Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rinay” muzeyi – dəniz incilərinin saxlanc yeri

Haqqında söhbət açmaq istədiyimiz bu özəl muzey paytaxtımızın Füzuli küçəsindəki 53 nömrəli binada, onun yaradıcısı, tanınmış geoloqalim Tofiq Qarayevin mənzilində yerləşir. 

 

“Rinay” muzeyi haqqında Beynəlxalq reyestrdə, Azərbaycan Milli Ensiklopediyasında, həmçinin “Azərbaycan Muzeyləri” kitabında məlumatlar yer alıb və iki dissertasiya yazılıb. Burada zəngin malakofauna növləri – su kirpisi, dəniz ulduzları, molyusk rakovinləri (qabıqları), sualtı tısbağa qını, karal, lanqust, mişar balığının buynuzu kimi okean və dəniz “qənimət”ləri toplanıb.

 

Muzeyə giriş pulsuzdur, içəri daxil olan kimi, özünü qeyri-adi bir aləmdə hiss edirsən. Sanki hidrokombinezon geyinmiş, skafandr taxmış dalğıc kimi nəhrin dibinə baş vurmusan, oranın qəribə canlılar aləminə nüfuz etmisən. Təmaslar fantastik və unudulmaz təsir bağışlayır.

 

Hazırda ömrünün 88-ci ilini yaşayan Tofiq müəllim “Rinay”dan həvəslə danışaraq deyir: “Bu kolleksiyanı 1932-ci ildən atam Sadıq Qarayev toplamağa başlayıb. O, neftçi-mühəndis olub, 1932–1937-ci illərdə İngiltərə və ABŞ-da neft üzrə ekspert işləyib. Rokfeller, Rotşild, Ford kimi milyonçularla tanışlığı vardı. Həmin vaxtlar kolleksiya həvəskarları əsasən, müxtəlif pullar – əskinas və sikkələr, markalar, şəkillər yığırdılar. Atam isə molyusk qabıqlarına meyil salıb. Hər ezamiyyətdən gələndə bir çamadan molyusk qabığı gətirərdi. Həmin çamadan hazırda Tarix Muzeyindədir. Atam 1937-ci ildə Sibirə sürgün olunduqdan sonra ailəmiz kolleksiyanın dağılmasına qıymadı, çətinliklə də olsa, onu qoruyub saxladı. İndiyə qədər ümumi kolleksiyamızda 6 mindən artıq eksponat toplanıb ki, bunun 4 mindən çoxu Heydər Əliyev Fonduna bağışlanıb. Kolleksiyanın bir hissəsini də Azərbaycan Tarixi Muzeyinə hədiyyə etmişik. Babam, professor Kərim bəy Qarayevə məxsus qoz ağacından hazırlanmış mücrünü isə Şirvanşahlar Muzeyinə bağışlamışıq”.

 

“Rinay”ın ən əsas özəlliyi budur ki, dünyadakı bənzər muzeylərin hər birində ayrılıqda bir okeanın və ya dənizin inciləri toplandığı halda, burada üç okeandan və beş kontinentdən olan xeyli suda və quruda yaşayan malakofauna nümunəsi var. 1986-cı ildən fəaliyyət göstərən, nadir incilərə ünvan olan muzeyin adı ilə maraqlandığımızda T. Qarayev bildirdi ki, onu övladları Riad və Nailənin adlarının ilk hecalarını birləşdirməklə yaradıb. “Rinay”ın terminoloji mənası isə “Qanuni nailiyyət” deməkdir.

 

Sözügedən muzeyin bir özəlliyi də var: buraya qonaq gələn hər kəsə bəzi eksponatlardan hazırlanmış suvenirlər bağışlanır. Qonaqları həmişə çox olur. Tofiq müəllimin muzeyinə gələn xarici turistlər, diplomatik korpus nümayəndələri də qeyri-adi və bol eksponatlara heyranlıqla tamaşa ediblər.

 

Tofiq Qarayev çox maraqlı şəxsiyyətdir. Yeniyetmə və gəncliyində idmanın yüngül atletika, voleybol, çoxnövçülük və üzgüçülük növləri üzrə, ümumilikdə, 12 dəfə Azərbaycan çempionu adını qazanıb (bunun özü nadir göstəricidir). O, həmçinin zamanında aviamodel idmanı, avarçəkmə üzrə beynəlxalq səviyyəli yarışlarda ən yüksək nəticələrə nail olub. Beynəlxalq səviyyəli arbitr, Azərbaycan Atlantika Federasiyasının, Milli Olimpiya Akademiyasının vitse-prezidentidir. Daim öndə olmaq, seçilmək arzusu ilə yaşayan, çox vaxt da buna nail ola bilən Tofiq müəllim, bəlkə də yeganə üzgüçüdür ki, Nargin adasından Bakıya qədər üzə-üzə gəlib çıxıb və buna görə “Əsrin üzgüçüsü” mükafatına layiq görülüb. Yüngül atletika federasiyası 1995-ci ildən etibarən hər il SSRİ rekordçusu Tofiq Qarayevin şərəfinə üçnövçülük üzrə yeniyetmələrin turnirini keçirir.

 

Universal qabiliyyət sahibi sayılan, idmançı, alim və mədəniyyət xadimi olan, üz tutduğu bütün sahələrdə uğurlara imza atan Tofiq müəllim ömrün hər anından maksimum səmərəli istifadə etmiş bir şəxsiyyət kimi hörmət-izzət sahibidir. Onun incəsənətə də böyük sevgisi var. Yeniyetmə çağlarında fortepiano və skripka üzrə musiqi məktəbini bitirib. Moskva Dövlət Universitetində oxuduğu zaman isə çoxşaxəli istedadını konsertlərdə estrada mahnıları oxumaqla göstərə bilib. 1957–1961-ci illərdə Moskva və Berlində Ümumdünya Tələbə və Gənclər festivallarında iştirak edib, diplomant olub. Sonradan sırf elmi-təcrübi sahədə çalışan Tofiq müəllim illərdir ki, geologiya-mineralogiya elmləri namizədi, təbiət elmləri üzrə professor, Əməkdar ixtiraçıdır. 80-dən çox elmi nəşrin, 3 monoqrafiyanın və ixtiranın müəllifidir. Atasından əxz edilən hobbi – ailə ənənəsi isə ömrü boyu onunla, necə deyərlər, yoldaşlıq edib.

 

“Rinay” muzeyi fədakar kolleksiyaçının yaşadığı mənzildə yerləşir. Əlbəttə, belə bir xəzinənin ayrıca ünvanda, geniş salonda yerləşməsi daha məqsədəuyğun olardı.

 

Muzeydə Şimali və Cənubi Amerika, Avrasiya, Avstraliya, Afrikanın, həmçinin Sakit, Atlantik və Hind okeanlarının malakofauna nümunələri var. Nümayiş etdirilən hər molyusk qabığına onun adını bildirən xüsusi etiket yapışdırılıb: “Bəzilərini ağacdan, çaydan, göllərdən yığmışam. Hətta qədimdə Azərbaycanda mövcud olmuş molyuskları qazıntılar yolu ilə tapıb kolleksiyaya əlavə etmişəm”. Muzeyin eksponatları sırasında “Qırmızı Kitab”a düşən molyusklar da çoxdur. Tofiq Qarayev Azərbaycanın ilk geoloq-malakolo qu kimi bir müddət Qara dəniz, Fars körfəzi, Qırmızı dəniz, Hind okeanı boyunca beynəlxalq ekspedisiyanın tərkibində böyük təcrübə keçib, təkrarsız nümunələr toplayıb.

 

Onun səbirlə yığıb sistemləşdirdiyi, qayğısına qalıb xarab olmağa qoymadığı malakofauna nümunələri arasında elələri də var ki, iki-üç min il bundan öncə Ağcaqıl və Abşeron paleodənizlərində mövcud olmuş şirin su molyusklarının qabıqlarına aid stendlərlə təqdim olunur. Bu toplunun bəzi nümunələri Avstraliya, Argentina, İndoneziya milli muzeylərinə qədər gedib çıxıb. Molyusk qabıqlarına həsr edilmiş geniş elmi materiallara əsasən professor Tofiq Qarayevin kəşf etdiyi Ceyrançöl cinsli və digər növdə molyusklar və onların monoqrafik təsviri verilib. Onun muzeyi ekoloqlar, paleontoloqlar, paleocoğrafiyaçılar üçün böyük maraq kəsb edir. Eksponatlar geoloji araşdırmalar baxımından dəyərli əyani vəsaitdir. Medal və diplomlara layiq görülən muzey 14 ölkədə müxtəlif beynəlxalq sərgilərdə təmsil edilib. Kolleksiyalarından nümunələr mübadilə yolu ilə Avstraliya, Kanada, Argentina, İspaniya, Almaniya, Türkiyə, Əlcəzair, İndoneziya, Rusiya və Ukrayna paleontologiya muzeylərinə verilib.

 

Azərbaycan malakofaunasının tədqiqat nəticələri, elmi məruzə və kolleksiya stendləri bir sıra mötəbər geoloji konqreslərdə, simpoziumlarda təqdim edilib. Fərdi Muzeylər Beynəlxalq Assosiasiyası Şurasının üzvü olan həmyerlimiz xaricdə elmi məclislərdə məruzələrlə çıxış etməklə yanaşı, apardığı kolleksiya nümunələrini tədbirlərin keçirildiyi ölkələrə bağışlayıb ki, bu da onun bir azərbaycanlı kimi necə ürəyigeniş və səxavətli olduğunu göstərir.

İmran CƏFƏRZADƏ, fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi,

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

27 Noyabr 2022 13:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
5 Fevral 2023 | 13:29
Xəlil Rza Ulutürk
3 Fevral 2023 | 09:13
Kitab fondu zənginləşir
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə