Ən son xəbərlər
Müşfiq Ələsgərli,
media eksperti
Ermənistan baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün ləğv edilməsinin günahkarı Ermənistandır. Nikol Paşinyan həmin görüşə Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə qatıla biləcəyini elan edib. Bu şərt Azərbaycan tərəfindən qəbul edilməyib.
Görüşün formatını dəyişmək təklifi bir tərəfdən Ermənistan Baş nazirinin “qorxu sindromu” yaşamasından qaynaqlanır. Nikol Paşinyan Prezident İlham Əliyevlə keçirdiyi bütün görüş və debatlardan məğlubiyyətlə ayrılıb. Düşünmək olar ki, o, növbəti məğlubiyyət acısını yaşamamaq üçün 7 dekabr görüşünə yaxın dəstəkçisi ilə birgə qatılmaq istəyir. Azərbaycan Prezidentinin isə kənar diktələri qəbul etməmək kimi prinsipial xüsusiyyəti vardır.
Məsələnin başqa bir tərəfi kənar güc mərkəzlərinin prosesə müdaxilə etmək arzularından qaynaqlanır. Sirr deyil ki, Qarabağ münaqişəsinin uzun müddət həll edilməmiş qalmasının əsas səbəblərindən biri də dünya güc mərkəzlərinin prosesə müdaxiləsi ilə bağlı olub. Münaqişə ocaqlarının mövcudluğu kənar güc mərkəzlərinin Cənubi Qafqaz regionunda mövcudluqlarını şərtləndirir. Fransanın Qarabağ münaqişəsinə yanaşması da bu kontekstdədir. O, Azərbaycan torpaqlarının işğaldan azad edilmsinə hər cür əngəl törədib. İndi də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olur.
Fransa prezidenti Makron düşünə bilmir ki, Azərbaycan artıq 1990-cı illərin durumundan çıxıb, regionun lider dövlətinə çevrilib. Ermənistanı döyüş meydanında məğlub edib, onu siyasi, iqtisadi, hərbi baxımdan çıxılmaz duruma salıb. İndi Azərbaycan qalib dövlətdir. Bütün inkişaf parametrləri üzrə regionun lider dövlətidir. Həm də dünya güc mərkəzlərinin hesablaşdıqları bir dövlətdir.
Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr görüşünün formatının dəyişdirilməsinə etiraz etməklə, təkcə Ermənistana deyil, həm də Fransanın simasında böyük güc mərkəzlərinə aydın mesajlar verdi. Dövlətimizin başçısı Azərbaycanın heç bir güc mərkəzinin diktəsinə tabe olmayacağını nümayiş etdirdi.
Köhnə versiyamızdan xəbərləri izlə