Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran: vəziyyət nəzarətdən çıxır

İranda vəziyyət hər keçən gün gərginləşir.  22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılmasından sonra müəmmalı şəkildə ölümü ilə əlaqədar başlanmış etirazlar, demək olar ki, bütün ölkəni bürüyüb və son günlər daha da güclənməkdədir. Hökumətin aksiyaların qarşısını almaq üçün Müdafiə və Daxili İşlər nazirliklərinin, eləcə də SEPAH-ın qüvvələrini cəlb etməsi isə lazımi nəticə vermir, əksinə, hadisələrin nəzarətdən çıxmasına səbəb olur.


Son məlumatlara görə, indiyədək ölkədə keçirilən etiraz aksiyaları zamanı hökumət qüvvələrinin açdığı atəşlər nəticəsində həlak olanların sayı 462 nəfərə çatıb. Məlumatı mərkəzi ofisi ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi yayıb. Onlardan 64-nün yaşı 18-dən az olan gənclər və uşaqlar olduğu bildirilir.  
Aksiyalar zamanı 18 206 nəfər həbs olunub. 3492 nəfərin saxlanıldığı yer məlum deyil. Saxlanılanlardan 583 nəfəri tələbədir. Ümumilikdə, nümayişlərə 143 universitetin tələbələri qoşulub. 
Təşkilatın məlumatına əsasən, iğtşaşlar zamanı hökumət qüvvələri də itkilər verir. Ölkənin, ümumilikdə, 157 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 61 əməkdaşı həlak olub.
Dünən İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyarın İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi barədə də məlumat yayılıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları da müsadirə olunub. 
Məlumatda bildirilir ki, general bir müddət əvvəl audiomaterial yayaraq İran hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini ictimaiyyətdən gizlətməkdə günahlandırdığına görə həbs edilib. Onun məhkəmə-tibb ekspertizasındakı etibarlı mənbələrə istinadən söylədiyi fikirlərə görə, 22 yaşlı gənc Məhsanın ölümünə “kəllə sümüyünün zədələnməsi” səbəb olub. 
Sabiq SEPAH komandiri İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıraraq deyib ki, əgər vaxtında “sağlam düşüncə” ilə bu hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürüb üzr istəsəydilər, hökumət belə acınacaqlı vəziyyətə düşməzdi.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

3 Dekabr 2022 04:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə