həmin oyunda da “kambeki”n ilk topuna imza ata bilmişdi. Bir anlıq  ispanlar nə baş verdiyini anlamağa çalışarkən, növbəti sürətli əks-hücum zamanı Kaoru Mitoma qapı xəttindən, demək olar ki, çıxan topu Ao Tanakaya ötürdü. Yaponiyalı hücumçunun demək olar ki, boş qapıya vurduğu topu Siomon yalnız baxışları ilə müşayiət edə bildi. Hakim əvvəlcə topun qapı xəttini keçdiyini bildirib qolu hesaba almadı. Lakin VAR epizodu araşdırandan sonra referi mərkəz nöqtəni göstərdi. 
Səmimi demək lazımdır ki, Yaponiya millisindən başqa, bu Dünya çempionatında iştirak edən heç bir komanda belə möhtəşəm “kambek” edə bilməyib. Öz-özünə düşünürsən, bu gənclər fasilədə nə yeyib-içir, nəyə qulaq asırlar ki, belə əzmkarlıq və sürətli oyun nümayiş etdirirlər?
İspaniyanı məğlubiyyətə aparan bu qolun nə qədər ədalətli olduğu haqqında bəzi fikirləri bölüşmək istərdik. Çünki belə məqamlar futbolun gözəlliyinə çox böyük ziyan verir və futbol məmurları haqqında son illər yaranan mənfi rəyi daha da sərtləşdirir. Dərc etdiyimiz fotodan da gördüyünüz kimi top həqiqətən qapı xəttini keçmişdi. Amma mütəxəssislərin bəziləri deyir ki, “internet üzərindən bütün dünyanı dolaşan bu kadrlar epizodun mahiyyətini doğru əks etdirmir. Translyasiyada qapı xəttini nəzarətdə saxlayan kameradan kadr  vardı və məhz həmin kadr izləndikdən sonra qol qeydə alındı. Baş hakimin köməkçisi isə müəyyən şübhələrdən sonra topun qapı xəttindən çıxdığını bildirmişdi. 
Tennisdən və voleyboldan fərqli olaraq, futbolda qaydalar bir qədər fərqlidir. Burada topun xəttə toxunması yox, onun proyeksiyası vacibdir. Əgər topun proyeksiyası tamamilə xətdən kənara çıxmırsa deməli o, oyundadır. Qaydaların 10-cu bəndində hətta buna bənzər proyeksiya da var və biz də onu dərc edirik. 
Bir çox hakim eksperimentləri də İspaniya – Yaponiya matçının baş hakiminin qərarının lehinədir. Hətta əgər xəttlə top arasında məsafə 5-7 santimetr olsa belə, onun proyeksiyası xəttin üzərinə düşür. Hakimlər bunu çox gözəl bilirlər. Beləliklə, matçın ­58-ci dəqiqəsində hesab 2-1 Yaponiya millisinin xeyrinədir. 
İkinci hissədə İspaniya biləndə ki, paralel matçda Kosta-Rika millisi hesabda irəli çıxıb, çox böyük həyəcan yaşadılar. Əgər hesab belə də qalsaydı, qrupun favoriti olan ispanlar da mundialı tərk etməli olacaqdılar. Amma futbol tanrısı bu dəfə “furiya roxo”nun tərəfində oldu. İspanlar artıq ardıcıl ikinci mundialda qrupdan çıxa bilməyən almanlara Kosta- Rika millisinə qalib gəldikləri üçün minnətdar olmalıdırlar.
Bu il aprelin birində Dünya çempionatının püşkü atılanda Almaniya İspaniya, Kosta-Rika və Yaponiya ilə bir kvartetdə olmasına bəlkə də çox sevinmişdi. O zaman elə görünürdü ki, Flikin ambisiyalı komandasının pley-offa çıxmağa şansı nəinki çox böyük olduğuna, hətta kvartetin lideri olacağına qəti əmin idi. 
Bundestim azarkeşlərinin inamı elə birinci oyunda, komandaları Yaponiya millisinə məğlub olandan sonra şübhələrlə əvəz olunmağa başladı. İnsafən, həmin oyunda Flikin yetirmələri tam üstün oyun nümayiş etdirirdilər. Lakin 8 dəqiqəlik diqqətsizlik onların bütün əməyini heçə çıxardı və vurduqları bir qoldan sonra qapılarından iki top buraxdılar. Bəlkə də elə bu səkkiz dəqiqə almanların pley-offa vəsiqələrinin taleyini həll etdi. 
İspanlarla heç-heçə alman azarkeşlərə bir qədər ümid verdi. Bu oyunda da bundestimin oyunçuları bir çox fürsətləri əldən verdilər. Lakin artıq, birinci oyundan fərqli olaraq, daha inamlı görünür və yaxşı oyun nümayiş etdirirdilər. 
Üçüncü tur isə artıq təkcə Almaniyanın deyil, kvartetin bütün komandalarının taleyini həll etdi. Komandaların hər birinin xoşbəxtliyə sahib olmaq şansı vardı. Ancaq Flikin yetirmələri təkcə qələbəyə yox, həm də ispanlara ümid bəsləməli idilər. 
İlk dəqiqələrdən almanlar əsl mənada kosta-rikalıların meydanını “işğal” etmişdilər. Topu itirən kimi almanlar dərhal müdafiəyə qayıdıb topu özlərinə qaytarır və demək olar ki, latın amerikalıları dalana salırdılar. Keylor Navas bundestimin aramsız həmlələrinin qarşısını çox çətinliklə alsa da, 10-cu dəqiqədə bunu edə bilmədi. Qnabri qapının qol açarını tapdı. 
İkinci hissədə Kosta-Rika Yeltsin Teceda  və Noyerin avtoqolu ilə irəli çıxdı. 66-cı dəqiqədə Haverts meydana çıxmaqla oyunda vəziyyət tamam dəyişdi. 73 və 85-ci dəqiqələrdə məhz Havertsin qolları ilə bundestim yenidən hesabda irəli çıxdı. 89-cu dəqiqədə isə Fullkruq Leroy Sanenin ötürməsini qola çevirməklə matçda hesabı 2–4-ə çatdırdı. Oyunun əsas vaxtına əlavə edilən 10 dəqiqə də elə bu hesabla başa çatdı. Amma bu qələbə İspaniyanın bir qədər şübhəli məğlubiyyəti (buna bir qədər sonra izah verəcəyik) üzündən Almaniyaya  qrupdan çıxmağa imkan vermədi. Almanlar ataların söylədiyi bir zərb-məsəli yəqin unudublar: “ İspanlara bel bağlama, özün isə xəta etmə!”
Beləcə mundialın “E”  qrupunda Almaniya bir pillə irəli, İspaniya bir pillə aşağı ensə də, bundestim mundialı tərk etdi. İspaniya isə ikinci pillədə qərarlaşaraq 1/8 finalda Mərakeşə rəqib oldu. 
Bu sensasiyalardan sonra Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasu İspaniya üzərində qələbəni və komandasının pley-offa yüksəlməsini belə şərh etdi: “Dəstəyə görə  bizim bütün azarkeşlərimiz, Yaponiya xalqı sağ olsun. Biz onların sayəsində bu çətin matçda qalib gəldik. Mən xoşbəxtəm ki, hamıya qələbə hədiyyə etdim, finiş nöqteyi-nəzərindən bizim yeni hədəflərimiz var – dörddəbir final. Oyunçular dünya meydanlarında mübarizə aparmaq üçün yeni və başqa  baxışlar nümayiş etdirirlər, biz istəyirik dörddəbir finala yüksəlməklə və onu daha da davam etdirməklə millimizin yeni rekordunu müəyyən edək”. Baş məşqçinin belə inamlı danışması komandasının iki gərgin matçda “kambeki” Yaponiya millisinin bu çempionatda edəcəyi sensasiyaların hələ irəlidə olduğuna əminlik yaradır. Samuray ruhu ilə mübarizə aparan yaponlar iki dünya çempionuna qalib gəlib qrupun vahid lideri kimi 1/8 finala çıxmağı bacardılarsa, niyə də vitse-dünya çempionu ilə matçda  uğura imza atmasınlar. 
Pley-offda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşı-qarşıya gələcək. Amma çox istərdik əksinə olsun. Açığını demək lazımdır ki, Mərakeş elə də güclü komanda deyil. Hətta ispanların son turdakı oyunu ilə bağlı açıqlamalarda, onların növbəti mərhələdə Xorvatiya ilə qarşılaşmasınlar deyə, Yaponiyaya qəsdən məğlub olduqlarını deyənlər də az deyil. 

Daha kimlər mundialı tərk edəcək?


Dünən Dünya çempionatının qrup mərhələsinin son turunun son dörd qarşılaşması mundialı daha kimlərin tərk edəcəyinə aydınlıq gətirdi. İlk qarşılaşmalar Qana– Uruqvay və Cənubi Koreya–Portuqaliya cütü arasında keçirildi. İki turdan sonra turnir cədvəlində komandaların vəziyyəti belə idi: 

Portuqaliya  – 6 xal (5-2)
Qana – 3 xal (5-5)
Cənubi Koreya – 1 xal (2-3)
Uruqvay – 1 xal (0-2)


Portuqaliya millisi artıq pley-offa vəsiqəni təmin edib. Ona görə məşqçi korpusu komandada arxayınlıqla rotasiya edə bilərdi. Əgər Cənubi Koreya ilə heç olmasa 1 xal qazana bilsələr o zaman elə birinci pillədə də yeni mərhələyə yüksələcəklər. Yox, əgər Portuqaliya Cənubi Koreyaya məğlub olsa və Qana Uruqvaya qalib gəlsə, o zaman bu iki liderin hansının birinci, hansının ikinci yeri tutmasını vurulan və buraxılan topların fərqi ilə müəyyənləşdirəcəklər. 
Qanalılar Uruqvaya qalib gələ bilsələr, dəqiq pley-offa yüksələcəkdilər. Heç-heçə də etsəydilər, yenə şansları qalırdı.


Uruqvayı qələbə də xilas etmədi


Dünya çempionatının final mərhələsinin ­püşkatma mərasimində qrupların heyəti bəlli olanda, “H” kvartetinin əsas intriqası bəlli idi. ­DÇ-2010-dan sonra Qana Uruqvayla ilk rəsmi matçda qarşılaşacaqdı. 12 il əvvəlki mundialda dünya çempionatları tarixinin ən maraqlı hadisələrindən biri baş vermişdi. Əlavə vaxt başa çatır, hesab 1-1-dir və Qana hücuma keçir. Luis Suares rəqibin qapıya vurduğu topu əli ilə çıxarır  və baş hakim düşünmədən 11 metrlik nöqtəni göstərir, qırmızı kart alan Suares isə oyundan qovulur. Lakin Qananın hücumçusu Asamoa Qyan penaltini vura bilmir, top qapının dirəyinə dəyir. Oyundan sonrakı 11 metrlik zərbələrdə isə məyus olan Qana futbolçuları heç nə edə bilmir və mundialı tərk edirlər. 
Əlbəttə, futbolda baş verə bilən epizoddur, Suares bunu öz komandasının qələbəsi naminə edib. Bu ki, nə 1986-cı ildəki Dieqo Maradonanın “Allahının əli”dir, nə də Tierri Anrinin Fransa İrlandiya matçında əli ilə oynadığı epizod.  Qayda pozuntusu qeydə alınıb, Uruqvay cəzalandırılıb,11metrlik zərbə təyin edilib və Suares oyundan qovulub. Hər şey ədalətlidir. Qana 11 metrlik cəriməni vura bilməyibsə və oyundan sonra  penaltilərdə məğlub olubsa, bu artıq onun öz problemidir. 
Bu matçda  öncə 12 il əvvəl baş verənlərlə bağlı suala cavab verən Suares jurnalistlərə bildirib ki, o, üzr istəmək fikrində deyil: “Mən buna görə üzr istəmərəm. Bəli, mən əllə oynamışam, amma 11 metrlik cərimə zərbəsini qanalı futbolçu vura bilməyib, mən yox. Mən o vaxt üzr istəyərdim ki, kimisə zədələmiş olaydım. Keçmişlə yaşamaq olmaz”.
Budur, 12 ildən sonra yenə Qana Uruqvayla Dünya çempionatında qarşılaşır və matçın 21-ci dəqiqəsində  hakim Uruqvayın qapısına 11 metrlik cərimə zərbəsi təyin edir.  Bu dəfə Andre Ayu topa yaxınlaşır və yenə qol yoxdur. Bundan 5 dəqiqə sonra de Arraskaeta Uruqvayın bu çempionatında ilk qoluna imza atır. Uruqvay millisinin özünəməxsus pressinqi ilə başlanan ikinci qolun kombinasiyası möhtəşəm alındı. Oyunun 34-cü dəqiqəsində yenə de Arraskaeta bu dəfə Suaresin ötürməsini qola çevirib hesabı 2-0 edir. Əslində birinci qol da Suaresin bilavasitə iştirakı ilə vuruldu, lakin bunu onun hesabına yazmadılar.
Əlbəttə, bu hesab Qananı mundialdan kənarlaşdırırdı, ancaq Uruqvaya heç nə vəd etmirdi. Bu dəqiqələrdə onun pley-offa vəsiqəsinin taleyini Portuqaliya həll edirdi. Əgər paralel keçən Portuqaliya–Cənubi Koreya matçında asiyalılar istənilən hesabla qalib gəlsəydilər, pley-offa onlar çıxırdılar. Xalları bərabər olsa da, qapılara vurulan topların sayına görə asiyalılar “selesta”nı  üstələyirdi. 
Uruqvay hesabı artırmağa tələsmirdi, çünki paralel oyunda 1-1-lik bərabərlik var idi və bu Uruqvay millisini qane edirdi. “Selesta”nınsa qol vurmaq imkanları çox idi. Hətta epizodlardan birində rəqib oyunçu Darvin Nunesi cərimə meydanında yıxmışdı. Lakin hakim Klaus Zibert uzun-uzadı VAR-a baxandan sonra qərar verdi ki, Deniel Amarti topa oynayıb. 
Oyunun başa çatmasına 15 dəqiqə qalmış Uruqvay ümumiyyətlə hücumları səngitdi və hətta baş məşqçi Dieqo Alonso tədricən bütün hücum qrupunu müdafiəçilərlə əvəzlədi. Bu çempionatlarda belə taktiki gedişlər öz bəhrəsini vermişdi. Yəqin ki, Polşa–Argentina oyununu xatırlayırsız. Polyaklar  ümid edirdilər ki, meksikalılar paralel oyunda qol vurmayacaqlar. Belə də oldu. Ancaq burada koreyalılar əlavə edilmiş vaxtda daha bir qol vurdular və 2-1 hesablı qələbə qazandılar. 
Bundan sonra hər iki komanda cidd-cəhdlə qol vurmağa girişdi. Xüsusilə də Qana. Çünki Qanaya bu oyunda heç-heçə kifayət idi ki, koreyalıları qrupda geridə qoysun və pley-offa çıxsın. Əlavə edilmiş vaxtda, əsas 45 dəqiqədəkindən daha çox qol vəziyyəti yarandı.  Amma komandalardan heç biri hesabı dəyişə bilmədi: 2-1. 
Paralel matçda isə Qətər mundialının daha bir möcüzəsi baş verdi. Sehirkar Son Xın  Min Cənubi Koreyanı pley-offa çıxartdı. Ronaldu isə öz qapılarına qol vurulmasının səbəbkarı oldu. 
Final fitindən sonra ehtiyat oyunçular skamyasında oturan  Suares göz yaşlarını saxlaya bilmirdi. Digər uruqvaylı oyunçular isə almaniyalı hakimlərlə, ilk növbədə isə Zibertlə penaltini niyə vermədiyini araşdırmağa çalışırdılar. Əgər Portuqaliya ilə oyunda qrupda hər şeyi həll edən “yalançı” penaltini nəzərə alsaq, burada həqiqətən bir xəyanətin olduğunu düşünmək olar. Beləliklə, Uruqvay və kvartetin son pilləsində qərarlaşan Qana  mundialı tərk edirlər. Portuqaliya və Cənubi Koreya yoluna davam edir.

 

İlqar RÜSTƏMOV, 
“Xalq qəzeti”

3 Dekabr 2022 06:17 - İDMAN
İDMAN
29 Yanvar 2023 | 11:35
Fidanların sabaha uçuşu
28 Yanvar 2023 | 04:39
İdman xəbərləri
27 Yanvar 2023 | 03:38
İdman xəbərləri
26 Yanvar 2023 | 01:21
İdman xəbərləri
25 Yanvar 2023 | 01:52
İdman xəbərləri
24 Yanvar 2023 | 01:17
İdman xəbərləri
22 Yanvar 2023 | 11:53
Ölkəmizə qarşı təxribat

Köhnə versiyamızdan xəbərləri izlə