Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ayda baza qurulacaq

İnsan oğlunun Yerdən kənarda hələ ki, ayaq basdığı yeganə kosmik cisim olan Ay, bəşəriyyətin və elmin inkişafı ilə yenidən super güclərin əsas tədqiqat və yarışma meydanlarından biri halına gəlmişdir. "Soyuq müharibə" illərində ABŞ və SSRİ arasında texnoloji və ideoloji mübarizənin cərəyan etdiyi əsas cəbhələrdən biri olan kosmik fəzadakı yarışın ilk mərhələsi SSRİ-nin böyük uğurları ilə müşahidə olunsa da, yekunda ABŞ-ın Aya ilk insanı göndərməsiylə yeni mərhələ başlamışdır. Ümumiyyətlə, 2018-ci ildən bəri müxtəlif missiyalar üzrə kosmosa ən çox raket göndərmiş ölkə titulunu daşıyan Çin, bu sahədəki sürətli irəliləyişi ilə ABŞ-a rəqib olacaq yeni ölkə statusu qazanmışdır. Məsələn, ən son məlumata görə, hazırda Çin alimləri Ay bazasını enerji ilə təmin edəcək sistem üzərində işləyirlər. Bu barədə "South China Morning Post" nəşri informasiya yayıb. Ölkənin Ay proqramının baş konstruktoru Vu Veyren bildirib ki, Çin 2028-ci ilin sonuna kimi Ayın cənub qütbü yaxınlığında stansiya qurmağı planlaşdırır. Bu məqsədlə bazanın enerji təchizatı nüvə enerjisi hesabına ödəniləcək. Belə ki, Ayda nüvə stansiyasının inşa olunacağı planlaşdırılır. Məqsəd burada yaradılacaq tədqiqat və təcrübə bazalarını fasiləsiz elek trik enerjisi ilə təmin etməkdir. Çin mühəndisləri hazırlanmaqda olan nüvə reaktorunun təfərrüatlarını açıqlamır, lakin yeni obyektin, təxminən, 1 meqavat enerji istehsal edə biləcəyi vurğulanır. Bu, yeraltı bunkeri, Ay səthində çoxsaylı uçuş və eniş modulunu, Yerlə əlaqə sistemini və tədqiqat gəmilərini enerji ilə təmin etmək üçün kifayət etməlidir. Xatırladaq ki, 2013-cü il dekabrın 14-də pilotsuz ilk kosmik gəmisi "Change-3"ü Ayın səthinə müvəffəqiyyətlə endirə bilən Çin, bu sahədə ABŞ və SSRİ-dən sonra dünyada üçüncü dövlət kimi tarixə düşüb. Məhz həmin vaxt ilk dəfə olaraq Ay səthinin yüksək dəqiqliklə 3D xəritəsi tərtib edilmişdi.
27 Noyabr 2022 11:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə