Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şuşa – dünən, bu gün, sabah” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Qazaxda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Şuşa – dünən, bu gün, sabah” adlı respublika elmi-praktik konfransı keçirilib.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Tədbirə təqdim olunmuş məruzələrin toplu şəklində çap ediləcəyini qeyd edən A.Rüstəmov onun gənc tədqiqatçılar üçün böyük töhfə olacağını söyləyib.  

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında qonaqları “Qərbin qapısı” kimi xarakterizə etdiyi Qazaxda görməkdən məmnun olduğunu bildirib.

Tədbirdə AMEA-nın Gəncə Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Qarabağ Azərbaycandır – nidasından “Şuşa İli”nə doğru”, mövzusunda məruzə ilə çıxış edib.

“Son dövrlər üçün ölkənin və millətin amal və mənafeyini, iqtisadi və mənəvi inkişafını, cəmiyyətin tərəqqi və intibah mərhələlərini müəyyənləşdirən illərin adlarına fikir versək, bunun həqiqətən də strateji məqsədləri özündə əks etdirdiyini görə bilərik. Baxın, “Gənclər”, “İnformasiya texnologiyaları”, ”Sənaye”, “Multikulturalizm”, “İslam həmrəyliyi”, “Cümhuriyyət”, “Nəsimi” illərindən keçdik, “Könüllülər ili”ndə hamılıqla vətən üçün canımızı, gücümüzü birləşdirib milli şərəf məsələmizi həll etdik, Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma torpaqlarımızı qaytardıq, sonrakı ili dahi mütəfəkkirimizin adı ilə bağlayaraq, bir daha dünyaya Nizami fəlsəfəsinin hökmünü, xalqımızın bəşəri ideyalar daşıyıcısı olduğunu çatdırdıq və “Şuşa İli”nə mənəvi yüksəliş və quruculuq  amalları ilə qovuşduq!” – deyə nizamişünas alim Əlimuxtar Muxtarov çıxışında bildirib.

Konfrans öz işini “Şuşa: 270 ilə tarixi ekskurs”,  “Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu”, “Şuşanın təhsil və maarifçilik ənənələri”, “Şuşanın Azərbaycanın ədəbi irsində yeri” və “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi” mövzuları üzrə aparılan bölmə iclasları ilə davam etdirib.

30 Noyabr 2022 12:06 - ELM
ELM
15 Yanvar 2023 | 12:13
Bioloqun feysbuk dərsləri

Köhnə versiyamızdan xəbərləri izlə