Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəbəqədər təhsil müəssisəsinin 35 illiyi qeyd olunub

175 nömrəli körpələr evi-uşaq bağçasında “Şuşa İli”nə və bağçanın yaranmasının 35 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, YAP Nizami Rayon təşkilatının sədri Ramil Vəlibəyov, 272, 229, 129 nömrəli tam orta məktəblərin direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Bu barədə "Xalq qəzeti"nə idarənin Mətbuat xidmətindən məlumat verilib.

175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Zemfira Əsədova ilk olaraq qonaqları salamlayıb. Körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu layihələrdən bəhs edən bağça müdiri 35 ildir fəaliyyət göstərən uşaq bağçasının keçdiyi inkişaf yolundan söhbət açıb.

Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etməklə milli-tarixi-mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərir.

M.Vəliyeva bağça kollektivini 35 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə çıxış edənlər Şuşa şəhərinin azad edilməsinin Vətən Müharibəsində həlledici mərhələ olduğu üçün tariximizə Zəfər Günü kimi yazıldığını bildiriblər.

Tədbirdə balaca fidanlar Azərbaycana, vətənpərvərliyə həsr edilən şeirlər söyləyiblər. Maraqlı kompozisiyalar, rəqs və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

2 Dekabr 2022 16:45 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə