Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

Yeganə HACIYEVA, 
siyasi şərhçi


Azərbaycan–Ermənistan sər-hədində delimitasiya, demarkasiya işləri həyata keçirilmədiyi üçün hələ iki ölkə arasında sərhəd də mövcud deyil. Ona görə də Ermənistanın basdırılmış minaların hansı dövlətin ərazisinə düşməsi ilə bağlı fikirləri, sadəcə, blefdir. Ermənistanın delimitasiya və demarkasiyanı həyata keçirməməkdə bir məqsədi var ki, bu da mütəmadi olaraq Azərbaycanı Ermənistan sərhədini keçməkdə ittiham etməkdir. Bunun səbəbi odur ki, Azərbaycan uzun illər işğala məruz qaldığını bəyan edərək özünə çoxlu tərəfdaş qazanıb, indi Ermənistan da ərazisinin Azərbaycan tərəfindən işğal edildiyinə diqqət cəlb etmək istəyir.


Odur ki, Ermənistan faktiki olaraq Azərbaycan ərazilərində minalar yerləşdirir və həmin yerləri öz ərazisi kimi təqdim edir. Əslində isə bunlar Azərbaycan əraziləridir və Ermənistanın ona heç bir aidiyyəti yoxdur. Bu, məsələnin bir tərəfi.
Digər tərəfdən, istər Ermənistan rəhbərliyinin, istərsə də Rusiya sülhməramlılarının istinad etdikləri 1991-ci il xəritələri də sübut edir ki, Sarıbaba yüksəkliyi məhz Azərbaycan ərazisidir. Ermənistanın bu mövzuda yalançı kampaniya aparması, mina məsələsi ilə bağlı beynəlxalq aləmdə məsələ qaldırmış Azərbaycana qarşı əks-arqument formalaşdırması blefdən başqa bir şey deyil və bu, heç bir fakta əsaslanmır. 
Ermənistan vaxtilə minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək məsələsini də kifayət qədər uzatmağa çalışmışdı. Bu isə, əslində, hərbi cinayətdir və bu cinayət mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq və ən əsası, işğaldan azad etdiyimiz ərazilərə azərbaycanlıların qayıtması vaxtını maksimum uzatmaq məqsədi güdürdü. Məsələ ondadır ki, 30 ildən artıq müddətdə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinin böyük bir hissəsini minalayıb. 
İşğaldan azad etdiyimiz torpaqların rekonstruksiyası və inkişaf etdirilməsi minaları təmizləmədən mümkün deyil. Ona görə də bu gün ən vacib vəzifə məhz ərazilərin minalardan təmizlənməsi üçün Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etmək idi. 10 noyabr Bəyanatının ilkin və vacib şərtlərindən biri də məhz Rusiya sülhməramlılarının bu xəritəni əldə etməsi və Azərbaycana təqdim etməsi ilə bağlı idi. 
Öncə Ermənistandan minalanmış ərazilərin xəritəsini təqdim etməsi tələbimizə beynəlxalq vasitəçi və iştirakçı tərəflərdən guya belə bir xəritənin olmaması kimi fikirlər eşitdik, sonra isə bizə düzgünlük əmsalı cəmi 25 faiz olan xəritələr təqdim edildi.
Məsələ ondadır ki, ermənilər tərəfdən 44 günlük Vətən müharibəsinə qədərki dövrdə bir nəfərin belə minaya düşməsi haqqında məlumat nə yerli erməni mediasında, nə də beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmayıb. İşğaldan azad edilmiş ərazilərimizə səfər edən və dağıntıların miqyasını öz gözləri ilə görən biri kimi qeyd etməliyəm ki, bu miqyasda viranəliyi 30 il ərzində hər il yenilənən dağıntı və talanlarla etmək olardı. Deməli, Azərbaycan torpaqlarında mövsümi dağıntılar və talanla məşğul olan ermənilər minaya ancaq onlarda xəritə olduğu üçün düşməyiblər. Ümumiyyətlə isə, minaları mülki əhali deyil, hərbçilər yerləşdirib və özləri düşməmək üçün mütləq xəritə tərtib ediblər. 
Ona görə də minalanmış ərazilərin düzgün xəritəsi var. Digər tərəfdən, son iki il ərzində Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində cəmi bircə dəfə minaya düşmə faktı qeydə alınıb. Bu isə ehtimal etməyə əsas verir ki, Ermənistan Rusiya sülhməramlılarına da müvafiq xəritəni təqdim edib.
Azərbaycan BMT, BMT-nin insan haqları üzrə Ali komissarı, səfirliklər, beynəlxalq təşkilatlardakı nümayəndələr, beynəlxalq platformalarda əməkdaşlıq etdiyi ­QHT-lərlə birgə diqqəti mütəmadi olaraq bu problemə çəkir və bir neçə dəfə qlobal bir kampaniya çərçivəsində Ermənistanın bu təcavüzkar hərəkəti qınanılıb.

30 Noyabr 2022 02:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə