Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Orta Dəhlizdən görünən üfüqlər

Azərbaycan Prezident İlham Əliyevin 25 noyabr 2022-ci ildə ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı konfransın adına, necə deyərlər, mandat-missiyasına uyğun mövzular başda olmaqla, ümumən bütün əməli fəaliyyət sahələrini əhatə etdi. Geosiyasət, təhlükəsizlik və iqtisadiyyatdan danışırıqsa, özü də dəhlizdən və məhz Orta Dəhlizdən danışırıqsa, əlbəttə, digər əməli fəaliyyət sahələrinin də əhatə olunduğunu qəbul etmiş oluruq.

Ümummilli liderimiz Heydər Əliyevin məşhur sözü yadıma düşür: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”.  Orta Dəhliz ölkələri, xalqları, mədəniyyətləri, adət-ənənələri bir-biri ilə yenidən və daha qapsamlı şəkildə qovuşduran bir dəhliz olacaq. Bu dəhliz səmərəliliyinə özəlliklə seçilir. Orta Dəhlizdən istifadə edəcək hər bir ölkə yeni imkanlar əldə etmiş olacaq. Orta Dəhliz nəqliyyatın demək olar, bütün üsul və vasitələri ilə zənginləşəcəkdir. Əslində, Orta Dəhlizdən qeyri-müəyyən gələcəkdə deyil, artıq bir gerçəklik kimi danışmaq haqqımız vardır. Uzun illər işğalçılıq siyasəti ilə yolları tıxamış, özünü də dalana çevirmiş Ermənistan Respublikası Orta Dəhlizin Zəngəzur hissəsini açmağa məcburdur. Bu məcburiyyəti 44 günlük müharibədə Azərbaycanınn qazandığı tarixi Zəfər şərtləndirib. Şəhidlərimizi bir daha rəhmətlə anır, yaralı qazilərimizə möhkəm can sağlığı, Azərbaycan Ordusuna, Ordumuzun Müzəffər Ali Baş Komandanına yeni uğurlar diləyirik! Bu Ordu sülhün, əmin-amanlığın, inkişafın qarantıdır! Azərbaycanın tarixi Zəfəri öz nəticələri etibarı ilə yalnız Azərbaycana xidmət etmir, faşizmin əleyhinə, tərəqqinin, inkişafın lehinə olan hər kəsə xidmət edir.

Zəngəzur Dəhlizinin aşılması Ermənistanın qaçılmaz öhdəliyidir – bu öz yerində, Orta Dəhliz Zəngəzurdan keçəcək və Rusiya-Ukrayna müharibəsi fonunda bu Dəhlizin bütün iştirakçılar üçün nə qədər fövqəladə önəm daşıdığını anlamama naşılıq olardı. Ermənistan hökuməti indi özünü naşı yerinə qoymuş kimi görünsə də, nə naşılıq, nə revanşistlik, nə də bir başqa maneəyə cəhd nəticə verməyəcək. Bununla belə, “Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq”.

Deməli, irimiqyaslı Orta Dəhliz layihəsini icra etmək üçün təhlükəsizlik, iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Bu halda, Qarabağdakı qanunsuz erməni silahlı birlikləri tərki-silah edilməli, Qarabağdan bir an öncə çıxarılmalıdır. Deməli, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip əsasında ədalətli sülh müqaviləsi bağlamalıdır. Deməli, sərhədlərin demarkasiya və delimitasiya həll olunmalıdır. Deməli, Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan və azsaylı erməni əhalisinin məskunlaşdığı ərazilərdə də respublikamızın suveren hüquqları tam şəkildə bərpa olunmalıdır. Bəli, doğrudan da, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik və “bizim sözümüz imzamız qədər keçərlidir” həqiqəti daha çox ölkə ilə və daha yaxın əlaqələrin (əməkdaşlığın) qurulmasını şərtləndirərək, hazırkı gerçəklikləri yaradıb: “Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. ...

Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”.

Bakı-Tiflis-Ceyhan Neft Boru, Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ərzurum Qaz Boru xətti, habelə TRASECA, Şimal-Cənub Dəhlizi və b. irimiqyaslı layihlər Azərbaycanın iştirakçısı yaxud mənbə ölkə olduğu layihələrin önəmini, bölgəmizin dünənini, bu gün və sabahını ifadə edə bilir.     

“Qonşu” İranın və bölgəyə aidiyyatı olmayan Fransanın Azərbaycanla münasibətsizliyi digər dövlətlərin Azərbaycanla səmimi, işgüzar münasibətləri ilə paralel cərəyan etdiyi üçün haqlı ilə haqsızı, ədalətsizlə ədalətlini, vandalizm, terror tərəfdarı ilə inkişaf tərəfdarını çox açıq-aydın görmək, müqayisə etmək mümkündür. Bizim nə xaricdə, nə daxildə heç kimlə bir problemimiz yoxdur.

Ermənistan bölgənin yeganə monoetnik ölkəsidir;

İran – ölkənin əsas xalqına mənsub olan vətəndaşlarının öz ana dilində oxuma-yazma hüququnu, digər insan hüquqlarını kobud şəkildə pozur;

Fransa – soyqırım aktları törətmiş və soyqırıma qarşı dirəniş göstərən xalqların qəhrəman övladlarının kəllə sümüklərini öz muzeylərində sərgiləyən “mədəni” Avropa ölkəsidir.

Azərbaycan ən çoxmillətli ölkələrdəndir;

Azərbaycan başqa xalqlara mənsub vətəndaşlarının öz dilində təhsil almasının qarşısını almır, əksinə dövlət səviyyəsində hüquqlar tanıyır, dəstək göstərir;

Azərbaycan heç vaxt vandalizm, terror, soyqırım aktları ilə çıxış etməyib və bununla öyünməyib...

Bax, bu müqayisənin yaratdığı mənzərə fonunda Azərbaycanın Gürcüstan, Türkiyə, Pakistan, İsrail, İtaliya, İngiltərə və b. ölkələrlə səmimi, xeyirxah münasibətlərə malikdir. Azərbaycan yalnız BMT-nin strukturları ilə deyil, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Ərəb Liqası və digər beynəlxalq quruluşlarla tərəqqiyönümlü, qarşılıqlı faydalı münasibətlər içindədir.

Fransa və Ermənistanın anti-Azərbaycan mövqeyindən çıxış etməsindən fərqli olaraq, Azərbaycan nə müharibə cinayətləri etməyib, nə də beynəlxalq quruluşlarda kimlərisə öz “cinayəti”nə ortaq etmək kimi bir dərdi yoxdur...

Azərbaycan 2008-ci ildə “Bakı Prosesi” adlı qlobal təşəbbüslə çıxış edib. – “Tarixdə ilk dəfə olaraq biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirdik. 100-dən çox ölkə ilk dəfə olaraq toplaşdı. BMT “Bakı Prosesi”ni qəti şəkildə dəstəkləyir. O, mədəniyyətlərarası dialoq üzrə ən mühüm platformalardan biridir”.   

Azərbaycanın ölkələrlə əməkdaşlığı bütün əməli fəaliyyət sahələrində yalnız tərəqqiyə, inkişafa, mehriban qonşuluğa, sülh və sabitliyə xidmət edir. Bunu “Şuşa Bəyannaməsi” ilə daha üstün imkanlarla zənginləşmiş Azərbaycan-Türkiyə əməkdaşlığı fonunda aydın görmək mümkündür: müttəfiqlik münasibətlərimiz, işbirliyimiz bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib və kimlərəsə qarşı deyil. Biz kiminsə düşməni deyilik – insanlığın düşməni olanlardan başqa!

Azərbaycanın Albaniya, Keniya və İsraildə səfirlik, Fələstində nümayəndəlik açmaqla bağlı qərarı xarici siyasətimizin yeni zənginliklər qazandığını ifadə edir. Ölkəmiz etibarlı tərəfdaş, öz dövlət ləyaqətini qoruyan, üzərində götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirən, bununla birgə öz suverenliyini, müstəqilliyini qorumağa qadir ölkədir.

Beləliklə, Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzulu beynəlxalq konfransdakı çıxışı beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan, bölgə, Avrasiya və ümumən dünya həqiqətlərinə kökləmək baxımından mükəmməl hadisə oldu. Biz inanırıq ki, məhz Azərbaycanın, Azərbaycanın dostlarının, tərəqqipərvər dünyanın səyləri hesabına haqq-ədalət zəfər çalacaq.

Biz inanırıq ki, qeyri-dost dövlətlər, öz haqsız iddia və eqolarına yenik düşən dövlətlər regional sabitlik və potensial əməkdaşlığa zərbə vura bilməyəcək. – “Hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb”. Azərbaycan nə istəyir? – Azərbaycan heç bir ədalətli ölkənin, ədalətli liderin qarşı dura bilməyəcəyi ədalətli sülh istəyir: “Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik”.

Azərbaycan dövləti və xalqı Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını istəyir. Azərbaycan bunu beynəlxalq ictimaiyyətin bir nömrəli məsələsi sayır.

 

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

30 Noyabr 2022 17:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə