Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gül üstündə arıya bax...

İmişli arıçılarının sabaha baxışları

Arı müqəddəs varlıqdır deməklə, yəqin ki, yeni fikir söyləmiş olmuram. Az qala, uşaqdan-böyüyə hamıya məlumdur ki, arı barədə müqəddəs Qurani-Kərimdə də söz açılıb. 
 

Arının istehsal etdiyi məhsul – bal barədə isə saatlarla bəhs etmək olar. Hətta kiminsə yaxşı adam olduğunu diqqətə çatdırmaq üçün “filankəs bal kimi şirindir” ifadəsini çox eşitmişik. Əksər türkəçarə vasitələrinin də əsas tərkibi baldan ibarət olur. 
Belə bir fikir mövcuddur ki, əgər arılar məhv olsa, dünyanın da axırı çatar. 
Ölkəmizdə dədədən-babadan arıçılıqla məşğul olan insanlar var və bu gün onların sıraları durmadan genişlənir. Bunun əsas səbəbi isə, heç şübhəsiz, odur ki, dilbər Qarabağımızın və ona bitişik rayonlarımızın işğaldan azad edilməsi ilə arıçılığın inkişafı üçün geniş meydan açılmış oldu.
 Rəsmi məlumata əsasən, işğaldan azad olunmuş ərazilərimizə 2022-ci ildə, təxminən, 20 min arı ailəsi köçürülüb. Çünki Qarabağın bütün ərazilərində, o cümlədən Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Laçın və s. arıçılığın inkişafı üçün çox əlverişli şərait mövcuddur.
Digər bir rəsmi məlumata görə, hazırda ölkədə, təxminən, 600 min arı ailəsi var. Əlbəttə, təbiəti arıçılıq üçün olduqca münbit sayılan torpaqlarımızda bu sahənin günbəgün inkişafı o qədər də çətin deyil. Sözsüz ki, hər bir işdə olduğu kimi, bu sahənin də özünəməxsus qayğıları, çətinlikləri var. Ancaq təbiəti dağlıq, meşəlik olmayan bölgələrdə, məsələn, Aranda yerləşən İmişli rayonunda arıçılığa marağın olması ilk baxışdan diqqət çəkir və adama bir qədər təəccüblü görünür.
 Bəli, elə maraqlı da burasıdır ki, rayon düzən ərazidə yerləşməsinə baxmayaraq, imişlililərin arıçılığa marağı çox genişdir. Çünki onlar ənənəvi olaraq daha çox məşğul olduqları və xeyli uğurlu nəticələr qazandıqları heyvandarlıq və pambıqçılıqla yanaşı, arıçılığın da inkişafına xüsusi səylə yanaşırlar. Sözsüz ki, təbii şəraitin yaratdığı imkan daxilində konkret nəticələr qazanmağa da nail olurlar. Təsadüfi deyil ki, hazırda rayonda yüzdən çox fermer arıçılıqla məşğul olur və onlar 3 mindən artıq arı ailəsinə sahibdirlər. Bu da özlüyündə arı məhsullarının istehsalının vüsət almasına şərait yaradır.
Düzdür, İmişlidə bu sahə ilə məşğul olanlar hansı təbii mühitdə arıçılığa maraq göstərdiklərinin fərqindədirlər və bunun da özünəməxsus çətinliklərinin olmasına bəri başdan normal yanaşırlar. Onların əsas istəkləri budur ki, arıçılığın İmişlidə də oturuşmasına nail olsunlar.
Fermer Nemət Məmmədov da bu fikirdə və bu qətiyyətdə olan zəhmətkeşlərdən biridir. O, Sarıxanlı kəndində yerləşən təsərrüfatında 88 arı ailəsinə qulluq edir. Bu il yüksək məhsuldarlıq əldə etmişdir. Bunu da xüsusi olaraq vurğulamağa dəyər ki, onun təsərrüfatından əldə olunmuş məhsullar hətta kənd təsərrüfatı sərgilərində və ərzaq yarmarkalarında nümayiş etdirilmişdir. Söz düşəndə deyir: 
– Arıçılığa təkcə maddi maraqların təmin edildiyi bir iş kimi yanaşmaq kökündən yanlışdır. Köhnə arıçılar yaxşı bilirlər ki, bu sahədə qazancdan daha çox insanın ruhunun oxşanması, dinclik tapması əsas şərtdir. Yəni təkcə pul qazanmaqla iş bitmir. Ona qalsa, pul qazanmaq üçün arıçılıqdan da qat-qat gəlirli sahələr var. Ancaq dediyim kimi, bu işin mənəvi tərəfləri daha üstündür. Çünki burada özünlə baş-başa qalırsan və bu möcüzəli varlıqların nələrə qadir olduqlarını öz gözlərinlə müşahidə etmək imkanını qazanırsan. İnanın, arılar əsl həyat məktəbidir. Onun tənbəlini də, işgüzarını da, görürsən, hərəsinə göstərilən güzəştsiz münasibəti də izləmək imkanın olur. Dərs çıxarsan, düzgün yanaşsan, səhv addım atmaqdan çəkinərsən. Bax, arıçılıq adama həm də bunları öyrədir. Öyrənməli o qədər çox xüsusiyyətləri var ki. Hə, bir də deyim ki, bu mənim şəxsi fikrimdir: arılar ona göstərilən münasibəti hiss edirlər və arıçıları o münasibətə görə mükafatlandırırlar. 
Bütün bunlar öz yerində, əlbəttə ki, İmişli kimi torpaqları arıçılıq üçün çox da münasib olmayan bir ərazidə arıçılıqla məşğul olmağın öz çətinlikləri var. Biz yaxşı bilirik ki, təbii şərait imkanları bir qədər məhdudlaşdırır. Ancaq çətinlik hər işdə var və onun öhdəsindən gəlmək də bizim borcumuzdur.
Arıçının dedikləri ilə razılaşmamaq mümkün deyil. Ancaq işin bəhrəsini görmək də vacib şərtdir. Çünki nəticələr maddi imkanı yaxşılaşdırır və yeni nəticələrə sövq edir. Bu baxımdan arıçılıq da istisna təşkil etmir. Bunu da qeyd etmək lazımdır ki, bütün dövrlər üçün arı məhsulları öz vacibliyini qoruyub saxlamışdır. Dünyada bu sahənin məhsullarına tələbat da həmişə böyük olmuşdur. İstehsal olunan məhsulun, necə deyərlər, əldə qalmaması, layiq olduğu dəyərdə qiymətləndirilməsi, bir az əvvəl də deyildiyi kimi, bu işin zəhmətinə qatlaşanları razı salmaq baxımından olduqca vacib məqamdır. Bu sahəyə dövlət tərəfindən müəyyən həvəsləndirici yardımların ayrılması da məlumdur. Ola bilsin, bu barədə daha geniş düşünmək və arıçıları ruhlandıracaq addımların atılmasının vaxtı gəlib. Heç ola bilməz ki, bütün sahələrə olduqca səxavətlə yardım edən dövlətimiz arıçıları sahibsiz buraxsın. 
Arıçılığın inkişafı üçün konkret addımların atılması vacibdir. Məsələn, ola bilər ki, bəzi ölkələrdə olduğu kimi, bizdə də idxal olunan ballara müəyyən məhdudiyyətlər tətbiq edilsin. 
Bu gün ölkəmizdə arıçılıqla məşğul olanların çoxu haqlı olaraq belə hesab edir ki, Azərbaycan balının güclü reklam olunmağa və layiq olduğu dəyəri qazanmağa tam haqqı çatır. Təsəvvür edin: hansısa beynəlxalq sərgidə iştirak etmək bu işin əhəmiyyətini nə qədər artırar və ixrac üçün əlverişli şərait yaradar.
Bu gün mütəxəssislərin hesablamalarına görə, ölkəmizdə bala olan tələbat 5 min ton civarındadır. Ortaya sual çıxır: əgər Allah veribsə, il xoş gəlib tələbatdan artıq məhsul istehsal olunubsa, onda məhsulun artıq qalanının aqibəti necə olmalıdır? Kiməsə dəyərindən qat-qat ucuz satılmalıdır? Yaxud gələn ilə saxlanılmalıdır? İstehsal olunmuş məhsulun arıçıları qane edəcək qiymətlərlə alınması, sonradan rahat şəkildə xaricə ixrac olunması hansı qaydadasa öz həllini tapsa, arıçılar da əlavə qayğılardan azad olarlar, yalnız öz işləri ilə məşğul olarlar. Nəticədə məhsul bolluğu yaranar, yeni iş yerləri açılar və s.
Yaddan çıxartmaq olmaz ki, işgaldan azad olunmuş torpaqlarımız arıçılığın bir neçə qat böyüməsinə imkan yaradır. Zəhmətdən qorxmayan, arısının nazı ilə körpə uşaq kimi oynayan arıçılar bu fürsəti qaçırmaq niyyətində deyillər. İndidən təsəvvür edək ki, hansı xoşagəlməz səhnə ilə qarşılaşmalı olarıq: tarix boyu, az qala, müqəddəs sayılan bal bolluğu yaranır və o, lazımsız məhsul kimi, necə deyərlər, gözdən düşür. Əlbəttə ki, bu, heç kimin arzulamadığı bir hal olardı. Ancaq istənilən məhsul qədərindən artıq olanda dəyərini və qiymətini itirir. Məşhur bir filmdə necə deyilirdi: bəs alma, alma heç kimə lazım deyil? 
Daha yaxşı olardı ki, ölkəmizdə arıçılıq inkişafının ən yüksək mərhələsinə qədəm qoysun və təbiətin oyanan vaxtında arıların gül-çiçəklə romantik təmasını heyranlıqla izləyək, zövq alaq və dilimizdə bu məşhur sözləri zümzümə edək: 

Gül üstündə arıya bax bircə sən,
Gör gülün nazını nə gözəl çəkir...

 

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri

30 Noyabr 2022 01:27 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə