Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Makronu Vaşinqton, Brüssel və Moskvaya qarşı çıxmağa vadar edən nədir?

… Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti 

 

Makronu Vaşinqton, Brüssel və Moskvaya qarşı çıxmağa vadar edən nədir? Fransa Prezidentinin Cənubi Qafqazda başlanmış sülh prosesini əngəlləmək üçün atdığı çoxsaylı addımlar artıq hamıya məlumdur. Bu barədə bir qədər sonra söz açacağıq. Ancaq bu gün dünya politoloqlarını düşündürən əsas sual ondan ibarətdir ki, rəsmi Parisin Vaşinqton, Brüssel və Moskvada dəstəklənən sülh prosesini dayandırmağa çalışmasının səbəbi nədir? Axı həm Avropa İttifaqı, həm ABŞ rəhbərliyi, həm də Kreml təmsilçiləri Cənubi Qafqazda sülhün bərpasına nəinki razıdırlar, həm də tələsirlər. Elə isə Emmanuel Makron nə istəyir?

 

 

Elə buradaca Rusiya və Türkiyədən olan iki ekspertin Makron barədə dediklərini yada salaq. Doğrudur, kiminsə tanınmış dövlət xadiminin şəxsi məsələlərinə qarışması doğru deyil. Ancaq indi qələmə alacağım fikirlər türk əxlaqının və mənəvi dəyərlərinin ucalığını yada salmaq baxımından önəmlidir.

 

Belə ki, bir neçə ay əvvəl Fransa Prezidenti “Rusiyanı diz çökdürməklə, Türkiyəyə öz yerini göstərməklə yeni siyasi düzən yaratmaq istiqamətində səylərimizi birləşdirməliyik” kimi yekəxana bəyanat vermişdi. Onda rusiyalı ekspert Anatoli Dmitrov yazmışdı ki, sadə bir fransız ailəsi yarada bilməyən şəxsin yeni dünya düzəni qurmaq istəyi absurddur. Buna münasibət bildirən türk jurnalist Hasan Dəmirköy isə başqa fikirdə idi: “Həm Fransanın, həm də Makronun tənqid olunmalı yüzlərlə səhvi, bağışlanmayacaq çoxsaylı günahları, cinayətləri var. Ona görə də Makronun ailə uğursuzluğu barədə yazmaq doğru deyil.”

 

Bu mənəvi ucalığı Emmanuel Makronun hər gün hədə-qorxu gəldiyi, alçaltmaq istədiyi türk dünyasının təmsilçisi nümayiş etdirirdi. Türk dünyası demişkən, bu gün Fransa Prezidentinin ən böyük problemi türkdilli dövlətlərin əməkdaşlığının dərinləşdirilməsi, iş birliyinin nəticəyönümlü müstəviyə keçlməsi, eləcə də, Türkiyənin təkcə türk coğrafiyasında deyil, həm də Asiya, Afrikada böyük nüfuza malik qüvvəyə çevrilməsidir.​

 

Xatırladaq ki, Fransa bəzi Afrika ölkələrinə hələ də öz müstəmləkəsi kimi baxır. Elə Frankofoniya təşkilatının yaradılması da həmin məqsədə xidmət edirdi. Son zamanlar isə Ərdoğan Türkiyəsi Asiya və Afrikanın bir çox ölkələrində. sözün həqiqi mənasında, dost və xilaskar kimi tanınır. Həmin coğrafiyada Frankofoniyanın nüfuzdan düşməsinin əsas səbəbi də məhz türk məsələsidir. Ona görə də Fransa rəhbərliyi Türkiyəyə nəinki rəqib, hətta düşmən kimi baxır. Parisin Cənubi Qafqazda sülhün bərpasına, xüsusən, Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdlərinin kökünü bilavasitə Afrika və Asiya ölkələrində axtaranlar tamamilə haqlıdırlar. İş o yerə çatıb ki, daim İslam dininin və müsəlmançılığın əleyhinə olan Fransa prezidenti Zəngəzur dəhlizi layihəsinə mane olmaq üçün İran İslam Respublikası ilə də əməkdaşlıqdan çəkinmir. Bu isə ABŞ-ın dövlət siyasətinə qarşı getməkdən başqa bir şey deyil. Elə Cənubi Qafqazda sülhün bərpasına və Zəngəzur dəhlizinin açılmasına mane olmaq da Avropa İttifaqının, ABŞ və Rusiya dövlərlərinin siyasi maraqlarına zidd getməkdir. Bütün bunların təməlində isə uzun müddət Paris tərəfindən istismar edilən ölkələrdə indi Türkiyə mütəxəssislərinin və bayraqlarının görünməsidir. Makron və yanındakılar bu yaxınlarda daha bir neçə məkrli addımla Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışdılar. Hər dəfə də Azərbaycanın dostları və tərəfdaşları tərəfindən ifşa edildilər. Dövlət başçımız noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda tədbir iştirakçılarının suallarını cavablandırarkən bu məsələyə əhatəli şəkildə münasibət bildirmişdir.

 

Dövlət başçımız xatırlatdı ki, bu il dekabrın 7-də Brüsseldə görüş keçirilməli idi. Ancaq prezident Şarl Mişelin ofisindən Nikol Paşinyanın həmin görüşə ilkin şərtlə razılıq verdiyi bildirilib. İrəvanın şərti odur ki, Brüsseldəki görüşdə Prezident Makron da iştirak etsin. Bu isə o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək: “Praqa görüşü oktyabrın 6-da idi. Bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir”.

 

Prezidentin fikrincə, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub: “Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq”. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağın adı çəkilmir. Elə Ermənistan rəhbərliyini də, onların himayədarlarını da narahat edən Prezident İlham Əliyevin “Dağlıq Qarabağ münaqişəsi artıq bitib. Biz bu məsələni heç kəslə müzakirə etməyəcəyik!”- deməsidir. Xatırladaq ki, Prezident İlham Əliyevin uğurlu siyasi-diplomatik gedişləri nəticəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb və tanıyıb. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranmışdı ki, onlar Azərbaycanla Qarabağla bağlı danışmağa davam edəcəklər. İlham Əliyev isə əvvəldən demişdi ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.

 

Prezident xatırladır: “Praqa görüşünün kommünikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz”. Deməli, bundan sonra Ermənistanın minbir ünvana yalvarmasının, Fransanın məkrli çabalarının, Makronun isə qərəzli fitnə-fəsadlarının heç bir nəticəsi olmayacaq. Yəni Qarabağ Azərbaycandır, orada yaşayan ermənilərin istənilən probleminin həlli isə Azərbaycanın daxili işidir.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

27 Noyabr 2022 11:49 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə