Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ ekoloji fəlakətdən xilas edilir

Nazirlər Kabineti 421 saylı qərarı ilə Azərbaycanın düşməndən təmizlənən sahələrdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydasını təsdiq edib. Belə ki, bu sənədin imzalanması işğaldan azad olunan ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, bu əsasda isə aqrar təyinatlı torpaqların tərkibinə aid edilməsi və dəyişdirilməsinin sadələşdirilməsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” dövlətimizin başçısının 2021-ci il 27 aprel tarixli Fərmanının müvafiq bəndinin icrasının gerçəkləşdirilməsi məqsədi daşıyıb. 


Hazırda işğaldan azad edilmiş ərazilərə qısa müddətdə qayıdışın və torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin reallaşdırılması zərurəti yaranıb. Bununla əlaqədar sözügedən qərarda kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatına məxsus yerlər arasında məqsədli təyinatın dəyişdirilməsinin Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilməsi nəzərdə tutulub. 
Eyni zamanda, dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi üçün adıçəkilən nazirlik qarşısında Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş göndərilməsi öhdəliyi qoyulub. Örüş, otlaq və biçənəklə bağlı kənd təsərrüfatı sahələrindən daha səmərəli yararlanmaq üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla, həmçinin bu yerlərin münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti nəzərə alınmaqla, habelə heyvandarlığın inkişafına təsiri öyrənilməklə onların əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsinin isə Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. 
Bütün bunlarla bağlı qərarla işğaldan azad olunan ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, bu əsasda aqrar təyinatlı torpaqların tərkibinə aid edilməsi, həmin kateqoriya daxilində torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, vəsatətlərə baxılmasından imtina edilməsi və məsələ ilə bağlı verilən qərarın aidiyyəti üzrə göndərilməsi mexanizmi müəyyənləşdirilib. 
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Vətən müharibəsi başa çatandan sonra ilk tapşırıqlarından biri işğaldan azad edilən ərazilərin əkin dövriyyəsinə qaytarılması olub. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hər zaman ölkəmizin ən münbit, ən əlverişli torpaq sahələrinin yerləşdiyi məkan kimi tanınıb. Keçmiş SSRİ dövründə bu ərazilərdə taxılçılıq və tütünçülük ən yüksək səviyyədə inkişaf edib. Məsələn, 1988-ci ildə respublikada taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi bu bölgənin payına düşüb. 
İşğal dövründə isə Ermənistan bölgənin təbii imkanlarından geniş şəkildə yararlanıb. Qəsbkar tərəfindən bu ərazilərdə həm heyvandarlıq təsərrüfatları yaradılıb, həm də müxtəlif bitkilərin becərilməsi həyata keçirilib. Xankəndidəki qondarma qurumun statistikasına əsasən, işğal altında olan ərazilərimizdə ildə 180 min tondan yuxarı buğda əldə edilib.
Digər tərəfdən, azad olunan ərazilərin suvarma imkanları da su ehtiyatları baxımından Azərbaycanın əksər ərazilərindən daha yüksəkdir. Bu isə kənd təsərrüfatının inkişafı üçün ən mühüm amilin mövcud olması deməkdir.
Xatırladaq ki, Vətən savaşı başa çatandan indiyədək Qarabağ bölgəsində aqrar təyinatlı müxtəlif pilot tədbirlər həyata keçirilib, Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Dost Aqropark”da işlər uğurla davam etdirilib. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb 
Tayyib Ərdoğan tərəfindən bu il oktyabr ayının 20-də Zəngilanda adı çəkilən parkın I mərhələsinin açılış mərasimi keçirilib. 
Qeyd edək ki, “Dost Aqropark” layihəsinin birinci mərhələsində burada inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.
“Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlərin daha sürətlə davam etdiriləcəyi planlaşdırılıb. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal sahələrinin yaradılacağı, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələrinin salınacağı nəzərdə tutulub. 
Onu da deyək ki, bu aqrar park türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da prezidentlər 
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. 
“Ağıllı” kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyev çıxışlarının birində işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üzrə planlaşma işlərinin aparıldığını bildirib: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək”.
Bu plan hazırlanana qədər hökumət bölgənin aqrar potensialından səmərəli istifadə üçün müəyyən tədbirlər həyata keçirir, düşmənin işğal dövründə yaratdığı ekoloji fəlakətin nəticələrini – deqradasiyaya uğradılan əkinə yararlı torpaqların bərpa edilməsi, yenidən əkinçilik mədəniyyətinin formalaşdırılması istiqamətində işlər aparır, o cümlədən bölgələrə uyğun taxıl sortlarının seçilməsini reallaşdırır. 
Füzuli, Zəngilan, Qubadlı rayonlarında, o cümlədən Laçının bir hissəsində bu il taxıl əkilib. Ərazilərin minalardan təmizlənməsi işləri genişləndikcə, məskunlaşma artdıqca taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi artırılacağı nəzərdə tutulub. Cari il taxılla yanaşı, Qubadlı rayonunda “Azərşəkər” tərəfindən şəkər çuğunduru da əkilib. 
Sonda onu da bildirək ki, məskunlaşma aparılan Zəngilan rayonunun Ağalı kəndi ərazisində müasir texnologiyalara əsaslanan “Ağıllı” kənd layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər görülüb.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

30 Noyabr 2022 01:52 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə