Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

İlham ŞABAN,
Neft Araşdırmalar Mərkəzinin rəhbəri


Prezident Əliyev ADA Universitetindəki çıxışında bəyan edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra 10-dan çox ölkə tərəfindən Azərbaycan qazını ya almaq, ya da aldıqları həcmləri artırmaq üçün rəsmi Bakıya müraciət edilib. Burada belə bir sual maraq doğurur: Azərbaycanın mövcud resursu bu müraciətə müsbət yanaşmaya imkan verirmi? Təbii ki, 10-dan çox ölkənin istəyini həyata keçirəcək resurs asan məsələ deyil. Amma buna baxmayaraq, Azərbaycan 18 iyul 2022-ci ildə Avropa İttifaqı ilə imzaladığı və götürdüyü öhdəliyi (Avropaya nəql etdiyi qaz həcmlərini 2 dəfə artırmaq) yerinə yetirmək gücündədir. 


Həmin öhdəliklərlərlə bağlı KİV-də əsasən təhrif edilmiş məlumatlar verilir. Söhbət qaz həcmlərindən gedir. Avropa Komissiyasının rəsmi səhifəsində 2027-ci ildə ötənilki göstəricilərdən 2 dəfə çox artımdan söhbət açılır, yəni 2021-ci ildə Azərbaycanın Avropa bazarında 8 milyard 153 mln. kubmetr qaz satışı olmuşdursa, deməli, bunun 2 misli - 16,3 milyarda qədər artırılması nəzərdə tutulur. Amma orada minimum sözü də var. Yəni, Azərbaycan bundan daha çox qaz verə bilər. Avropa Komissiyasının açıqlamasında tutaq ki, 20 milyard kubmetr həcmə çatmaqla bağlı hansısa zaman öhdəliyi yoxdur. 
İndi gələk lazımi qaz resurslarına. Real qaz resursu bazası “Abşeron” yatağının “Faza-2” layihəsi olmalıdır. Bu layihə çərçivəsində təsdiqlənmiş ehtiyatlar Fransanın “Totalenergies” şirkəti tərəfindən 2012-ci ilin iyulunda açıqlanıb (350 milyard kubmetr) və təqribən 7 il sonra qiymətləndirmə quyusu qazıldıqdan sonra həmin ehtiyatların ilkin qiymətləndirmədən az olmadığı da təsdiq edilib. 
“Abşeron-1” layihəsi çərçivəsində 45 milyard kubmetr qazın Azərbaycanın daxili bazarına yönəldilməsi nəzərdə tutulur. Yerdə qalan həcmlər nəzəri-praktiki baxımdan ixraca yönəldilməlidir. Deməli, 2028-ci ildən “Abşeron-2” layihəsi üzrə qaz hasilatı başlanılsa, o zaman 30 il müddətinə – 2058-ci ilə qədər ortalama onun ehtiyatlarından tam yararlanmaq olar. 
Bu məqamda həm də nəzərə alsaq ki, layihə gücünə çıxmq üçün təqribən 3 il zaman gərək olur və 20 il sonra hasilatın azalma periodu başlaya bilər. Bu isə o deməkdir ki, “Abşeron” kimi yatağın resurslarından Azərbaycan təxminən, 2070-ci ilə qədər faydalanmaq imkanı əldə edir. 
İkinci real böyük qaz resursu – “Azəri-Çıraq-Günəşli” neft blokunun dərin qatlarında yerləşən təbii qaz laylarıdır. Azərbaycan tərəfi onun ehtiyatlarının 200 milyard kubmetr ətrafında olduğunu bildirir. Amma qiymətləndirmə quyusu qazmadan bu həcmlərin artıb – azalacağı haqda fikir yürütmək o qədər də düzgün deyil. Məsələn, “Şahdəniz” yatağı açılandan sonrakı ilk beşillikdə elə hesab edilirdi ki, bu yatağın 600 milyard kubmetr həcmində ehtiyatı var, sonra 2 dəfə artdı (AÇG-dəki kimi). Amma indidən bir məsələ aydındır ki, konservativ yanaşma ilə AÇG-dən ilə 4-5 milyard kubmetr qaz hasil etmək problem olmayacaq.

30 Noyabr 2022 01:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə