Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyük yeddilər”in neftə tavan qiyməti

Bu siyasət Rusiyanı sarsıdacaqmı?

 
Yüz ildən artıqdır ki, neft beynəlxalq münasibətlərə təsir edən əsas elementlərdən biri sayılır. Buna görə də, enerji resurslarının dünya siyasətinə təsiri və əhəmiyyəti aparıcı güclər tərəfindən qəbul edilir və xarici siyasətin həyata keçirilməsində nəzərə alınır. Dünyanın neft-qaz resurslarının ölkələr üzrə qeyri-bərabərliyi də geosiyasi proseslərə öz təsirini göstərir, vəziyyətdən asılı olaraq dövlətlərarası gərginliyi artırır. Rusiya neftinə qoyulmuş tavan qiymət siyasətinin həyata keçirilməsinə başlandıqdan sonra isə dünyanın enerji mənzərəsinin dəyişəcəyi proqnozlaşdırılır. Xüsusilə də dünya neft bazarlarından kənarda saxlanılması ilə barışmayan Rusiyanın zəngin enerji resurslarının tədarük istiqamətinin Şərqə doğru dəyişməsi geosiyasi proseslərə də, şübhəsiz, təsirsiz qalmayacaq.
 
Beləliklə, “Böyük yeddilər”ə (G7) üzv ölkələr Rusiya nefti üçün bu ilin dekabrın 5-dən, neft məhsulları üçün isə gələn il fevralın 5-dən qüvvəyə minəcək qiymət tavanı müəyyən ediblər. Rusiya neftinin qiymətinin azaldılması, Qərbin hesab etdiyi kimi, şimal qonşumuza iqtisadi və siyasi təzyiqi artıracaq. Son rəqəmlər də belə düşünməyə əsas verir. Məsələn, Aİ-nin neft sanksiyalarının qüvvəyə minməsindən bir neçə həftə əvvəl Rusiya xammalının Şimali Avropaya tədarükünün 90 faiz azalaraq 95 min barrelə düşdüyü bildirilir. İndi Rusiya neftini daha çox Asiya ölkələrinə satır. Qiymət tavanı hələ razılaşdırılmayıb, lakin ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen qiymət tavanının 60 dollar səviyyəsində müəyyənləşdirməyi təklif edib. Okeanın o tayında düşünürlər ki, bu, Rusiyanın enerji mənbələrindən gəlirlərini azaldacaq, eyni zamanda, hasilatın gəlirliyini də təmin edəcək.
 
Rusiya Qərb ölkələrinin qiymət siyasəti ilə razılaşmayacağını bildirir. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib ki, Rusiya qiymət tavanı tətbiq edən ölkələrə neft satmayacaq. A.Novakın sözlərinə görə, enerji qiymətlərinin siyasiləşməsinin nəticəsi resurs çatışmazlığına və enerji təchizatı ilə bağlı problemlərə gətirib çıxaracaq. Çünki “qiymət tavanı neft bazarının fəaliyyətinin bazar prinsiplərini pozaraq, investisiyaların ixtisarına, tədarükün azalmasına və çatışmazlığına səbəb olur”. Hesablamara görə, tavan qiyməti siyasəti uğurla yekunlaşarsa, o zaman Rusiya gündəlik neft ixracatında, təqribən, 2 milyon barrelədək itki ilə üzləşəcək. Belə iddia edilir ki, neft tavanı ümumi qiymət artımına gətirib çıxaracaq. Məsələ ondadır ki, neft bazarında digər böyük oyunçular da var. Əgər qiymətlər məhdudlaşdırılarsa və bu yolla Rusiya bazardan sıxışdırılarsa, o zaman başqaları da neft qiymətlərini tələbata uyğun qaldırmaq imkanını əldən verməyəcəklər. Bütün bu qiymət savaşından da daha çox idxalçılar zərər görəcəklər.
 
Hələlik Rusiya neftini ən çox alan Çinin və Hindistanın tavan qiymət siyasətinə əməl edib-etməyəcəkləri bilinmir. Qərb sanksiyasının səmərəli olacağı məhz bu iki ölkənin Rusiya neftinə qoyulacaq qiymət siyasətinə əməl edəcəyindən asılıdr. Hindistanın Rusiya nefti məsələsində Qərbə qarşı gedəcəyi az ehtimal olunur. Çünki rəsmi Nyu-Dehli Asiyada ciddi rəqibi sayılan Çinə qarşı mübarizədə ABŞ-ın hərbi texnologiyalarına böyük ehtiyacı var. Buna görə də, Hindistanın ucuz neftə görə zəngin Qərblə münasibətlərini gərginləşdirəcəyini gözləməyə dəyməz. Eyni sözləri, Çin barədə də demək olar. Rəsmi Pekinin kifayət qədər valyuta ehtiyatı var və neft bazarında alternativ satıcılardan zəruri bildiyi qədər “qara qızıl” almaq imkanına malikdir. ABŞ və Çin liderlərinin son görüşünün ruhuna uyğun olaraq rəsmi Pekinin Rusiya neftinə qoyulan tavan qiymət siyasətinə görə ciddi qarşıdurmaya gedəcəyi az ehtimal edilir.
 
Əlbəttə, neftə tavan qiymətinin tətbiqindən narahat olan yeganə ölkə Rusiya deyil. Ötən ay Vyanada keçirilən görüşdə “OPEC+” ölkələri ümumi hasilat kvotalarını gündə 2 milyon barel azaltmağa razılaşıblar. Mütəxəssislər deyirlər ki, neft hasilatının hətta bir milyon barrel azaldılması barədə qərar uzun müzakirələrdən sonra qəbul edilirdi. Bu dəfə isə kvotanın azaldılması barədə qərar təəccüb doğuracaq qədər tez qəbul olundu. Ekspertlərin fikrincə, bu, “OPEC+” ölkələrinin Rusiya neftinə tavan qiymətinin tətbiqindən sonra yarana biləcək neft qıtlığını kompensasiya etmək niyyətində olmadığına işarədir. Yəni neft hasilatçıları Qərbə siqnal göndəriblər ki, Rusiya neftinə məhdudiyyətin tətbiq edilməsindən sonra yaranacaq vəziyyətdə qiymətləri aşağı salmayacaqlar.
 
Bundan başqa, “OPEC+” neft bazarını sabitləşdirməkdən imtina edə bilər, çünki bunun üçün onun imkanlarının həmişəkindən daha məhdud olduğu bildirilir. Xüsusilə pandemiya dövründə həm qlobal neft sənayesi, həm də “OPEC+” ölkələri hasilatın saxlanması və genişləndirilməsi üçün investisiyaları kəskin şəkildə azaldıblar.
 
Əlbəttə, neft təşkilatının bu qərarı Qərbdə qəzəb doğurub. Hətta bəzi amerikalı siyasətçilər “OPEC”də güclü nüfuza malik Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı təklif ediblər. Ağ evin mətbuat katibi Karin JanPyer bildirib ki, ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı düzgün hesab edir. Ancaq Səudiyyə Ərəbistanının Xarici işlər naziri Feysəl bin Farhan “OPEC+” qərarının siyasi deyil, iqtisadi olduğunu vurğulayıb.
 
Göründüyü kimi, G7-nin tavan qiymət siyasəti ölkələrarası münasibətlərə təsir göstərməyə başlayıb və sanksiya müddəti qüvvəyə mindikdən sonra bu münasibətlərin xarakterində müəyyən dəyişikliklərin baş verəcəyi gözlənilir. Masada ciddi geosiyasi tapşırıqların yerinə yetirilməsi məsələsi var. Buna görə də, bu tapşırıqların icrasının müttəfiqlər arasında belə münasibətlərin xarakterinə təsir göstərəcəyi proqnozlaşdırılır. Dövlətlərarası münasibətlərin yenidən nəzərdən keçirilməsinə yönəlmiş addımlar da hər zaman gərginliklə, beynəlxalq siyasi və iqtisadi proseslərə lüzumsuz müdaxilələrlə müşayiət olunur. Bütün bunların isə geosiyasi proseslərin axarına mənfi təsir göstərməyəcəyinə heç kəs zəmanət verə bilməz.
 
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
27 Noyabr 2022 12:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə