Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti Brüssel raundu niyə baş tutmadı?

Səbəb sadədir: Bakının “dəfn etdiyi” Minsk qrupunu Paris “diriltmək” istədi

Məlum olduğu kimi, bu il dekabrın 7-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə növbəti görüşü keçirilməli idi. O da məlumdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda bu təşəbbüsün reallaşmayacağını açıqladı. Buna görüşün hazırkı şərtlər daxilində baş tutmayacağını demək də mümkündür. Şərtlərin dəyişəcəyini söyləmək çətindir. Dekabrın 7-nə az vaxt qalır. Ancaq elə nəticə çıxmasın ki, Azərbaycan Brüssel formatının davamına xüsusi səy göstərir. Cənab Prezident həmin konfransdakı çıxışında Avropa vasitəçilik missiyasının başqa aktorlarının mümkünlüyünə də işarə etdi. Bu, öz yerində. Haqqında söz açmaq istədiyimiz məqam isə başqadır. 

Azərbaycan ictimaiyyəti ölkəmizlə Ermənistan arasındakı münasibətlərin normallaşması baxımından kifayət qədər uğurlu format sayılan Brüssel raundunun davamının gəlməməsindəki səbəbdən xəbərdardır. Bunu cənab İlham Əliyevin özü açıqlayıb: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın Baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
Deməli, rəsmi Bakı Fransa Prezidenti Emmanuel Makronun görüşdə iştirakını istəmir. Bəli, ümumən Fransanın ermənipərəst mövqeyi hər kəsə yaxşı bəllidir. Bəs, indiki məqamda bu mövqe özünü hansı siyasi trayektoriyalar üzrə göstərir, buna aydınlıq gətirməyə çalışacağıq. 
Əvvəla, onu vurğulamaq lazımdır ki, Azərbaycanın Fransaya görə Brüssel raundu kimi özü üçün mühüm əhəmiyyət daşıyan platformadan imtinası adi məsələ sayıla bilməz. Nəzərə alaq ki, cənab İlham Əliyev belə bir qərarı Avropa İttifaqı ilə ölkəmizin əlaqələrindəki bütün parametrlər üzrə müsbət dinamikaya rəğmən verir. Bu isə o deməkdir ki, dövlət başçımızın şəxsində ölkəmiz Ermənistanla danışıqlar prosesindəki mövqeyinin bütöv “paket” kimi qəbul olunmasında israrlıdır. Bu mövqe, obrazlı desək, canlı orqanizm kimi, özünə yad təsirləri anında müəyyənləşdirib dərhal reaksiya verə, uzaqlaşdıra bilir. Baxmayaraq ki, yad təsir Fransa kimi, dünya siyasətində aparıcı rola malik ölkədir.
Bəli, Baş nazir Nikol Paşinyan Fransa Prezidenti E.Makronun Brüssel raunduna qatılmasında israr edir. Məsələ Ermənistan cəmiyyətində də kifayət qədər aydındır. Azərbaycan Prezidentinin qərarına da münasibət bildirilir. Bu baxımdan politoloq Derenik Xaçatryanın fikirləri maraqlıdır. D.Xaçatryanın sözlərinə görə, cənab İlham Əliyevin bəyanatı qəti şəkildə ermənipərəst olan Fransanın son hərəkətlərinə cavab idi. “Bu hərəkətlər Prezident Emmanuel Makronun bəzi bəyanatları və Fransa Senatının Azərbaycanın təcavüzünü (guya – red.)  pisləyən qətnaməsidir”, – deyən politoloq əlavə edib ki, Fransa Azərbaycanın hərəkətlərinə və davranışlarına təsir baxımından real resursa malik deyil və bu, Parisin problemidir. O bildirib ki, Fransa vasitəçiliyinə qarşı Bakının “demarşı” “ağır günlər yaşayan ATƏT-in Minsk qrupuna növbəti zərbə olacaq”.
Bəli, Fransanın danışıqlara qoşulmasında başlıca məqsəd onun keçmiş, daha doğrusu, ölmüş ATƏT-in Minsk qrupu formatını bərpa etməkdir. Çünki yalnız bu format daxilində İrəvan üçün itirilmiş olan nəyinsə bərpasına nəzəri də olsa, ümid etmək mümkündür. Yada salaq ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən bu qurumun hazırladığı, amma gerçəkləşdirə bilmədiyi Madrid prinsipləridir. Layihədə ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddaratını həll etmək müddəası da əksini tapmışdı. Hazırkı məqamda bu müddəa Paşinyanın “Vətəndaş sazişi” Partiyasının 2023–2026-cı illər üçün fəaliyyət strategiyasında Qarabağ ermənilərinin hüquq və azadlıqlarını qorumaq prinsipinə tam uyğundur. Yəni Qarabağa status ikinci plana keçir, əsas məsələ kimi, orada yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi önə çıxır. 
Halbuki əvvəl erməni tərəfi başqa iddia ilə çıxış edirdi. Məsələn, 2021-ci ilin yayında N.Paşinyan Qarabağ seperatçılarının lideri Arayik Harutyunyanla görüşündə demişdi ki, Ermənistanın qarşısında duran ən vacib məsələ Qarabağın statusunun müəyyənləşməsidir və bu, ATƏT-in Minsk qrupunun gündəliyindədir. Həmin vaxt Fransanın Ermənistandakı səfiri Conathan Lacote “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Qarabağın statusunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlarla müəyyənləşməli olduğunu dilə gətirmişdi.
Deməli, artıq keçmişdə qalmış ATƏT-in Minsk qrupu ideyasında Qarabağda ermənilərin mövcudluğunu saxlamaq, başqa sözlə, bu mövcudluğa fərqli hüquqi don geyindirmək üçün hansısa tutacaq yeri var. Fransa da bunu gözəl anlayır. Ölkə Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyini deyil, məhz Qarabağ üçün erməni amilini qorumağa və perspektivə daşımağa çalışır. Azərbaycan isə bütün vasitələrlə buna maneçilik törədir və törətməkdə də haqlıdır. 
Təbiidir, Fransanın etdikləri daha çox suda boğulan adamın saman çöpünə əl atmasına bənzəyir. Parisin niyyəti Ermənistan cəmiyyətində də kifayət qədər dərk edilir. Politoloq Xaçatryan da bu məqama toxunur:  "ATƏT-in Minsk qrupunun fəaliyyəti son vaxtlar, faktiki, qeyri-mümkün olub, lakin erməni tərəfi Moskvada, daha sonra Brüsseldə, Parisdə və ya Vaşinqtonda başlanmış danışıqlarda iştiraka razılıq verərək vəziyyəti müəyyən qədər tarazlaşdırmağa çalışıb. Amma indi Bakı Fransa vasitəçiliyindən imtina edərsə, bu, artıq deformasiyaya uğramış formata növbəti zərbə olacaq".
Bu yerdə Prezident İlham Əliyevin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışının üzərinə gələk: "Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən, Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq – Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi. Özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi. Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi – Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi". 
Dövlətimizin başçısı onu da bildirmişdi ki, Praqa görüşündən bir həftə sonra Fransa Prezidenti E.Makron Azərbaycana qarşı təhqiramiz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etmişdi. Bu nəticəyə gəlmək mümkündür ki, Paris Ermənistan və Azərbaycan arasındakı hazırkı nizamlama prosesinin əvvəlkindən fərqləndiyini gördüyü üçün belə bir qəbulolunmaz tona keçib. Erməni politoloq Xaçatryan da mövzuya təxminən vurğuladığımız aspektdən yanaşır. Təbii ki, o, reallığı Ermənistana sərfəli notları qabardaraq deyir. O, Fransanın danışıqlarda iştirakının İrəvan üçün sərfəliliyini əsaslandırarkən, ATƏT-in Minsk qrupu formatındakı çoxsaylı bəyanatların məhz Parisin köməyi ilə qəbul edildiyinə diqqət çəkir. Erməni politoloq Fransadan fərqli olaraq, Avropa İttifaqını vasitəçi nöqteyi-nəzərindən danışıqlarda yeni tərəf kimi göstərir və bildirir ki, Brüsselin iştirakı ilə aparılmış prosesdə İrəvana xeyirli çox az şey var: “Ermənistan Avropa İttifaqının vasitəçiliyi ilə qəbul edilmiş bəzi qərarlara istinad edə bilməyəcək”.
Ən əsası isə erməni politoloq İrəvanın sabiq ATƏT-in Minsk qrupu saxlanmasında hədsiz maraqlılığını onunla izah edir ki, bu format bir çox cəhətdən Qarabağ probleminin həll olunmadığını bəyan edir. Deməli, gələcəkdə bölgənin statusunun müzakirəsinə imkan yaranır: “Odur ki, Fransanın danışıqlardan çıxması Minsk qrupu formatını “dəfn etmək” cəhdləri baxımından Azərbaycan üçün əlamətdar hadisə olardı”.
Bəli, Bakı ATƏT-in Minsk qrupunu “dəfn etdi”. Bu, keçmişin arzuolunmaz stereotiplərindən uzaqlaşmaqdır. Bu, həm də 44 günlük müharibəni labüd edən və indi də özünü göstərməkdə olan erməni inadkarlığına daha bir tutarlı diplomatik cavabdır. Azərbaycan qətiyyətli mövqeyi ilə sübut edir ki, Qarabağ müstəvisindəki hər hansı siyasi spekulyasiyalar, manipulyasiyalar keçərli deyil. Çox yaxşı ki, bunu Ermənistan cəmiyyətində də dərk edənlər, az da olsa, var.

 

Ə.CAHANGİROĞLU,  
“Xalq qəzeti”

 

30 Noyabr 2022 02:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə