Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 425 Bakı şəhəri, 29 noyabr 2022-ci il 
 
“Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli    1670 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Əli Əsədov,
 Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

 

 

“Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Geodeziya və Kartoqrafiya Agentliyi (bundan sonra – Agentlik) geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanması, ümumdövlət əhəmiyyətli məsələlərin həllini təmin edən dövlət planlarının tərtibi, qravimetriya, kartoqrafiya və xəritəçəkmə, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə nəzarətin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəl-xalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyətinin istiqamətləri

 

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində və materialların istifadəsində dövlətin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsinə dair müvafiq tədbirlər görmək;

2.1.2. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya, kartoqrafiya ilə bağlı işləri təşkil etmək və dövlət nəzarətini həyata keçirmək;

2.1.3. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərini və coğrafi adlar üzrə kataloqlar yaratmaq, coğrafi obyektlərin uçotunu aparmaq, coğrafi xəritələri yeniləmək və bu sahədə fəaliyyətin təşkilinə dair müvafiq tədbirlər görmək;

2.1.4. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.5. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

 

3. Agentliyin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamət-lərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.4. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradıl-masını, ümumcoğrafi, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafiya-tədris vasitələrinin layihələn-dirilməsi, tərtibi və nəşri ilə bağlı tədbirlər görülməsini təmin etmək;

3.1.5. dövlət topoqrafik xəritələrinin və planlarının hazırlan-masını, ümumdövlət, müdafiə əhəmiyyətli dövlət planlarının tərtibini və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını, habelə inkişafını və işlək vəziyyətdə saxlanmasını təmin etmək üçün tədbirlər görmək;

3.1.6. topoqrafiya və kartoqrafiya materiallarının və məlumat-larının metroloji təminatının həyata keçirilməsini təmin etmək;

3.1.7. hazırlanmış ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrini, fəaliyyət istiqamətlərinə əsasən dəqiqliyini müəyyənləşdirməklə təsdiq edilməsi üçün Nazirliyə təqdim etmək;

3.1.8. kartoqrafiya planlarında, xəritələrində və digər mənbə-lərdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin qanuni və düzgün çəkilişinə nəzarətin həyata keçirilməsini təmin etmək;

3.1.9. vahid koordinat və yüksəklik sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələri ərazilərinin topoqrafik planaalınmasının, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq tərtibinin həyata keçirilməsini təmin etmək;

3.1.10. dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, yenidən qurulmasına və yenilərinin quraşdırılmasına (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) razılıq verilməsi ilə bağlı Nazirliyin müraciətinə münasibət bildirmək;

3.1.11. Nazirliklə, habelə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaş-dırmaqla, aerofotoplanaalma işlərini həyata keçirmək və digər təşkilatların müəyyən olunmuş qaydada həmin məlumatlarla təmin edilməsi üçün müvafiq tədbirlər görmək;

3.1.12. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin tədqiqi işlərinin həyata keçirilməsini təmin etmək;

3.1.13. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumat-larının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazların ticarət dövriyyəsinə daxil edilməsi, idxalı, ixracı, uçotu və tətbiqi üçün tədbirlər görmək;

3.1.14. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idxalına və ixracına nəzarət edilən xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının siyahıları ilə və onlardan istifadəyə dair müvafiq metodiki sənədlərlə təmin etmək üçün tədbirlər görmək;

3.1.15. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata almaqla, onların uçotunun aparılmasını, habelə Azərbaycan Respublikasının Dövlət Geodeziya və Kartoqrafiya Fondunda material və məlumatların formalaşdırılmasına, saxlanıl-masına və onlardan istifadəyə, həmçinin rəqəmli kartoqrafiya məlumatı banklarının, elektron xəritələrin, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqların yaradılmasına nəzarətin həyata keçirilməsini təmin etmək;

3.1.16. rəqəmli kartoqrafiya məlumatı bankının, elektron xəritələrin, geodeziya məlumatlarının və coğrafi adlar üzrə kataloqların yaradılmasını təmin etmək;

3.1.17. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının, məlumatlarının uçotunu, habelə xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının sınağının, geodeziya ölçmələrinin vahidliyinin təmin edilməsi üçün tədbirlər görmək;

3.1.18. Azərbaycan Respublikasının ərazisində quraşdırılmış geodeziya-istinad məntəqələrinin məlumatlarından dövlət əhəmiyyətli geodeziya və kartoqrafiya işlərində istifadə edilməsi üçün tədbirlər görmək;

3.1.19. Nazirliklə razılaşdırmaqla, dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərinin müvəqqəti dayandırılması barədə, habelə qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırılmasına dair müvafiq tədbirlər görmək;

3.1.20. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya, kartoqrafiya ilə bağlı işləri təşkil etmək;

3.1.21. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.22. Azərbaycan Respublikasının müdafiəsini və təhlükə-sizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işlərinin, həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərinin həyata keçirilməsini təmin etmək;

3.1.23. Azərbaycan Respublikasının ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin qeydiyyatını aparmaq və yeni nəşr olunan xəritələrdə əks etdirilməsinin təmin edilməsinə dair tədbirlər görmək;

3.1.24. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması üçün məlumatları aidiyyəti dövlət orqanlarından (qurumlarından), hüquqi şəxslərdən almaq;

3.1.25. geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbii hadisələrin proqnozlaş-dırılması məqsədilə tədbirlər görmək, bu barədə aidiyyəti dövlət orqanlarına və Nazirliyə məlumat vermək;

3.1.26. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya sahəsində işlərin və onların nəticəsi olan materialların və məlumatların hazırlanmasının və istifadəsinin vahid rejim və normativ-texniki sənədlər əsasında həyata keçirilməsini təmin etmək;

3.1.27. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.28. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.29. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun təşkil etmək;

3.1.30. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.31. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.32. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.33. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.34. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.35. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.36. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.37. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.38. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin qəbul olunması, aktlarda dəyişikliklər edilməsi, aktların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətləri üzrə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdır-malar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.6. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

3.2.8. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.10. qanunla müəyyən edilmiş qaydada regional və beynəlxalq təşkilatlara üzv olmaq;

3.2.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.12. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.14. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

 

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. Agentliyin İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 (üç) üzvdən – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun  2 (iki) müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.5.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.3. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.5. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.6. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçi-lərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin  təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.7. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.9. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.10. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.11. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.13. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.14. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.15. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.16. bu Nizamnamənin 3.1.33-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.18. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.7. İdarə Heyətinin üzvlərinə və İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.8. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ daxil edildikdə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirə-sində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.10. İdarə Heyətinin sədri:

4.10.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.10.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.10.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.10.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.10.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.10.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.10.8. Nazirliyin müəyyən etdiyi struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.10.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.10.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayən-dəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;

4.10.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.10.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.10.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.10.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.10.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.11. İdarə Heyətinin üzvləri:

4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.11.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Agentliyin nizamnamə fondu, əmlakı və

maliyyə fəaliyyətinin əsasları

 

5.1. Agentliyin nizamnamə fondu 872851,94 (səkkiz yüz yetmiş iki min səkkiz yüz əlli bir manat, doxsan dörd qəpik) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyə-tindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənməyən qiymətlərə (tariflərə) aiddir.

 

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

 

7. Agentlikdə uçot və hesabat

 

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. Agentliyin ləğvi və yenidən təşkili

 

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə