Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pardon, müsyö, bura Afrika deyil, Azərbaycandır

Cənubi Qafqazda yenidən qan tökülməsinə çalışanlara Parisdə etiraz edildi

... Ötən həftə bir erməni ekspert yazmışdı ki, İlham Əliyevin əsas silahı türk “Bayraktar”ı və ya İsrail texnikası deyil. Onun əsas silahı xalqının dəstəyidir: “O da atası kimi, istədiyi  vaxt insanları səfərbər edə bilir. Ermənistanda isə xalqın inanacağı lider yoxdur. Nə qədər ki, sınanmış liderimiz olmayacaq, İlham Əliyev bizi üstələməkdə davam edəcək”.


… Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq tədbirdə demişdi ki, Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnamə qəbul etməsi də gözlənilir.
… Ötən həftə Avropada yaşayan azərbaycanlılar Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz əlaməti olaraq, sosial şəbəkələrdə “Riyakarlığa son!” şüarı ilə kampaniya keçirmişdilər.  Aksiya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırımı, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədini daşıyırdı. Bundan başqa, azərbaycanlılar və türklər Milli Assambleyanın binası önündə kütləvi etiraz aksiyası da keçirmişdilər. 
… Ötən həftə… ötdü getdi və bu həftə Fransanın Azərbaycan əleyhinə məkrli planlarına qarşı atdığımız qətiyyətli addımların nəticəsi barədə pozitiv xəbərlərlə başlandı. “Haqqın.az” xəbər portalı Parisdən xəbər verdi ki, ermənipərəst Fransa deputatlarının hazırladığı anti-Azərbaycan məzmunlu qətnamə, nəhayət ki, parlamentin aşağı palatasının ( Milli Assambleya) gündəliyindən çıxarılıb. Ancaq bu qətnamə layihəsi Senatın da ( parlamentin yuxarı palatası) gündəliyinə daxil edilmişdi. Ekspertlərin fikrincə, aşağı palatanın müzakirə edib qərar çıxarmadığı sənəd yuxarı palatanın müzakirəsinə təqdim olunsa belə, onun müzakirəsi aparılmır. Yəni Avropadakı Azərbaycan diasporu öz istədiyinə nail olmuşdur. 
Bu zaman xüsusilə vurğulamaq istədiyimiz üç məqam var. Birinci: Həmin anti-Azərbaycan sənədini Fransa parlamentinin hər iki palatası bəyənsə belə, onun Azərbaycan üçün elə bir təsiri olmayacaq. Yəni həmin sənəd ancaq Fransadakı ermənilərin könlünü almaq üçün yararlıdır. Azərbaycana təzyiq və ya təsir göstərmək üçün isə heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra biz Fransa parlamentinin bu qəbildən olan sənədlərini çox görmüşük. 
İkinci: Parisdə keçirilən etiraz aksiyasını bizim üçün əhəmiyyətli edən başqa bir fakt da var ki, o, Avropa ekspertlərinin də diqqətindən yayınmamalıdır. Belə ki, Azərbaycanın haqq işini dəstəkləyən aksiyada soydaşlarımız və Türkiyə diasporunun təmsilçiləri ilə yanaşı, Fransa və Britaniyadan olan ziyalılar da iştirak edirdilər. 
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, anti-Azərbaycan məzmunlu sənədin qəbuluna etiraz edənlər arasında həmin ölkədəki diaspor fəallarımız – hüquqşünas Zaur Sadıqbəyli, Fransadakı Azərbaycanlılar Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva, tanınmış britaniyalı politoloq və jurnalist, doktor Nil Vatson, fransalı hüquqşünas Mile ben Səid Vasma,  Parisdəki Azərbaycan evinin prezidenti, Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva,  Benilüks (Belçika – Niderland – Lüksemburq) Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov, Belçika və Niderlanddakı Azərbaycanlılar Şurasının əlaqələndiricisi, Avropadakı “Ana Vətən” Azərbaycan Qadınları Birliyinin təmsilçisi Maisə Ağamirzəyeva,  Niderlanddakı Azərbaycan – Türkiyə mədəniyyətləri Assosiasiyasının sədri İlhan Aşkın və digərləri də var idi. Onlar Fransa parlamentarilərini Cənubi Qafqaz məsələsində ədalətli mövqe tutmağa çağırıblar.
Üçüncü:  Dünyanın hər yerində terror və təxribat törədən ermənilərdən fərqli olaraq, bu insanlar beynəlxalq hüquqa və bəşəri prinsiplərə əsaslanan çağırışlarla meydana çıxmışdılar. Onların tələbi nə idi? “Haqqın.az”  xəbər verir ki, Parisdəki mitinq iştirakçıları bu şüarlardan istifadə edirdilər: “Ədalət tələb edirik!”, “Terrorizmə “YOX!” deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Fransa neytral qalmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” və sair. 
Bu faktlarla tanış olandan sonra yazının əvvəlində  erməni ekspertdən gətirdiyim sitata bir də qayıdır, onun doğru yazdığını təsdiqləmək məcburiyyətində qalıram: “İlham Əliyevin əsas silahı türk “Bayraktar”ı və ya İsrail texnikası deyil. Onun əsas silahı xalqının dəstəyidir”.
Bəli, azərbaycanlılar Avropanın mərkəzindən dünyaya müraciət etdilər ki,  fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərir, qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Fransız deputatlar hökumətdən Ermənistanı silahlandırmağı tələb etməklə regionun sabitliyində  maraqlı olmadıqlarını açıq-aydın göstərirlər.
Azərbaycan isə əmindir ki, öz ərazi bütövlüyünü təkbaşına bərpa etdiyi kimi, qalan bütün məsələləri də məhz xalqımızın maraqlarına, milli dövlətimizin mənafeyinə uyğun şəkildə yoluna qoyacaqdır. Bütün bunlara dövlət başçımızın qətiyyəti və xalqımızın iradəsi sayəsində nail olacağıq. 
Qarabağ Azərbaycandır və Parisin bu reallığı  qəbul etməsinə o qədər də çox qalmayıb. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

30 Noyabr 2022 02:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə