Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bürünc bizim, qalanı sizin”

Hər dəfə noyabrın 30-da Bakıda futbol üzrə 28-ci SSRİ çempionatının finişində televiziyalarımızda “Neftçi" – "Spartak" (Moskva) görüşündə çəkilmiş süjeti görəndə bir daha əmin olursan ki, indi çox-çox uzaq 1966-cı ildə oynanılmış və azarkeşlərimizi sevincdən göylərə qaldırmış həmin matçın futbol tariximizdə ayrıca yeri var. Süjetdə respublika stadionunun tamaşaçılarla ağzınadək dolu tribunalarında "Neftçi" pərəstişkarlarından birinin əlində üzərində "Bronza nam, ostalnoye vam" sözləri yazılmış lövhə görürük. Oyunun gedişindən razı olduğu aydın hiss edilən həmin azarkeşin xoşbəxt anlar yaşadığını təsəvvür etmək üçün əlindəki lövhəni necə qürurla tutduğunu görmək kifayətdir. Sonrakı illərin nəticələrinin göstərdiyi kimi, 28-ci çempionatın medalları "Neftçi" üçün keçmiş Sovet İttifaqı birinciliklərində ilk və yeganə böyük uğurdur. Nə 66-cı ilə qədər, nə də ondan sonra komandanın belə nailiyyəti olmayıb. Tallinli hakimin idarə etdiyi "Spartak"la sonuncu görüşün taleyini, əslində, hələ birinci hissədə indi xatirələrdə Azərbaycan futbolunun əfsanəsi kimi yaşayan Anatoli Banişevskinin moskvalı məşhur qapıçı, sonralar isə məşhur şərhçi Vladimir Maslaçenkonun qoruduğu qapıya vurduğu iki qol həll etdi. Fasilədən sonra bakılılar qonaqları daha bir dəfə oyuna mərkəzdən başlamağa məcbur edib 45000 tamaşaçının alqışları altında meydanı gurultulu qələbə ilə tərk etdilər. Azərbaycan paytaxtı futbolçuları bu mühüm oyunda 3:0 hesabı ilə qalib gələrək çempion Kiyev "Dinamo"sundan və ikinci mükafatçı Rostovun OİK komandasından sonra çempionatı üçüncü yerdə başa vurdular. Beləliklə də bürünc medallar bizim oldu. Üstəlik də, Banişevski və həmin mövsümdə " Neftçi"nin ən sərrast oyunçusu, rəqib qapılarından 14 top keçirən Kazbek Tuayev ölkənin ən yaxşı 33 futbolçusu sırasına daxil edildilər. İndi 1966-cı il "Neftçi" komandasının tarixində SSRİ çempionatlarında ən uğurlu il kimi qalır. O gözəl günlərdən isə artıq əlli altı il ötür. "Spartak"la oyun başa çatan kimi "Azərbaycan bədən tərbiyəçisi""Fizkulturnik Azerbaydjana" qəzeti müxbirlərinin elə meydanın kənarında bürünc medallı futbolçulardan aldıqları qısa müsahibələr də idman tariximizdə əbədi yaşayacaq. Sergey Kramarenko: "Qorxurdum ki, mənim bir səhvim matçın nəticəsinə həlledici təsir göstərsin. Amma həyəcan heç vaxt qapıçının müttəfiqi olmamışdır. İndi isə mən matç ərəfəsində olduğundan daha çox həyəcanlanıram. Təsəvvür edin, biz bürünc medalların sahibiyik". Nikolay Boqdanov: "Təəccüblənməyin, amma matçın bizim xeyrimizə qurtaracağına şübhə etmirdim. Ancaq indi sakitəm, sonra həyəcanlanacağam: həm bürünc medal, həm də idman ustası adı almaq böyük hadisədir". Vladimir Bruxti: "Əsəbləşirdimözüm üçün, müdafiəçilərimiz üçün, bütün futbolçularımız üçün. Təkcə bunu deyə bilərəm ki, indi rahat nəfəs ala bilirəm”. Yaşar Babayev: " Gizlətməyəcəyəm, oyundan qabaq xeyli həyəcanlanırdım. Özümü çox xoşbəxt hiss edirəm. Uşaqlıqda mənim üçün ilk dəfə velosiped alındıqda heç bu qədər sevinməmişdim". Mübariz Zeynalov: "Kaş ki, mən bu görüşdə oynayacağımı əvvəlcədən bilməyəydim. O zaman az həyəcanlanardım". Kazbek Tuayev: " Özümü gözəl hiss edirəm. Müvəffəqiyyət qazanacağımıza bir an da şübhə etmirdim. Mən hələ Rostovda qələbə qazananda uşaqlara demişdim ki, bürüncə yolumuz açıldı". Anatoli Banişevski: "Oynamaq, qalib gəlmək, medallara layiq olduğumuzu sübut eləmək istəyirdim. Bu oyunda top vurmağı çox istəyirdim. İndi keçirdiyim hisslər ikinci topu vurandan sonra yarandı. Mən başa düşdüm ki, bürünc bizdədir. Sevinirəmmi? Məgər sevinməmək mümkünmu?". Yarım əsrdən də çox əvvəl, noyabrın sonunda "Neftçi"–"Spartak" görüşündən dərhal sonra çəkilmiş və bu gün diqqətinizə çatdırdığımız foto da futbol salnaməmizə əvəzsiz bir yadigardır. Yenə noyabrın sonudur. Bürünc komandadan həyatda olanlara cansağlığı arzusu ilə, dünyasını dəyişənlərə ehtiramla. Oqtay BAYRAMOV, “Xalq qəzeti”
27 Noyabr 2022 09:56 - İDMAN
İDMAN
29 Yanvar 2023 | 11:35
Fidanların sabaha uçuşu
28 Yanvar 2023 | 04:39
İdman xəbərləri
27 Yanvar 2023 | 03:38
İdman xəbərləri
26 Yanvar 2023 | 01:21
İdman xəbərləri
25 Yanvar 2023 | 01:52
İdman xəbərləri
24 Yanvar 2023 | 01:17
İdman xəbərləri
22 Yanvar 2023 | 11:53
Ölkəmizə qarşı təxribat

Köhnə versiyamızdan xəbərləri izlə