Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qorxulu Tehran” iğtişaşlar dalğasında

Sentyabrın 16-dan bəri İranda davam edən və son 40 ildə hökumət əleyhinə ən irimiqyaslı etiraz hərəkatı sayılan kütləvi iğtişaşlar dünya mediasının gündəmində aparıcı mövzulardan birnə çevrilib. Hakim dairələr müxtəlif üsullarla, hətta silahlı müdaxilə və edamlar yolu ilə kütləni qorxudub dağıtmağa çalışır, etiraz dalğası isə səngimək bilmir. Aşağıların və yuxarıların barışmaz mübarizəsi günlər keçdikcə kəskinləşir.


Xarici medianın İran hadisələri ilə bağlı materiallarında göstərilir ki, 2 ay əvvəl qadınlara qarşı zorakılıq əleyhinə başlayan kütləvi çıxışlar 1979-cu il İslam İnqilabından bəri hökumətin üzləşdiyi ən ciddi problemdir. Sentyabr ayında hicabla bağlı qaydaları pozmaq iddiası ilə əxlaq polisinin saxladığı gənc qadın Məhsa Əmininin ölümü ölkə boyunca hakimiyyətə qarşı etiraz çıxışlarına təkan verib. O vaxtdan bəri təhlükəsizlik qüvvələrinin amansız təqiblərinə qarşı müqavimət davam edir. Kürd əsilli Məhsa Əmininin ölümündən sonra keçirilən ilk etirazlarda onun ana dilində “Cin, Ciyan, Azadi” (kürdcə qadın, həyat və azadlıq) şüarı səslənib. İndi bu şüarı həm fars, həm də Azərbaycan dilində deyirlər.
İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin verdiyi xəbərlərdə iğtişaşlarda 460-dan çox müxtəlif yaşlı insanın qətlə yetirildiyi, 18 mindən çox  etirazçının həbs edildiyi bildirilir. Xarici telekanallarda hər gün hicab qaydalarını nümayişkaranə pozan qadınların görüntüləri yayılır, onlar zibil qutuları və maşınların üstünə çıxaraq baş örtüklərini yelləyirlər.
Sosial mediada aktrisa Fatma Motaməd-Arya kimi tanınmış simalar da daxil, ictimai yerlərdə hicabsız olan qadınların görüntüləri yayılır. Belə ictimai itaətsizlik nümunələrinin sayı İslam Respublikasının tarixində görünməmiş həddə çatıb. Bəzi paylaşımlarda hətta təhlükəsizlik qüvvələrinin yanında başları açıq olan qadınların şəkilləri də yayılır. Rəsmi dairələr qaydaların dəyişmədiyini deyir, qiyamçı qadınları ağır cəzalarla hədələyirlər. Əxlaq polisinin sözçüsü Əli Xanməhəmmədi deyib: “Hicabsız olmaq hələ də qanuna ziddir”.
BBC-yə müsahibə verən yaşlı bir qadın bildirib ki, o, etirazlar başlayandan bəri tez-tez küçəyə hicabsız çıxır və cəza tədbirləri onları etiraz etməkdən çəkindirməyib: “Keçən gün küçədə gedirdim və arxamda bir avtomobilin siqnal səsini eşitdim. Dönüb baxdım ki, maşında hicabsız gənc bir qadın var. O, öpüş və qələbə işarəsini göstərdi. Mən də elə eyni işarəni etdim, yəni 2 ayda ölkə əvvəlki 43 ilə nisbətdə daha çox dəyişib”.
Hazırkı etirazları əvvəlki çıxışlardan fəqrləndirən daha bir cəhət də etirazların divarlarda əksidir.  Sosial mediada “divarlar uğrunda mübarizə” mənzərələri, tikililərə şüar yazan insanların görüntüləri adi hala çevrilib. Bələdiyyələr qraffitilər olan yerləri yenidən boyamağa çalışırlar. Lakin bu da hədər yerə aparılan mübarizə sayılır.
Əksər şüarlarda etirazların dünyəvi xarakterinə işarə edilir, teokratik rejimin rəhbərləri ittiham edilir.
Küçələrdə ictimai məkanlar uğrunda əsl mübarizə gedir: nümayişləri qadağan edən qaydalara məhəl qoymayan etirazçılar reklam lövhələrini ya sökür, ya da onun üzərinə öz şüarlarını yazırlar. İranlı yazıçı və fəal Aleks Şəms BBC-yə bu barədə deyib: “İnsanlar izdiham tərəfindən alqışla qarşılanan qızların və qadınların rəqs etdiyi müvəqqəti azad zonalar yaradıblar. Onlar repressiyaya son qoymaq tələbi ilə şüarlar səsləndirir, görüşüb hərəkatın hansı istiqamət alacağını müzakirə edirlər. Elə etirazların özü də fərqli bir gələcəyin təsəvvürünü yarada biləcək ən mühüm yerlərdən birinə çevrilib”
Xarici KİV məktəbliləri də ən fəal etiraz qruplarından biri kimi təqdim edir. HRANA-ya əsasən, etirazların gedişatında 100-dək uşaq və yeniyetmə həlak olub. Həyatını itirən fəal gənclər iğtişaşların tanınan simvollarına çevriliblər. Nika Şəkərami və Zarina İsmayılzadə kimi adlar artıq paylaşılan həştəqlərə çevrilib və bir çox yerdəki qraffitilərdə onların simalarını görmək olar.
İnternetdəki videolarda şagirdlər (əsasən qızlar) hökumət əleyhinə şüarlar səsləndirir, ayətullah Xameneyinin şəkillərini cırır və yaxud da dərsliklərdəki şəkilləri həlak olan etirazçıların görüntüləri ilə əvəz edirlər. Sosial mediada yayılan videoların birində şagirdlər məktəbə çıxış etmək üçün gələn təhlükəsizlik qüvvələrinin zabitinə “Rədd ol!” deyə qışqırırlar.
İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Salami etirazçılara 1 ay əvvəl verdiyi “Küçələrə çıxmayın! Bu gün iğtişaşların son günüdür” ultimatumu tamailə təsirsiz olub. Elə həmin gün kütləvi aksiyalar keçirilib, təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib.
Telekanallarda səslənən açıqlamalardan birində küçəyə çıxmış gənc ana bildirib: “Qorxurdum, amma övladıma daha yaxşı gələcək vermək üçün bunu etməyə məcburam”. Almaniyada yaşayan iranlı müğənni və fəal Fəravaz Fəvardini də hesab edir ki, mövcud vəziyyətin yaratdığı hiddət etirazlara təkan verib: “Hər şey bahalaşmaqdadır və çoxlu təzyiqlər var. 
Məhsa Əmininin başına gələnlərdən sonra insanlar gördülər ki, hətta siyasətlə məşğul olmayanlar da boş yerə öldürülə bilər. Məncə, bu, bir çox insanı öz ümidləri uğrunda mübarizəyə cəlb etdi”.
Xarici ekspertlər bildirirlər ki, indiki etirazların əvvəlki hərəkatlardan fərqi aksiyaların İran cəmiyyətinin müxtəlif təbəqələrini hərəkətə gətirməsidir. 2009-cu ildəki prezident seçkilərinin nəticələrindən sonra başlayan etirazların mərkəzində orta sinif dururdu. 2019-cu ildə isə yanacağın bahalaşması ilə bağlı kütləvi çıxışlar cəmiyyətin əsasən daha kasıb təbəqələrini cəlb etdi. Lakin hazırda müxtəlif etnik qrupların bir araya gəldiyini görmək olar və bunu nümayişlərin şüarları da əks etdirir.
Aleks Şəms adlı  ekspert qeyd edib ki, hökumət etirazların etnik separatçılığa və vətəndaş müharibəsinə yol açacağını desə də, aksiyalar ölkənin birliyini sarsıtmayıb: “Müxtəlif mənşəli iranlılar arasındakı həmrəylik etirazlarda əsas rol oynadı, qorxu və şübhə baryerlərini dəf etdi. Hökumət etirazların dinə zidd olduğunu iddia etməyə çalışsa da, həm dindar, həm də qeyri-dindar insanlar bir araya gəldi, düşmən olmaqdan imtina etdi”. Əvvəlki etirazlar İranda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilmədi, lakin Şəms indiki vəziyyətin fərqli olduğuna inanı: “Son bir neçə həftə insanların nəyin mümkün olduğuna dair düşüncələrini kökündən dəyişdi. Və bu, özü-özlüyündə artıq bir qələbədir”.

 

T.Rüstəmli,
“Xalq qəzeti”

 

3 Dekabr 2022 04:39 - CƏMİYYƏT
CƏMİYYƏT
5 Fevral 2023 | 14:57
Șəhidlərə vəfa borcu
5 Fevral 2023 | 13:22
Qaqauzlar – Avropa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə