Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fujairah şəhərində 64-cü şahmat bəstəçiliyi konqresi keçirilib. Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumatda bildirilir ki, gündəlikdə 45-ci şahmat həlletməsi üzrə dünya çempionatı, çoxsaylı həlletmə və tərtib yarışları, Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WFCC World Federation for Chess Composition) iclasları və təşkilata yeni prezident seçkiləri baş tutub. WFCC-nin qərarı ilə ölkəmizin nümayəndəsi Elmar Abdullayevə şahmat bəstəçiliyinin üçgedişli bölməsi üzrə beynəlxalq hakim titulu verilib. O, Şirvan şahmat məktəbinin yetirməsidir. Abdullayev Azərbaycanla yanaşı, Gürcüstan, Mərakeş və Rumıniyada, ümumilikdə, 7 yarışda hakimlik edib. E.Abdullayev bu adı qazanan üçüncü nümayəndəmizdir. Xatırladaq ki, bu titula 2009-cu ildə İlham Əliyev (etüd bölməsində), 2016-cı ildə isə Kənan Vəlixanov (yardımmat bölməsində) layiq görülüblər.