Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisin iclasında

Dünən  Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Əvvəlcə cari məsələlərlə bağlı müzakirələr aparıldı.  Deputatlar  ölkədə və dünyada baş verən önəmli hadisələrdən söhbət açdılar.   


Prezident İlham Əliyevin  bugünlərdə  ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışının siyasi əhəmiyyətindən danışıldı. Dövlət başçımızın  dünyada  gedən proseslərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən deputatlar, bunu  Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da gücləndiyinin göstəricisi kimi dəyərləndirdilər.
Deputatlar Azərbaycan parlament nümayəndə heyətinin Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının plenar iclasında iştirakını və Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasını parlament diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirdilər.
Seçiciləri narahat edən məsələlər də diqqətə çatdırıldı.
Sonra parlamentin  sədri diqqətə çatdırdı ki,  iclasın gündəliyinə 28 məsələ daxil edilib. İlk iki məsələ birinci oxunuşda olan qanun layihələridir.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə layihəni (ikinci oxunuş) təqdim etdi. Komitə sədri düzəlişlərin qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldığını dedi. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini bildirdi.
S. Qafarova qeyd etdi ki, 3-cü məsələdən başlayaraq, növbəti 18 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. 3-cü və 4-cü məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edərək, ikinci oxunuşdan sonra əlavə təklifin olmadığını söyləydi.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.
Digər qanun layihələrinin müzakirəsindən və qəbulundan sonra  parlamentin  sədri “Siyasi partiyalar haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirdi. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihəsi barədə məlumat verdi.  O, hazırda qüvvədə olan qanunun 30 il əvvəl qəbul edildiyini dedi. 
F.İbrahimli yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda təsbit olunmasının zərurətindən danışdı. Sədrin müavini  Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirdi, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu, Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı sosial sorğu həyata keçirdiyini diqqətə çatdırdı.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli  Hüseynli  qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını, habelə birləşmək azadlığı hüququnu özündə tam ehtiva etdiyini söylədi. O, komitənin rəyinin müsbət olduğunu bildirdi.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl olunmaqla, şəffaflıq şəraitində hazırlandığını  diqqətə çatdırdı. 
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Gündəlikdəki digər qanun layihələri də müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

30 Noyabr 2022 03:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə