Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın mina manipulyasiyası

Ermənistan sülh prosesini pozmaq üçün yeni metod tapıb. İndi Azərbaycan ərazilərində basdırdıqları mina məsələsi ilə bağlı manipulyasiya edərək problemin həllini uzatmağa çalışırlar. Bu günlərdə Ermənistanda belə fikirlər səsləndirilib ki, Sarıbaba yüksəkliyində tapılmış minaları Azərbaycan özü basdırıb və bunda Ermənistanı günahlandırmaq istəyir.  


Ermənistanın XİN başçısı Ararat Mirzoyan isə “Armenpress”ə bəyan edib ki, Ermənistan istehsalı olan minalar Qarabağ deyil, Ermənistan ərazisində tapılıb. Azərbaycan isə bundan təbliğat məqsədilə istifadə etməyə çalışır. Özünün ağ yalanına həqiqət donu geydirməyə çalışan Mirzoyan deyib: “Biz inkar etmirik ki, silahlı qüvvələrimiz özümüzün suveren ərazimizdə minalama işləri aparır, bu, Azərbaycan tərəfindən mütəmadi olaraq edilən hərbi aqressiya ilə əlaqədardır. Biz 2021-ci ilin mayında və noyabrında, eləcə də 2022-ci ilin sentyabrında bunun şahidi olmuşuq”. 
Budur, erməni nazir bir tərəfdən, basdırdıqları minaların “Azərbaycanın aqressiyası” ilə bağlı olduğunu deyirsə, digər tərəfdən, özündən asılı olmayaraq, həmin minaların Ermənistan tərəfindən basdırıldığını təsdiq edir. Bu zaman sual doğur: bəs Azərbaycanın dediyi nədir? Azərbaycan da elə minaların erməni ordusu tərəfindən basdırıldığını bəyan edir. Başqa bir tərəfdən, Mirzoyan Ermənistanın “suveren ərazisi” deyəndə nəyi nəzərdə tutur? Axı Ermənistanın Azərbaycanla sərhədləri hələ delimitasiya olunaraq müəyyənləşməyib! Ona görə “suveren ərazilərimiz” deyəndə ehtiyatlı olmaq lazımdır! 
Sonra öz gözündə tiri görməyən Mirzoyan ölkəmizin gözündə tük axtararaq bəyan edir ki, Azərbaycan Qarabağda “aqressiv hərəkət” edir, erməni əhalinin “etnik təmizləməyə məruz qalmaması üçün” özünümüdafiə qüvvələrinə ehtiyac var. Yəni bu fikirləri ermənicədən azərbaycancaya çevirəndə belə olur: Qarabağda erməni hərbi qüvvələri qalmaqdadır və onlar erməni əhalini qoruyur. Amma burada Mirzoyan özünü yandırır: “Azərbaycanın Qarabağda Ermənistan silahlı qüvvələrinin olması barədə ittihamlarını təkzib edirik”. Bizcə, əlavə şərhə ehtiyac yoxdur, çünki nə fərqi var: Hasan keçəl, ya keçəl Hasan?!
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə daha artıq erməni olduğunu sübut edərək bildirib ki, həmin minaları Azərbaycan Cermuxdan “Extsaoxa”, yəni Qarabağdakı Sarıbabaya gətirib və sonradan onları tapdığını bəyan edib. Bu isə əsl erməni yanaşmasıdır, çünki özləri belə edirlər. Əks halda, yuxarıda Mirzoyanın ölkəsi tərəfindən ərazilərimizin 20 faizinin 30 il işğal altında saxlanmasını yaddan çıxararaq, Azərbaycanı “aqressiya”da ittiham etməsini necə başa düşmək olar?! 
Təkcə son bir ay ərzində deyil, ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun Azərbaycan ərazilərində basdırdığı minalar bütün dünya üçün böyük başağrısına çevrilib. İşğaldan azad edilmiş ərazilərimizin mina xəritəsini İrəvandan alana qədər dünyanın neçə ölkəsi, bir neçə beynəlxalq təşkilat məsələyə müdaxilə etdi. Nəhayət, Ermənistan mina xəritələrini Azərbaycana verdisə də, məlum oldu ki, bunların həqiqiliyi cəmi 25 faiz təşkil edir. 
Son vaxtlar isə Ermənistan əsasən gecə saatlarında xəlvətə salıb Azərbaycan ərazilərini minalarla zibilləyir. Bununla bağlı ölkəmizin ayrı-ayrı qurumları, eləcə də MN, XİN və ombudsman tərəfindən dəfələrlə bəyanatlar səsləndirilib. Prezident ­İlham Əliyev də müxtəlif görüşlərində, bəyanatlarında bu barədə danışıb. Bütün bunlardan sonra hansısa erməninin təcavüzkar və terrorçu ölkəsinə bəraət qazanmaq üçün səsləndirdiyi fikirlərə kim inanar?!
İndi isə keçək faktlara. Azərbaycanın Müdafiə Nazirliyi son aylarda bir neçə dəfə ermənilərin mina təxribatı haqqında məlumat yayıb. Bunlardan biri barədə noyabrın ­23-də söhbət açılıb. Bildirilib ki, həmin gün Sarıbaba yüksəkliyinin şimal istiqamətində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-E markalı piyada əleyhinə mina sahəsinə baxış keçirilib. Nazirliyin dəvətinə əsasən, baxışda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə–Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi iştirak edib. Eyni zamanda, nazirlik bildirib ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır. Baxış zamanı qeyd olunub ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E markalı piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Noyabrın 24-də isə Bakıda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Ermənistan istehsalı olan həmin minalara baxış keçiriblər. Bir qədər sonra, Azərbaycan XİN Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-E tipli piyada əleyhinə minanın aşkarlandığı barədə məlumat yayıb. Məlumatda bildirilib ki, bu ilin avqust ayından etibarən sözügedən minalar da daxil olmaqla, Azərbaycan–Ermənistan sərhədinin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı olan mina (ümumilikdə 2728 mina) aşkarlanaraq zərərsizləşdirilib.
XİN bəyan edib ki, qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə hərbi qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq, minaların ötürülməsi ilə Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyət üçün sui-istifadə etdiyini və bununla da Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir. Bu isə həm Ermənistanın normallaşma prosesinə və bölgədə sülhün bərqərar edilməsi səylərinə maneçilik törədir, həm də postmünaqişə dövründə azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına qarşı təhdiddir.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

30 Noyabr 2022 02:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə