Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib

Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib.

Bu barədə "Xalq qəzeti"nə Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və riyaziyyat müəllimləri iştirak ediblər.

Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva riyaziyyat fənninin əhəmiyyətindən danışıb və foruma maraq göstərdiklərinə görə iştirakçılara təşəkkürünü bildirib.

Riyaziyyatı fəlsəfənin özəyi adlandıran BŞTİ-nin müdiri Mehriban Vəliyeva rəqəmsal dünyada riyaziyyatın tədrisində yeni yanaşmaların vacibliyindən söz açıb. Qeyd edib ki, yeni dövrün çağırışları ilə ayaqlaşmaq, təhsildə inkişafa  nail olmaq üçün beynəlxalq təcrübələrdən faydalanmaq lazımdır. İdarə müdiri vurğulayıb ki, istər nəzəriyyə, istərsə də praktik istiqamətlərdə həyata keçirilən inteqrasiyanın reallaşdırılması müəllimlik peşəsinin daim təkmilləşdirilməsini tələb edir.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu riyaziyyat müəllimlərinin şagirdlərin gələcək həyatlarında vacib rola malik olduğunu bildirib. Riyaziyyat müəllimlərinə dərin müşahidəçi olmağı tövsiyə edən nazirlik rəsmisi onlara tədris zamanı qrup işindən yararlanmağın əhəmiyyətindən danışıb. Nazirliyin son illərdə xeyli sayda riyaziyyat üzrə elektron dərsləri Azərbaycan dilinə tərcümə etdiyini deyən V.Yaqublu bu dərslərin nazirliyin rəsmi saytında yer aldığını qeyd edərək müəllimlərə həmin materiallardan yararlanmağı tövsiyə edib.

Tədbirin sonunda müəllimlərin əməkdaşlığını və peşəkar dəstək almaq ehtiyacını təmin etmək məqsədilə Bakının 12 inzibati rayonunun hər biri üzrə bir məktəb koordinasiya mərkəzi kimi seçilib. Sözügedən mərkəz məktəblərdə fəaliyyət göstərəcək koordinasiya qrupları ilə ayda bir dəfə toplaşaraq qarşıya çıxan problemləri müzakirə edərək həlli istiqamətində təkliflər verəcək.

29 Noyabr 2022 16:44 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə