Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güneyin ən qədim yaşayış məskəni – Həsənlitəpə

Arazın o tayında – Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığında qərarlaşmış Həsənli kəndi ərazisində yerləşən qədim yaşayış yeri buradan tapılmış nadir arxeolji tapıntıları ilə dünya tarixşünaslığında məşhurdur. Təbriz Tarix Muzeyinin bütöv bir bölməsində sərgilənən çoxsaylı və qiymətli “Həsənli eksponatları” Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu təsdiqləyir.


Həsənlitəpə qədim yaşayış yerini mütəxəssislər belə təqdim edirlər: “Həsənli ərazisi e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövlətinə daxil olub. Vadiyə giriş çətindir. Sanki, hər tərəfdən əhatələnmişdir – Qərbdən Zaqroş dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Burdan əldə edilmiş tapıntılar skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan verir”. 
1956-cı ildə Həsənlitəpədə R.Daysonun rəhbərliyi altında Amerika Arxeoloji Cəmiyyəti İran Arxeologiya İdarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdiril-məmişdir. E.A.Qrantsovski güman edib ki, e.ə. IX əsrə aid assur mənbələrində də təsadüf edilən İdi toponimi Həsənlinin qədim adıdır. Alim göstərib ki, Həsənliyə aid onomastik material e.ə.IX əsrin sonlarınadək onun əhalisinin irandilli olmadığını sübut edir.
M.Salvini Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsinə yürüşlərindən bəhs edən Taştəpədəki (Həsənlidən 40 km Şərqdə) qayaüstü kitabələri şərh edərkən belə nəticəyə gəlir ki, Meişta Həsənli təpəsindəki qədim qalanın Urartu dilində adıdır və Həsənli IV təbəqə Urartu yürüşləri zamanı dağıdılmışdır.
Tikinti qurğularının qalıqları göstərir ki, Həsənli xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl startiqrafiyasını verən Həsənli təpəsi 27,5 metr dərinlikdə qazılmışdır. Bu startiqrafiya tarixi məlum olan abidələrlə keramika qalıqlarının,eləcə də radio-karbon təhlilinin nəticələrindən istifadə vasitəsilə müəyyənləşdirilmişdir.
R.Dayson Həsənlidə qazılmış materialları on dövrə ayırıb. X–VI dövr materialları Həsənli yaxınlığında yerləşən təpələrdə də tapılmışdır. Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V–IV təbəqələrdir. Keramika məmulatı dibinin formasına görə, V dövr e.ə. 1200–1000-ci illərə aid edilib. Bu dövrdən başlayaraq Həsənli təpəsi kiçik binalarla abadlaşdırılmışdır. E.ə.1100–800-cü illərə aid IV dövr əvvəl təsadüf edilməyən xarakterik cizgili, əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. 
Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aid edilir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən 3  mərhələyə bölünür. Mərkəzi hissə dağıntıdan və ya yanğından sonra binaların salamat qalmış daş və ağac hissələrindən istifadə edilərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaq yolu ilə bərpa olunmuşdur.
Bu dövrün binalarından bir neçə yazılı əşya da aşkar edilmişdir: daş farqment üzərində “Kadaşman-Enlil”in adı, zədələnmiş toppuz başı üzərində “Aşşurballitin sarayı” və daş qab üzərində “Uşişi Günəş tanrısına həsr edilmiş İdi ölkəsi hökmdarının Bauri sarayı” yazılmışdır.
R.Daysonun fikrincə, IV dövrün mədəniyyətinə urartulular tərəfindən qalanın dağıdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur. III dövr xarabalıqların toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr 2  – erkən III B (e.ə. 750–600-cü illər) və son III A (e.ə.600–400-cü illər) kəsimə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli, səciyyəvi keramika (III B dövrü) və açıq sarı rəngli keramika (III A dövrü) hazırlamışdır. Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr və I İslam dövrü gəlir.
Həsənlidə qazılmış arxeoloji materialların Güney Azərbaycanın və ümumiyyətlə, Yaxın Şərqin  qədim tarixinin öyrənilməsində böyük əhəmiyyəti var. Həsənli qazıntıları özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də bu yerin özünün, demək olar ki, tamamilə qazılması ilə fərqlənir.Yüksək elmi səviyyədə, sistemli olaraq aparılmış qazıntılar bu rayonun davamlı  mədəni inkişafının dolğun lövhəsini yaşadır. Müasir tədqiqat metodları sayəsində buradan ədə edilmiş eksponatların dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.
Həsənli materialları qonşuluqdakı Ziviyə qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş materiallarla tamamlanır. Həsənli yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənlidə qazılmış dövr etibarilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adları ilə adlandırılmışdır.
Həsənlidən 1,5 km Cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənli X dövrə uyğun gələn daha qədim dövr (e.ə.VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkimişdir. Sonra hörmə kənar edilmişdir. Qablar bərkidikdən sonra onların üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilmişdir. Qablar bəzən həndəsi şəkillərlə bəzədilmişdir.
IX və VIII dövrlər müvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə qazıntıları ilə təmsil edilmişdir. Dəlmətəpə tapıntıları e.ə. V minilliyin sonlarına aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və qara-qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən üstün və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.
Pişdəlitəpə VIII dovr e.ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün Şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıqlar aşkar edilmişdir. Buraya qəhvəyi-qara rəngli, həndəsi rəsmli sarımtıl keramika, dəvəgözü və çaxmaqdaşından silahlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir. Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İraq, İran və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R.Dayson tərəfindən müəyyənləşdirilmişdir.
Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin yüksək inkişaf etdiyini göstərir. Qədim Azərbaycan ərazilərində toxuculuq aparıcı sənət sahəsi olmuşdur. Həsənlidən tapılan müxtəlif parça qalıqları toxuculuqda qoyun yunundan istifadə edildiyini təsdiq edir. Mannalı döyüşçülər öz toxucuları tərəfindən hazırlanmış uzun və dizə çatan libas da geyinmişlər.
Həsənlidə tapılmış sümük qalıqlarının analizi T.A.Ratbunun rəhbərliyi ilə aparılmışdır. Müəllif Həsənlidə 7 dövrdə (I–V, VII, IX) aşkar edilmiş 120 kişi, uşaq və qadın skeletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83-ü) IV dövrə, 21-i V dövrə aiddir. Qalan dövrlər isə iki-üç nümunə ilə təmsil edilmişdir. Bütün ölülər sağ böyrü üstə, bükülü vəziyyətdə basdırılmışdır. Müəllif qeyd edir ki, ölülərin 32 faizinin başı Şimala, 31 faizinin başı isə Qərbə doğru qoyulmuşdur.
Həsənli təpəsinin Şimal ətəyindəki nekropol ərazisində 1947–1948-ci illərdə mustəqil qazıntılar aparmış M.Rad və A.Hakimi oz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürmüşlər. Ona görə də, ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişmişdir.

 

Hazırladı: 
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

3 Dekabr 2022 04:46 - CƏMİYYƏT
CƏMİYYƏT
5 Fevral 2023 | 14:57
Șəhidlərə vəfa borcu
5 Fevral 2023 | 13:22
Qaqauzlar – Avropa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə