Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan üçün növbəti “soyuq duş” effekti

Erməni xəstəliyi və siyasi psixoz İrəvanı məhvə sürükləyir

Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda dünyadakı və Cənubi Qafqazdakı qlobal maraqlar müstəvisində Azərbaycanın mövqeyi ilə bağlı son dərəcə mühüm məqamlardan söz açdı. Prezident 44 günlük Vətən müharibəsinin bölgədə yaratdığı yeni reallıqlar fonunda ölkəmizin siyasi mövqeyi, mənfəətləri, beynəlxalq aləmə baxışı baxımından yetərincə vacib məsələləri gündəmə gətirdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycan və Ermənistan arasındakı hazırkı duruma da münasibətini bildirdi. Həmçinin mövcud kontekstdə Ermənistan cəmiyyətinin xaricdəki erməni lobbi və diaspor təşkilatları, habelə erməni millətçiləri tərəfindən zəhərləndiyinə dair fikirlərini səsləndirdi. 

 

Həqiqətən, Ermənistanın hazırkı rəhbərliyinin məntiqini anlamaq mümkün deyil. Baş nazir Nikol Paşinyan özündən əvvəlkilərin yol verdikləri səhvlərdən, qətiyyən, nəticə çıxarmır. Halbuki 2018-ci il inqilabından sonra hakimiyyətə gəlmiş komandanın tam fərqli mövqe tutacağını söyləmək, ölkəni erməni xəstəliyindən qurtarmaq istiqamətində real addımlar atacağı ilə bağlı nikbinlik formalaşmışdı. Buna biz də inanmışdıq. Qərbyönümlü Nikol Paşinyanın yaratdığı yeni siyasi sistemin bu xəstəliyə qarşı özündə ciddi müqavimət formalaşdıracağına dair ümidimiz var idi. Azərbaycan Prezidenti noyabrın 25-də keçirilmiş məlum konfransda bu barədə də söz açdı: “Mən bizim 2018-ci ilin sentyabr ayında Düşənbədə BMT ölkələrinin sammitində birinci görüşümüz haqqında bir dəfə danışmışam. Yeri gəlmişkən, həmin gün sentyabrın 27-si idi. Düz iki il sonra həmin gün İkinci Qarabağ müharibəsi başlandı. Bu görüşdən sonra,– mən təfərrüatlara varmaq istəmirəm, – biz razılaşdıq ki, sərhəddə atəşkəs rejimini gücləndirəcəyik. Biz atışmaları dayandıracağıq və bu da baş verdi. Bir il ərzində bu baş verdi. Bu il ən sakit il idi və bu ildə, demək olar ki, heç bir itkimiz olmadı. Bəs sonra nə baş verdi? O, yəqin, bunun zəiflik əlaməti olduğunu düşündü və sonra bu məşhur bəyanatlar səsləndi ki, “Qarabağ Ermənistandır”, “Yeni ərazilər uğrunda yeni müharibə aparılacaq”. Sonra təxribatlar oldu, iyul ayında, avqust ayında və sairə”.

 

Bəli, Azərbaycanın Ermənistanın o zaman yeni olan hakimiyyətindən pozitiv gözləntiləri özünü doğrultmadı. Məlum oldu ki, Ermənistanda yalnız hakimiyyət dəyişib, mahiyyət yox. Belə göründü ki, Paşinyandan əvvəlki Sarkisyan və Koçaryan iqtidarları Azərbaycana qarşı aqressiv planlarını gerçəkləşdirməyin mümkünsüzlüyünü bildiklərindən sakit dayanmışdılar və onlar Qarabağla bağlı danışıqlar prosesini uzatmaqla, bir növ, açıq konfrantasiyadan yayınırdılar. Başqa sözlə, ölkəmizə qarşı təcavüzün davamı üçün gücləri yox idi. Özünü “demokratiyanın qladiatoru” qismində görən Paşinyan isə Sarkisyan-Koçaryan cütlüyü üzərindəki qalibiyyətin eyforiyasına qapılaraq, güclü olduğunu sandı. O, tipik erməni xislətini işə salaraq, Qarabağın Ermənistana məxsusluğu kimi çürük ritorikanı işə saldı, cəfəngiyyata ideoloji don geyindirməyə qalxdı. Ardınca baş verənlər isə məlumdur. 44 günlük müharibə, acınacaqlı və rüsvayçı məğlubiyyət. 

 

Bunları diqqətə çatdırmaqda məqsədimiz Ermənistan ictimaiyyətinin, hətta, mütərəqqi sayılan və xalqın etimadını qazanmış kəsimin də erməni xəstəliyindən əziyyət çəkdiyini vurğulamaqdır. Diqqət yetirək ki, müharibədən sonra Paşinyan administrasiyası başda olmaqla, bütövlükdə, erməni cəmiyyətində, necə deyərlər, ağıllanma meyilləri müşahidə edilirdi. Əlbəttə, bu, müəyyən mənada, savaşdakı rüsvayçılıqdan doğan bədbinliyin təbiətindən irəli gəlirdi. 

 

Biz Bakının o zaman Ermənistandakı bədbinliyə adekvat davranışlarını gördük. Məsələn, Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə münasibətdə müharibə dövrünə xas aşağılayıcı ritorikadan uzaq dayandı. Ölkəmiz səmimiyyətinə cavab gözlədi. Hətta, müəyyən müddət Paşinyana ona qarşı formalaşmış daxili müqaviməti aradan qaldırmaq üçün möhlət də verdi. Ancaq sonradan məlum oldu ki, Ermənistan rəhbərliyi bundan nəticə çıxartmır. İrəvan əlinə düşən ilk fürsətdəcə təxribat həyata keçirdi. İndi Paşinyan administrasiyası özünü müharibənin şokundan ayılmış kimi göstərməyə çalışır. Belə nəticə hasil olur ki, əslində, İrəvan 2020-ci ilin 10 noyabr tarixindən ötən müddətdə sülhə doğru yaxınlaşmaq deyil, onu imitasiya yolu tutub ki, güclənsin. Təbii, buna güclənmək demək də mümkün deyil. Ermənistan iqtidarı, sadəcə, olanları unudub. Hər şeyi unudub və özünü Azərbaycanla münasibətdə, Qarabağ mövzusunda strateq, başbilən kimi göstərməyə başlayıb. Bu, son dərəcə izaholunmaz məntiqdir. Həm də ona görə ki, tutalım, Ermənistan hakimiyyəti savaşdakı məğlubiyyəti həzm edə bilmir. Bəs, iki il ərzində ölkədə nələrin dəyişdiyinin də fərqinə varmırmı? Hansı güc və qüvvə ilə Azərbaycana qarşı duracaq? Hesab edək ki, xaricdən də siyasi dəstək var. Dəstək o demək deyil ki, kimsə gəlib ermənilərin yerinə vuruşacaq. Bilvasitə olmasa da, Azərbaycan bilavasitə Ermənistanın regional proseslərə qoşulmaqla güclənməsi üçün yaşıl işıq yandırmışdı. Ermənilərin bir az ağlı olsaydı, bundan faydalanar, iqtisadiyyatlarını möhkəmləndirərdilər. Bunu anlamaq çoxmu çətindir? Görünür, çətindir və yaxşı ki, çətindir.

 

Bu isə, heç şübhəsiz, haqqında danışdığımız, daha doğrusu, Prezident İlham Əliyevin barəsində söz açdığı erməni xəstəliyinin təzahürüdür: “Onların beyni diaspor tərəfindən yuyulmuşdur. Çünki biz onlara heç bir ziyan vurmamışdıq. Etmək istəsəydik də, vaxtımız yox idi. Ağdam 1990-cı illərin əvvəlində işğal olunmuşdur. Nəyə görə bu qədər nifrət var? Nəyə görə məzarları eşirlər? Nəyə görə məscidləri dağıdırlar? Cavab onların təhsil sisteminin zəhərli olmasındadır. Onlar uşaqlarını Türkiyəyə və Azərbaycana nifrət aşılamaqla böyüdürlər. Beləliklə, türkofobiya və azərbaycanofobiya onların ideologiyasıdır. Həmçinin onlar öz tarixləri, öz tarixi şəxsiyyətləri haqqında o qədər əfsanələr uydurublar ki, özləri bu nağıllara inanmağa başlayıblar. Onların bütün tarixi, bütün əsas tarixi məhsulları feykdir. Çünki onlar digər xalqların tarixini mənimsəyib onu öz tarixi kimi qələmə verirlər. Düşünürəm ki, bu ideologiya onları fəlakətə apardı”. Ölkəmizin başçısının son dərəcə incə məqamlara toxunduğu aşkardır. Halbuki, cənab İlham Əliyev 2020-ci ilin dekabrın 1-də Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətində tam fərqli məqamları gündəmə gətirmişdi. “Dağlıq Qarabağ münaqişəsi” deyilən ifadənin artıq olmadığını vurğulayan Prezident bölgədəki vəziyyətin dəyişdiyini, münaqişə, ixtilaf və qısasçılıq barədə fikirləşməyə vaxtın qalmayacağı yeni iqtisadi ab-havanın, düzənin yaranacağını diqqətə çatdırmışdı.

 

Hər halda, həmin vaxt hadisələrin sonrakı axarını proqnozlaşdırmaq üçün ayrı-ayrı dövlətlərin timsalında keçilmiş yola nəzər salınması kifayət idi. İkinci Dünya müharibəsindən sonrakı vəziyyəti təsəvvür edək. Onu da təsəvvürə gətirək ki, bəlkə, Hitlerin avantürasına görə Almaniyaya münasibətdə nifrət qalıb? Qalmayıb, mümkün deyil. Heç almanlarda da qisasçılıq yoxdur. Normal iqtisadi münasibətlər gərginlikləri yoxa çıxarıb. Əslində, həm Azərbaycan, həm də Türkiyənin İrəvana təklif etdiyi də bu idi. Fikrimizi qüvvətləndirmək üçün Prezident İlham Əliyevin haqqında söz açdığımız müraciətindəki bir məqamı da vurğulayaq: “Ermənistan, haradasan? Bakı–Tbilisi–Ceyhan yan keçdi. Bakı– Tbilisi–Ərzurum da, həmçinin. TANAP da, həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”.

 

Bəli, düşmənçiliyə dəyməzdi. Ermənilərin bir balaca ağlı olsa, düşünərlər ki, onlar üçün cənab Əliyevin söylədikləri, 44 günlük müharibə dəhşətindən daha ağırdır. Bəs düşünürlərmi? Hələlik bunun işartıları belə görünmür. Baxırsan ki, Qarabağda qalan erməni tör-töküntüsü hüquqi qüvvəsi olmayan əski parçasının önündə şəkil çəkdirib, sanki, hökm sürdürdüklərini göstərirlər. Həqiqətən, xəstə təfəkkürdür.

 

Xəstə təfəkkürün ayrı-ayrı elementlərinin təhlili üçün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri postunu tutmuş Jerayr Liparidyanın BBC-yə müsahibəsindəki fikirlərə diqqət yetirmək kifayətdir: “İnsanlar nə istəmələri ilə onlara nəyin verilməli olduğunu qarışdırırlar. Heç kəs heç nə verməli deyil. Sizə nə götürə biləcəksinizsə, o verilir. Bütün müharibələrdə qələbəyə köklənmək – bu, miflərlə yaşamaqdır, reallıq yox. Biz reallığı qəbul etməməyə, reallığı bizim arzularımıza uyğunlaşdırmağa öyrəşmişik. Biz belə bir baxış formalaşdırmışıq” Bəli, Liparidyanın haqqında söz açdığı erməni baxışı indi heç kəsə lazım deyil. Hətta ermənilikdən istifadə edənlərin özlərinə də. Zaman-zaman da belə olub. XIX əsrin sonlarına doğru Osmanlıya qarşı oyun quran Qərb dairələri özlərinin Şərq avantürasının davamını yunan məsələsində axtarmağa üstünlük verəndə ermənilikdən imtina etmişdilər və onu taleyin ümüdünə buraxmışdılar. Həmin zaman kəsiyi ermənilər üçün acınacaqlı ssenarilər doğurmuşdu. Necə də doğurmasın? Təbəəsi olduğun dövləti içindən dağıtmağa çalış, təşkilatlan, terrorlar həyata keçir... Bəs o dövlət səndən hesab sormayacaqdımı? Sultan II Əbdülhəmid sordu o hesabı. Özü də tam sərtliyi ilə...

 

Bu gün hesab soran Azərbaycandır, daha doğrusu, Azərbaycan Prezidentidir. Ancaq yenə də ermənilərdən istifadə edənlər, onların xəstə təfəkkürünü körükləyənlər var. Ona görə dövlətimizin başçısı bildirir: “Müharibənin nəticəsi onlar üçün, sanki, bir “soyuq duş” idi. Onlar bunun baş verməsini, bu məğlubiyyətlə bu qədər alçalacaqlarını gözləmirdilər. Onlar özləri etiraf edirdilər ki, müharibə vaxtı hərbi xidmətdən yayınmış 10 mindən çox fərari var idi. İndi baş verənlər isə ümid edirəm, onlar üçün məlhəm ola bilər. Çünki onlara müalicə lazımdır. Onların cəmiyyətinə psixoloji yardım lazımdır”.

 

Bəli, başqalarının torpağına göz dikmək, həqiqətən, böyük mərəzdir. Təəssüf ki, tarix çox amansızcasına bu mərəzi imperiyaların formalaşması və dağılması şəklində hansısa qanunauyğunluğa salır. Dünya əzəldən ədalətsizdir. Tarixdə böyük reallıqların ədalət anlayışını kiçiltdiyi və onu dar fəlsəfəyə yuvarlandırdığı mərhələlər var. Mövcud kontekstdə insanlar arasında münasibətlər dəyişib, münaqişələr yaşanıb, müharibələr törənib. Böyük müharibələrin böyük də qalibləri olub. Burada ermənilərin dərs götürə biləcəkləri məqam onların həmin müharibələrin hansı bucağında və küncündə olmalarıdır. Ermənilik o bucaq və küncləri şanlı tarix kimi göstərir, xəstəlik də elə budur. Xəstəlik özünü kimlərəsə istifadə üçün təklif etməkdir. Ermənilərin tarixi isə təklifetmələr tarixidir. Ermənilər hər zaman özlərini təklif ediblər. Heç vaxt böyümək istəməyiblər. Həmişə çalışıblar ki, kiminsə qucağında otursunlar. Baxın, bu gün Qarabağda Rusiya sülhməramlılarını görüb uşaq kimi sevinirlər. Çünki rusların timsalında qucaq tapdıqlarını sanırlar. Paşinyanı hakimiyyətə gətirməklə, guya, Qərbə doğru getdilər. İnqilab elədilər, demokrata çevrildilər. Məlum oldu ki, inqilab da, demokratlıq da daha yaxşı qucaq tapmaq naminə imiş. Fərqli nə isə düşünə bilmirlər. Halbuki, bir qədər öncə bildirdiyimiz kimi, müharibədən ötən müddətdə ölkəmizin rəhbərliyi onlara dəfələrlə fərqli düşünməyi təklif edib.

 

Azərbaycan Prezidenti son bir ayda səsləndirdiyi fikirlərdə artıq Bakının İrəvana münasibətdə dərin inamsızlığının mövcudluğunu vurğulayıb. Cənab İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda da bu barədə ətraflı söz açdı. Dövlət başçımız erməni xəstəliyinin hazırda özünü yüksək fazada göstərdiyini də önə çəkdi. Mövcud xüsusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də keçirilmiş İrəvan sammitini, bir növ, siyasi psixozun kuliminasiya nöqtəsi kimi dəyərləndirdi, Paşinyanın həmin toplantıdakı hərəkətlərini həmkarlarına münasibətdə qeyridiplomatik tərz, zərərli demarş kimi qiymətləndirdi. Azərbaycan Prezidenti, eyni zamanda, düşünmək şansı verən bir məqamın üzərinə də gələrək vurğuladı ki, Ermənistandakı zəhərli beyin yuyulmasından qurtulmaq üçün onlara, yəni ölkənin siyasi rəhbərliyinə daha bir “soyuq duş”un lazım olub-olmadığını bilmir.

 

Əslində, cənab İlham Əliyevin hazırkı qlobal siyasət meydanında bilmədiyi heç nə yoxdur. Bunu tam qətiyyətlə söyləmək üçün çoxsaylı misallar göstərmək mümkündür. Elə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda ona ünvanlanmış suallara verdiyi əhatəli cavablardan aydındır ki, dövlətimizin başçısı bütün istiqamətlər üzrə siyasi, iqtisadi proseslərə dərindən bələddir və hazırkı qlobal müstəvidə Azərbaycanın maraqlarının nədən ibarət olduğunu həm gözəl bilir, həm də ustalıqla müdafiə etməyi bacarır.

 

Hesab edirik ki, erməni cəmiyyəti və Ermənistan dövləti bu konfransda dövlət başçımızın səsləndirdiyi məqamlara, dilə gətirdiyi məsələlərə təkrar-təkrar nəzər salmalı və nə qədər ki, gec deyil, düşünməlidir. Nikol Paşinyan başda olmaqla Ermənistan iqtidarının xüsusən də cənab İlham Əliyevin bu fikrinə diqqət yetirməsi vacibdir: “Biz müharibəni istəmirik. Müharibəni istəsəydik, aparardıq və heç kim bizi durdura bilməz – nə onun Qərbi Avropadakı sponsorları, nə sərhədlərinin cənubunda yerləşən qonşusu, nə də sərhədlərinin şərqində yerləşən qonşusu".

 

Ə.CAHANGİROĞLU,

“Xalq qəzeti”

 

27 Noyabr 2022 12:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə