Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güneydə yaranan xalq ədəbiyyatı inciləri

Otaylı-butaylı Azərbaycan eyni xalqın vahid Vətənidir. Bu Vətən Arazın altında və başlar üstündə bütöv qalmış mənəvi dünyadır. Bu mənəvi bütövlük namərdlərin iki yerə böldüyü sinənin altında vahid ürəkdən güc alır. Bir xalq iki yerə bölünsə də, onun milli-mənəvi dünyasını parçalamaq, yox etmək mümkün olmayıb. Bu baxımdan şifahi xalq yaradıcılığı eyni qaynaqları və ortaq auditoriyası ilə Azərbaycanın mənəvi bütövlüyünü qoruyub-saxlayır, eynidilli, eynidinli xalqı ümidli gələcəyə daşıyır.


Arazın hər iki tayında əsrlər boyu xalqımızın həyata çevik və müdrik baxışını,  arzu-istəklərini, sevinc-kədərini ifadə etmiş, baba-nənələrimizin könül dünyasının inciləri kimi bu günə gəlib çatmış bayatılarımız, atalar sözlərimiz son dərəcə sadə şəkildə deyilmiş bədii-fəlsəfi yaradıcılıq xəzinəsidir. Belə qiymətli  xalq ədəbiyyatı nümunələrini toplamaq, nəşr etmək, bu tayda geniş kütləyə çatdırmaq folklor tədqiqatçılarının müqəddəs borcudur. 
Güney Azərbaycanın folklor incilərini pərakəndəlikdən xilas etmək üçün AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlunun təşəbbüsü ilə silsilə kitablar buraxılır. Bu sıradan “Güney Azərbaycan folkloru. V cild” kitabı layla janrında nümunələrin təqdimi ilə başlanır. Lap qədimdən dünyaya təzə bir insan gətirən analar öz sevincini şairanə şəkildə, rəngarəng obrazlarla ifadə edən layla janrını yaratmışlar: 

Oyaq qallam yatınca,
Gözlərəm Ay batınca,
Qolum yastıq eylərəm,
Sən hasilə çatınca.

Göründüyü kimi, laylalarda işlədilən epitetlərdə, ifadə və fikirlərdə həm körpəyə məhəbbət lirikası, həm təbiətin fəlsəfəsi, həm də dilimizin zənginliyi öz əksini tapır. Yurdumuzun cənubunda yaranmış uşaq nəğmələri də öz sadəliyi, rəngarəngliyi, lakonikliyi və lirik qüdrətinə, sanbalına görə oxucuya müəyyən estetik zövq verir və lüğət tərkibimizin misilsiz zənginliyini sübut edir. Bu şeirlərdə xalq dilinin milli koloriti öz əksini tapıb: 

Layla güllərin ağı,
Açılıbdır yarpağı.
Birdir ana gözündə,
Körpə qarası, ağı.

Bu misralarda uşaq təbiətinə, körpə ruhuna tam uyğun gələn qəribə obrazlı ifadələr, təşbehlər, yanıltmaclar bütünlüklə uşaq leksikonu ifadələridir. Xalq dilindən, uşaq xəyalından irəli gələn və uşaq dilinin leksikasını dürüst ifadə edən sözlərdir. Kitabdakı yanıltmaclarda uşaqların tələffüzünü gücləndirən sözlər seçilib işlədilmişdir: “Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq. Al bu taqqa tuqları taqqaltıçıya, taqqtuqlanmaya götür, əgər taqqatuqları taqqatuqçu taqqıldatmasa, taqqatuqları taqqatuqçudan taqqatuqlanmadan götür, gəl”.
Bu nümunələr göstərir ki, İranda “çoban dili” adlandırılıb sıxışdırılan Azərbaycan dili insanın hər bir hərəkətini, çətin sözləri ifadə etmək qabiliyyətini, lüğət tərkibinin zənginliyini özündə əks etdirən misilsiz dildir. 
Tapmaca isə onun yaradıcılarının həyata əhatəli baxışını, təbiət hadisələrinə bələdliyini, tizfəhmliyini, fikri üstüörtülü şəkildə, amma düzgün bənzətmələrlə ifadə etməyə imkan verən, rəngarəng atributunu göstərə bilən zəngin, obrazlı dilimizin təkrarolunmaz qüdrətini ifadə edir:

Bir quşum var nihanı,
Gəzər cümlə-cahanı.
İstirəm kəsib yeyəm,
Nə əti var, nə qanı,
Bir de görüm bu nədir? 
(Təyyarə)

Cənubda düzülüb-qoşulmuş atalar sözləri və məsəllər heç bir savadı olmayan, yazı- pozu bilməyən, lakin uzun və ayıq həyat təcrübəsi olan, görüb-götürməyi bacaran cənublu soydaşlarımızın dünyaya fəlsəfi  baxışlarını, onların idrak qabiliyyətini ifadə edən aforizmlərdir. Topluda gedən xalq deyimləri də ana dilinin təkrarolunmaz qüdrətini, kəsərliliyini, dürüstlüyünü, ifadə qüdrətini, hədəfə sərrast zərbəsini göstərir.
Topludakı nağılların hər biri həyatın müxtəlif sahələri ilə bağlı olduğu üçün xüsusi maraq doğurur. Bu mənada, “Canavar və tülkü”, “Pişik və siçan”, “Sərçə”, “Qarı nənə”, “Şah Abbas”, “Səfeh arvad” kimi nağılların hər biri ibrətamiz, əhəmiyyətli və maraqlıdır.
Kitabdakı lətifələr, sadəcə olaraq, gülüş yaratmır. Bu gülüşün altında xalq hazırcavablığının dərin inikası dərhal sezilir. Oxucu bu lətifələrə gülə-gülə, nəticədə, özü də bir dərs alır. Molla Nəsrəddinlə bağlı lətifələr onu sübut edir ki, xalqımızın içərisindən çıxan müdriklər gülə-gülə, güldürə-güldürə bizlərə ibrət dərsi verir, xalqımızı işıqlı, düşündürən gülüş vasitəsilə tərbiyə edir. Xalq mərasimləri, inanclar və sınamalar, ovsunlar, mifoloji rəvayətlərin özü də Azərbaycan xalqının tükənməz dühasının danılmaz sübutudur.
Güney Azərbaycandan toplanmış bayatılar həm özünün rəngarəng poetikası ilə, həm fikrin sərrastlığına və ifadə bacarığına görə, həm də həyatın, zamanın dialektikasının düzgün ifadəsinə görə dərin mahiyyət daşıyır. Araz çayı, Təbriz şəhəri ilə bağlı bayatılar bugünlərdə şahidi olduğumuz Güney Azərbaycanın məruz qaldığı hadisələri bir daha xatırlamaqla yanaşı, namərd siyasətçilər tərəfindən bir Vətənin iki yerə bölünməsi hadisələrini bir daha yada salmaqla bizi həm kövrəldir, həm də düşmənlərimizə nifrət oyadır:

Dərdimə çara Təbriz,
Düşmüsən dara Təbriz.
Sənsiz qala bilmərəm,
Mən gedim hara, Təbriz?

Bu ayrılıq motivləri böyük vətəndaş şairimiz Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasındakı qəzəbli ricəti xatırladır: 

Hanı bu ellərin mərd oğulları?
Aşın bərələri, aşın yolları.
Bəs hanı bu əsrin Qoç Koroğlusu?!
Qılınc Koroğlusu, söz Koroğlusu?!

Cənubi Azərbaycanın bugünkü davamlı və güclü haqq-ədalət mübarizəsi bizdə belə bir inam yaradır ki, Arazın o tayında milli varlığımızı şifahi söz sənəti yaradıcılığı ilə zinətləndirən başıbəlalı soydaşlarımız mütləq öz istəklərinə çatacaqlar. Bir-birindən ayrılan qardaşlar arasında möhkəm körpülər salınacaq. 

 

Səbuhi BƏDƏLOV, 
AMEA Folklor İnstitutu Cənubi Azərbaycan folkloru şöbəsinin elmi işçisi

30 Noyabr 2022 02:19 - CƏMİYYƏT
CƏMİYYƏT
5 Fevral 2023 | 14:57
Șəhidlərə vəfa borcu
5 Fevral 2023 | 13:22
Qaqauzlar – Avropa türkləri

Köhnə versiyamızdan xəbərləri izlə