Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan–İran tandemi Orta Dəhliz ideyasına qarşı

Yaxud Tehran və İrəvanın uğursuz Aİİ alternativi

Noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfrans, toplantıda Azərbaycan Prezidenti cənab İlham Əliyevin geniş və məzmunlu çıxışı, tanınmış xarici ekspertlərin, analitiklərin, aparıcı beyin mərkəzlərinin təmsilçilərinin suallarına verdiyi əhatəli cavablar Azərbaycanla yanaşı, beynəlxalq ictimaiyyətin və xarici media orqanlarının da diqqət mərkəzindədir. 
Tədbirdə müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətini dünya çox gözəl anlayır. Beynəlxalq aləm belə bir tədbiri təşkil etməklə Azərbaycanın, əslində, hansı mesajı verdiyinin fərqindədir. Bakı demək istəyir ki, Çindən başlayan Qazaxıstanı, Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı, Türkiyəni əhatə etməklə Avropaya və əks istiqamətə yük daşımalarının reallaşdırılmasında təhlükəsizlik önəmli faktordur. Hazırda bu təhlükəsizliyə təhdid törədən amillər isə ortadadır: Ermənistan və İran! 
Dolayısı ilə, ölkəmiz bu iki dövlətin nəhəng Orta Dəhliz ideyasına qarşı çıxdığını qabardır. Bu mənada, ADA Universitetində keçirilmiş konfrans həm də dünyanın məsələ ilə bağlı səfərbərliyinin təmin edilməsinə hesablanıb. O dünyanın ki, hazırda qeyd etdiyimiz ideyanın tezliklə reallaşmasına, hətta Azərbaycandan da çox ehtiyac duyur. Prezident İlham Əliyevin çıxışı və suallara verdiyi cavablar bu ehtiyacın müxtəlif məqamlarına müfəssəl aydınlıq gətirmək baxımından hədsiz əhəmiyyətlidir. 
***
İran İslam Respublikası ((İİR) və Ermənistan Azərbaycanın əsas rol oynadığı Zəngəzur dəhlizi ideyasına qarşı İrəvanın tərkibində yer aldığı, Ermənistandan başqa Rusiyanın, Qazaxıstanın və Belarusun daxil olduğu Avrasiya İqtisadi İttifaqını (Aİİ) gündəmə gətirir. Daha doğrusu, mövcud platforma çərçivəsindəki azad ticarət zonasını. Əlbəttə, İran və Ermənistan Aİİ müstəvisində əməkdaşlıq edə bilər. Amma nəzərə alsaq ki, hər iki dövlət hazırkı hərəkətləri ilə dəhliz məntiqini inkar edir, belə bir şəraitdə onların azad ticarət zonasından danışmaları böyük anlamda Orta Dəhliz ideyasına müqavimət mahiyyəti daşımaqdadır. 

İrəvan 2018–2019-cu illərdə İranla imzaladığı sazişlərin vacibliyini qabardır, təmsil olunduğu Aİİ ilə Tehran arasında, bir növ, körpü funksiyası daşıdığını gözə soxur, obrazlı desək, əyninə strateji əhəmiyyətlilik donu biçir. Bu baxımdan, özünün İslam respublikası ilə 2021-ci ilin ticarət dövriyyəsindəki rəqəmləri də önə çəkir. Sən demə, 2020-ci illə müqayisədə Ermənistan–İran ticarət dövriyyəsi 73,5 faiz artıb, üstəlik, ixracın 2,1, idxalın isə 28,8 dəfə artdığı bildirilir. 
Qeyd edək ki, diqqətə çatdırdığımız məqama İran tərəfdən də münasibət var. Məsələn, beynəlxalq münasibətlər üzrə iranlı ekspert Babək Şəfii özünün “Dağlıq Qarabağ və İran İslam Respublikasının təhlükəsizliyi” adlı məqaləsində daha “irəli” gedərək yazır ki, “Dağlıq Qarabağ Respublikası” bir ölkə kimi müstəqilliyini elan edərsə, İranın bu “müstəqillikdən” faydaları o olacaq ki, ölkə şimal-qərb sərhədlərində iki döyüşən tərəf arasında bufer zonaya çevriləcək. Ən əsası isə dənizə çıxışı olmayan və İslam Respublikası ilə ortaq sərhədə malik bölgə üçün tranzit dəhliz funksiyası daşıyacaq. Eyni zamanda, ərazi Tehranın yerli məhsulları üçün uyğun istehlak bazarı rolunu oynayacaq. 
İranda B.Səfii kimi düşünən “beyin strateqləri” az deyil və onların fikirləri ilə tanış olduqda İran-Azərbaycan siyasi gərginliyinin iqtisadi səbəblərini daha aydın sezmək mümkündür. O İran ki, qarşıdakı bir ay ərzində onun Aİİ ilə azad ticarət zonasının yaradılması ilə bağlı sazişləri rəsmiləşdirməyə hazırlaşdığı bildirilir. Əlbəttə, ilk baxışdan bu sazişdə, ümumən əməkdaşlıqda problemli heç nə yoxdur. Problem İranla yanaşı, Ermənistandadır. Onlar Azərbaycanın Zəngəzur dəhlizinə, böyük anlamda isə Orta dəhliz ideyasına qarşı çıxırlar. Hazırda İrəvan–Tehran əməkdaşlığına Aİİ-ni qatmaq istəkləri bu təşkilatda təmsil olunanları Azərbaycana qarşı qoymaq cəhdidir. Ermənistan sıralarında yer aldığı, daha çox siyasi-hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycana qarşı qoya bilmədi. İndi də iqtisadi manipulyasiyalarını işə salıb. Təbii, İranla birlikdə. 
***
2018-ci ildə İran və Aİİ azad ticarət zonasının yaradılması haqqında müvəqqəti saziş imzalayıblar. Hazırda bunun daimiliyi ilə bağlı diskussiyalar aparılmaqdadır. Ermənistan müvəqqəti anlaşmanın tərəflərin xeyrinə işlədiyini iddia edir. Bu baxımdan qurumla İİR arasında ticarət dövriyyəsinin artdığı və rüsumların azaldıldığı üzərində dayanılır. 
Məlumdur ki, İran iqtisadiyyatı proteksionist xarakterlidir. Yəni ölkə daxili bazarın inkişafı üçün xarici malları əngəlləmək yönümlü siyasət aparır. Məsələn, İranda iki minə yaxın əmtəə var ki, onların ölkəyə idxalı ya qadağan edilib, ya da ciddi şəkildə məhdudlaşdırılıb. Yerli iş adamları bu siyahıdan kənar mal istehsal edərlərsə, idxalla rəqabət apara bilməzlər. İdxal olunan mallar xüsusiyyətlərinə görə çox fərqlidir və onların İranın daxili bazarında analoqu yoxdur. 
Əlbəttə, Tehran Aİİ üçün güzəşt edə bilər. Ancaq heç də bütün mallar üzrə rüsumların sıfırlanmasından söhbət gedə bilməz. Yalnız tariflərin yumşaldılması nəzərdən keçirilə bilər. Tərəflər bunu ikitərəfli ticarətdə lazımsız maneələrdən xilas olmaq kimi qələmə verirlər. Bu zaman, əlbəttə, risklərin hesablanması və qiymətləndirilməsi də mütləqdir. Nəzərə alaq ki, əvvəldən onlar arasında azad ticarət zonası ilə bağlı sazişə hansı əmtəələrin daxil ediləcəyinə, hansıların daxil edilməyəcəyinə dair sövdələşmə var idi.
Onu da qeyd edək ki, ötən üç ildə Aİİ-nin İran üçün tarifləri orta hesabla 64, Aİİ ölkələrindən olan iş adamları üçün isə İranın rüsumları orta hesabla 23 faiz azaldılıb. Sonradan tarifləri aşağı salınan malların siyahısına meyvələr, tərəvəzlər, qoz-fındıq, ət məhsulları, bəzi qənnadı məmulatları və şokolad növləri, həmçinin, metal və kosmetika məhsulları daxil edilib. İndi ticarət nomenklaturasının ən azı 80 faizinin rüsumlardan azad ediləcəyi bildirilir.
Ermənistan Aİİ-də İranla quru sərhədi olan yeganə ölkədir. Buna görə onun  Avrasiya məkanında Tehranla ticarətdə oynadığı rol qabardılır. İranla quru yolu ilə ticarətin aktivləşməsi üçün Ermənistan istiqaməti nə dərəcədə vacibdir? Hakimiyyətlərinə yaxın erməni ekspertlər ölkəni İranın Avrasiya inteqrasiyasının lokomotivi kimi görürlər. Onun coğrafi baxımdan iki dost olmayan dövlət – Azərbaycan və Türkiyə tərəfindən sıxışdırıldığını vurğulayaraq, İranla ticarətin artırılmasındakı vaciblik amilini qabardırlar. 
Ancaq məlumdur ki, ortada Ermənistanın gerçək lokomotivliyi deyil, sabun köpüyü var. Çünki Aİİ ilə İran arasında ticarətin əksəriyyəti Rusiyanın payına düşür. Məsələn, keçən il Rusiya–İran ticarət dövriyyəsi iki dəfə artaraq 4 milyard dollara çatıb. Digər Aİİ üzvləri isə İranla ildə ümumən 1 milyard dollardan az ticarət edirlər. Ancaq Rusiya və İranın iqtisadiyyatının böyüklüyünü, ölkələrin münasibətlərinin səviyyəsini nəzərə alsaq, 4 milyard dollar çox kiçik rəqəmdir.
Üstəlik, o da sual doğurur ki, iqtisadiyyatı və maliyyə sistemi Qərbin total sanksiyaları altında olan İran artan ticarət tempinə necə uyğunlaşacaq? Digər tərəfdən, Tehranla ticarətdə maliyyə əməliyyatları necə həyata keçiriləcək? Fiziki olaraq, hazırda İranla qanuni ticarət çox vaxt başqa ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə aparılır. Çünki 2012-ci ildən ölkənin bank sistemi SWIFT-dən ayrılıb. 
Avrasiya İttifaqında əsas rol oynayan Rusiyanın vəziyyətinə baxaq. Bu ölkə də İran kimi Qərbin total sanksiyaları altındadır, iqtisadiyyatı tənəzzül dövrünü yaşayır. Diqqət yetirsək, görərik ki, Kreml dairələrində son zamanlar Aİİ haqqında, ümumiyyətlə, söz açılmır. Faktiki olaraq qurum iflic haldadır. Bu isə o deməkdir ki, Moskvaya hazırda, belə demək mümkünsə, alternativ gəlir lazımdır. Məhz buna görə Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda kommunikasiyaların açılmasının vacibliyi üzərində dayanır. Vacibiyyət isə yalnız Orta Dəhliz ideyasının tərkib hissəsi olacaq Zəngəzur dəhlizi vasitəsilə qiymətləndiriləcəkdir. Başqa yol yoxdur. 
Bütün bunları nəzərə alsaq, Ermənistan dairələrinin Aİİ üzərindən Orta Dəhliz ideyasına alternativ irəli sürmələrinin, mövcud istiqamətdəki iddialarının bəri başdan uğursuzluğa düçar olduğunu söyləmək mümkündür. Əlbəttə, İran müqavimət göstərə bilər və əvvəldə də vurğuladıq ki, göstərir. Məhz buna görə Tehran Ermənistanın müstəqilliyinin özü üçün “qırmızı xətt” olduğunu vurğulayır. Onu da diqqətə çatdırdıq ki, vaxtilə İİR üçün Qarabağdakı separatçı rejimin “müstəqilliyi” də məhz bu baxımdan əhəmiyyətli olub. 
Ancaq Azərbaycanın 44 günlük müharibədəki Zəfəri həm belə mənfi təmayülləri sıradan çıxartdı, həm də bölgədə yeni reallıqlar formalaşdırdı. Elə bir reallıqlar ki, həyata keçməsi nəinki Azərbaycan, ümumən dünya üçün böyük əhəmiyyət kəsb edir. Ermənistan və İran hazırkı davranışları ilə, Bakının baş rolda oynadığı reallıqlar ansamblında təmsil olunmaq istəmədiklərini ortaya qoymaq bir yana, hətta irəliyə doğru gedən qatarın çarxlarına çomaq soxmaq yolu tuturlar. Onlar otuz ilə yaxın bir müddətdə bu ampluada olublar. Yəni çarxa çomaq soxublar. Unudurlar ki, əvvəllər, obrazlı desək, qarşılarında taxtadan zəif çarx var idi, indiki isə dəmirdəndir. “Dəmir yumruğun” çarxının da dəmirdən olduğunu yaddan çıxarırlar. 

 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 

3 Dekabr 2022 04:14 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə