Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropanın enerji təhlükəsizliyinə böyük töhfə

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən, neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yarandı. Xarici neft şirkətləri ilə birlikdə axtarışkəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görüldü və uğurlu nəticələr alındı. Nəhəng “Şahdəniz” qazkondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edildi, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanıldı.

 

Xatırladaq ki, son 10 ildə Azərbaycanın əsas ixrac məhsullarının tərkibində neft və neft məhsullarının xüsusi çəkisində dinamik artım nəzərə çarpır. “British Petroleum” kompaniyasının mütəxəssislərinin hesablamalarına görə, 2030-cu ilə qədər Azərbaycanın neft-qaz sənayesində hasilatın üstünlük təşkil edəcəyi, neftə olan tələbat artımının orta hesabla ildə 1 faizə yaxın olacağı proqnozlaşdırılır. Bütün bunlar nəzərə alınaraq, əvvəlki illərdə olduğu kimi, hazırda da neft-qaz hasilatının perspektiv təminatı üçün istehsalın modernləşdirilməsi diqqətdə saxlanılır.

 

Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verən lider dövlətlər sırasında yer alır. Əlbəttə, belə bir uğur respublikamızın zəngin neft-qaz potensialı ilə bağlıdır. Ölkəmizin təsdiqlənən qaz ehtiyatlarının təqribən 3 trilyon kubmetr olması, “qara qızıl” ehtiyatları həcminin isə 2,5 trilyon kubmetr səviyyəsində qeydə alınması bunun bariz ifadəsidir.

 

Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda bütün bu məsələlərə toxunmaqla bərabər, Azərbaycan tərəfindən Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradıldığını, hətta Ələt Dəniz-Ticarət Limanında bu ölkədən olan yüklər üçün xüsusi yer ayrıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlanıldığını və bunun hazırda sənayemizdə artım müşahidə olunması və əlavə qaz həcmlərinə böyük tələbat yaranması ilə bağlı olduğunu qeyd edib: “Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan “Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir neçə dəfə artırılması üçün potensial var”.

 

Yeri gəlmişkən, neft sənayesində xüsusi önəm daşıyan “Abşeron” yatağı ölkəmizin karbohidrogen ehtiyatlarında önəmli paya malikdir. Ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən bu yatağın həm daxili tələbatın ödənilməsinə, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Abşeron” yatağı üzrə işlərə başlanılması ilə neft istehsalında yeni bir mərhələyə start verilib. Bu yataq “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” və digər strukturlar kimi zəngin enerji mənbəyi  olaraq qəbul edilib. Qeyd edək ki, “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qazın da TANAP xətti ilə Türkiyəyə ötürüləcəyi nəzərdə tutulub. “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” üzrə müqavildən sonra imzalanıb və iqtisadi əhəmiyyətinə görə, çox mühüm yer tutur. Bu layihə Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə çevrilməsində çox mühüm əhəmiyyət kəsb edir. Artıq respublikamız TANAP və TAP kəmərləri ilə Avropanın zəngin və etibarlı enerji təminatçısı hesab olunur. Ekspertlər tərəfindən “Abşeron” yatağı bu enerji sisteminin tərkib hissəsi kimi uzun illər dünyanın enerji xəritəsində yer tutmaqla ölkəmizin layiqli yerini möhkəmləndirəcəyinə əminlik bildirilir.

“Xalq qəzeti”

27 Noyabr 2022 13:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Fevral 2023 | 15:05
Muğanda nəhəng aqropark

Köhnə versiyamızdan xəbərləri izlə