Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

Samir HEYDƏROV,
iqtisadçı-ekspert 


Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransdakı çıxışında digər beynəlxalq nəqliyyat infrastrukturları, o cümlədən, Orta Dəhlizlə bağlı görülən işlərdən danışarkən, Azərbaycanın açıq dənizə, okeana çıxışı olmadığı üçün istər enerji, istərsə də nəqliyyat layihələri ilə əlaqədar qarşıya qoyulan məqsədi reallaşdırmağın elə də asan olmadığını vurğulayıb. Ölkə rəhbəri hədəfə çatmaq naminə çox gərgin işləmək lazım gəldiyini bildirib, bu məsələdə ölkəmizin coğrafi mövqeyinin üstünlüyü– Avropa ilə Asiyanın arasında yerləşməsi dövlətimizin daha əzmkar olmağını şərtləndirib: “Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq”.


Prezident İlham Əliyevin sözlərinə görə, bu layihə respublikamıza 100 milyon ABŞ dollarından daha baha başa gələcək və ölkəmiz adıçəkilən infrastrukturu təxminən bir il-ilyarım müddətində bitirməyi planlaşdırır.
Beləliklə, dövlətimizin başçısının təşəbbüsü sayəsində əhəmiyyətinə görə “Dəmir İpək magistralı” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi yüklərin quru yolla birbaşa Avropaya çatdırılmasını şərtləndirib. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan BTQ dəmir yolunun istifadəyə verilməsi nəticəsində Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub.
Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələrinin də Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcəyi nəzərdə tutulur. Yeri gəlmişkən, Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və respublikamızda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu artıq hazırdır. Hazırda isə həmin sistemlərdə müasirləşdirmə tədbirləri həyata keçirilir, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları salınır. Hava ilə yükdaşımaları infrastrukturuna böyük həcmdə investisiya yatırılır. 
Yeri gəlmişkən, nəqliyyat dəhlizlərinin Azərbaycan hissəsində həyata keçirilən tədbirlər nəticəsində yükdaşıma göstəriciləri getdikcə yaxşılaşıb. Məsələn, cari ilin ötən ayları ərzində Azərbaycandan tranzit daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq, 8,7 milyon tona çatıb. Bu müddətdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük daşınmasından 539 milyon 624,7 manat gəlir əldə edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən ilin müvafiq dövründə həmin göstərici 427 milyon 500,8 min manat olub. Respublikamız 2030-cu ilədək “Şimal–Cənub” dəhlizi üzrə yükdaşıma həcmini illik 15 milyon ton, “Şərq-Qərb” dəhlizi üzrə 9-10 milyon ton, “Şərq–Qərb–Zəngəzur” dəhlizi üzrə 5–8 milyon ton artırmağı planlaşdırıb. 
“Şərq–Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən və beş il əvvəl oktyabrın 30-da istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə 2017-ci ildə 5674 ton yük daşındığı halda, keçən il bu rəqəm 483 min 290 ton, bu ilin ilk 5 ayında isə 182 min 413 ton təşkil edib.

30 Noyabr 2022 01:48 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə