Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Paris qətnamələri” İrəvanı dalandan çıxmağa qoymadı

Noyabrın son günündə Fransa Respublikasının Milli Assambleyası 15 gün əvvəl ölkə Senatının qəbul etdiyi  Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, Azərbaycana qarşı böhtan və iftiralarla dolu qətnamədə əks olunmuş bədnam iddiaları ədalətsizcəsinə dəstəklədi. Bu siyasi-diplomatik estafetin ərsəyə gətirdiyi qətnamə Fransa parlamentarilərinin ölkəmizə qarşı düşmənçilik münasibətinin növbəti təsdiqi oldu.


Fransa Xarici İşlər Nazirliyi dərhal bu qətnamələrin Fransa hökumətinin mövqeyi ilə üst-üstə düşmədiyini və hökumətin bu addımları dəstəkləmədiyini elan etsə də, Ermənistan siyasətçilərinin “qələbə” eyforiyasını söndürə bilməyib. Bu 3 hadisənin ardıcıllığından çıxan nəticə hələlik İrəvanda düzgün oxunmur və ya siyasi  dalanda çapalayan Ermənistan rəhbərliyi özünü  bilməzliyə vurur. Belə bir çılğınlıq şəraitində Fransa prezidentinin təşəbbüsü və barmaq işarəsi ilə parlamentin hər iki palatasının qəbul etdiyi, ardınca Fransa hökumətinin sahib çıxmadığı böhtançı  qətnamələrin “faydası” və “zərəri” haqqında erməni cəmiyyətinin ayıqlıqla düşünməsinə ehtiyac var.
Ötən günlərdə Azərbaycan hökuməti, parlamenti və cəmiyyəti haqlı olaraq bu bədnam qətnamələri dəyərsiz bir kağız parçası hesab etdiyini bildirdi. Ermənistan cəmiyyəti isə yenə də həmin dəyərsiz kağız parçaları üzərində siyasət qurmağa, növbəti dəfə aldanmağa meyilli görünür. Ermənistan mətbuatı artıq Fransa ilə daha sıx hərbi əməkdaşlıqdan və bu ölkənin qoşunlarının əraziyə gətirilməsindən tutmuş, Qarabağ ərazisində Fransanın hansısa qondarma missiyasının yerləşdirilməsinə qədər cəfəng  ideyalarla dolub-daşır. 
Erməni millətçilərinin “entuziazmı” o həddə çatıb ki, 200 il əvvəl onları Cənubi Qafqaza köçürmüş və 100 il əvvəl Azərbaycan ərazisində Ermənistan adlı dövlət yaratmış və bu gün də onların sərhədlərini müdafiə edən Rusiyanı tanımaq belə istəmirlər. Saxta Fransa hamiliyinə dərindən inanmış ermənilərin KTMT dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlmiş Rusiya Prezidenti Vladimir Putini Avropa İttifaqının bayraqları ilə qarşılaması da bu sadəlövhlükdən irəli gəlirdi.
Bəs reallıqda nə baş verir, bunun ermənilərə faydası və zərəri nə ola bilər? Bu haqda erməni siyasətçiləri düşünməyi və danışmağı xoşlamırlar. Onlar öz inandıqlarına sitayiş etməyə adətkardırlar. Erməniçilik, millətçilik və terrorçuluq ideyaları ilə zəhərlənmiş erməni cəmiyyəti dəfələrlə başları daşa dəysə də, yenə də öz xam xəyallarını Azərbaycan torpaqlarının üzərində süzdürməyə davam edir və növbəti dəfə öz fantaziyalarını Fransa vasitəsilə gerçəkləşdirə biləcəklərinə ümid edirlər.
Son 2 ildə Ermənistanla Azərbaycan arasında baş tutmuş təmasların xronologiyası mümkün sülh prosesinin məhz sonuncu Praqa görüşündən sonra pozulduğunu göstərir. Praqada noyabrın 6-da keçirilən görüşə qədər həm Rusiyanın dövlət başçısı Vladimir Putinin həm də Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərin nəticələrində pozitiv dinamika müşahidə olunurdu. Lakin bu görüşlərə Fransa prezidentinin də qatılması tərəflər arasında əldə olunmuş irəliləyişlərin qarşısını aldı. Ardınca Fransa prezidentinin sonrakı görüşlərdə də iştirakının Ermənistan tərəfindən şərt kimi irəli sürülməsi danışıqlar prosesini dalana dirədi. 
Beləliklə, E.Makronla N.Paşinyanın xəlvəti sövdələşməsi iki ölkə arasında münasibətlərin tənzimlənməsinə mane olmaqla, bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsinin qarşısını aldı. Baş verənlərin Ermənistanın milli maraqlarına uyğun olduğunu düşünmək belə ağılsızlıq olardı. Onda Ermənistan niyə Makronun oyunlarına getdi? 
Ehtimal etmək olar ki, Paşinyan–Makron cütlüyünün ssenarisinə görə, Fransa prezidenti bu görüşlərə qatılmaqla, bir tərəfdən Minsk qrupundakı uğursuzluğunu ört-basdır etməli, digər tərəfdən isə ölkəmizə Senat və Milli Assambleya vasitəsilə siyasi təzyiq göstərməklə Azərbaycandan Ermənistan üçün müəyyən güzəştlərin əldə edilməsinə nail olmalı idi. Başqa bir tərəfdən, bu proseslərdə destruktiv rol oynamaqla, Fransanın heç də Ermənistana dəstək olmaq yox, əksinə, öz xeyrinə Azərbaycandan hansısa preferansiyalar əldə etmək istədiyi istisna deyil. Amma belə bir diletant ssenari işləyə bilməzdi.
Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə Fransa rəhbərinin qatılacağı görüşdən imtina etməsi Paşinyan–Makron oyununu elə başlanğıcında dayandırdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməməsi, o cümlədən, sülh müqaviləsi üzrə danışıqların dayandırılması, ilk növbədə, Ermənistanı daha ağır duruma salır. Erməni hərbçilərinin hər bir təxribatı yenidən Azərbaycan Ordusunu hərəkətə gətirə bilər və o zaman Ermənistan yenidən sülh yalvarışlarına əl atmalı olar. Bütün hallarda, bölgədən kənar güc sahibinə ümid edərək konstruktiv danışıqlar prosesini pozmaq Ermənistanı növbəti fəlakətlə üz-üzə qoya bilər.
Görünür, bir tərəfdən Rusiya ilə Avropa İttifaqı arasında, digər tərəfdən isə İranla ABŞ arasında “manevrlər” etdiyini düşünən Ermənistan hakimiyyəti indiki ağır durumda belə riskli gedişlərin hansı acı nəticələrə gətirib çıxara biləcəyini düşünmək və anlamaq iqtidarında deyil. “Başına gələn başmaqçı olar”– deyiblər. Lakin I Dünya müharibəsi zamanı, ardınca 1918–1920-ci illərdə və nəhayət, 1988–2020-ci illərdə kənar qüvvələrin əlində alət olmuş Ermənistan başına gələnlərdən “başmaqçı” ola bilmədi. 
Görünən odur ki, Ermənistan Azərbaycanın onun başına endirdiyi “dəmir yumruq”dan qətiyyən nəticə çıxarmaq istəmir. “Paris qətnamələri” İrəvanı dalandan çıxmağa qoymadı. Deməli, “dəmir yumruq” hələ də yeganə təsir vasitəsi olaraq qalmalıdır.

 

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,  fəlsəfə doktoru 

3 Dekabr 2022 04:19 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə