Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran ölkədəki durumun səbəbini niyə Azərbaycanda axtarır?

Ciddi, həlli müşkül problemlə üzləşmiş, inqilaba hədəf olmuş ölkələrin ayağa qalxan kütləni “xarici təhlükə” qorxusu ilə geri çəkilməyə məcbur etməsi nümunəsi tarixdə kifayət qədərdir. Bu taktikanın uğur qazanması və təsirsiz olması halları da az deyil. Qonşu İranda 2 aydan bəri hicab və milli ayrı-seçkiliklə bağlı davam edən kütləvi etirazların səbəblərini ölkə rəhbərliyi daxildə axtarmaq əvəzinə, bütünlüklə, xarici müdaxilənin təzahürü kimi qarşılayıb.

 

Təssüf doğuran, əvvəla, odur ki, 40 milyonadək soydaşımızın yaşadığı bir dövlətdə sabitlik və inkişafı hamıdan artıq xalqımız istəsə də, heç bir səbəb və fakt olmadan ölkəmiz də düşmən dövlətlər sırasında ittiham olunur. İkincisi, özünü İslam həmrəyliyinin bayraqdarı elan etmiş İran rəhbərliyi, müsəlman övladına, türk soyuna tarixən qənim kəsilmiş erməni toplumunun Azərbaycana qarşı davam edən düşmənçiliyinin indiki mərhələsində təcavüzkar Ermənistanla eyni cəbhədə ölkəmizə qarşı səfərbər olunub.

 

Bunu İranın rəsmi mediasının açıq, qəzəbli anti-Azərbaycan çıxışları təkzibedilməz faktlarla sübut edir. Həqiqəti əks etdirməyən misallar və böhtançı nümunələr saysızhesabsızdır: “Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanla sərhəddə atəşkəs rejimini pozub”, “Ermənistan Azərbaycanı dinc sakinləri atəşə tutmaqda ittiham edib. Baş nazir Qarabağda mülki erməniyə atəşdən danışıb”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin ermənilərini öz vətəndaşı adlandırır və eyni zamanda, kənd təsərrüfatı işləri zamanı onları güllələyir”. Beləliklə, İranın “müsəlman qardaşlığı” “erməni təəssübkeşliyi”nin kölgəsində görünməz olub.

 

İran mediası Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ zəfərindən sonra Cənubi Qafqazda sülhün əldə edilməsi və möhkəmlənməsi ilə bağlı səy və cəhdlərini tamamilə tərsinə şərh edir, yalan və böhtan kampaniyasına ara vermir. Təbrizdən deputat Məhəmmədrza Mirtacəddin bu baxımdan xüsusi seçilir. O, İran mediasında yayılmış parlament çıxışında Təbrizdə rejimin müdafiəsi ilə bağlı hökumət qüvvələrinin təşkil etdiyi mitinqi “Azərbaycan oyaqdı, inqilaba dayaqdı” kimi qələmə verib.

 

Bədnam deputat daha sonra ölkəmizin, guya, düşmən dövlətlərin İrana qarşı təxribatının və gələcək hücumunun meydanına çevrildiyini bəyan edib: “Bizim Gülüstan və Türkmənçay müqaviləsi var ki, bu müqavilədə Bakı, Qarabağ, İrəvan və digər bölgələr də daxil olmaqla 14 əyalət əziz İrandan ayrılıb”– söyləyən deputata xatırlatmaq lazımdır ki, düşmən dövlətlərin üstümüzə qaldırdığı erməni başkəsənlər 1918-ci ildə həmin “əyalətləri” qan çanağına döndərəndə, təcavüzkar Ermənistan həmin Qarabağı xaç qardaşlarının köməyi ilə işğal edib cəhənnəmə çevirəndə “əziz İran” harada olub?

 

Bu sualın cavabının əks qütbündə dayanan ağayi Mirtacəddin deyib: Diqqət edin, Azərbaycan İrandan ayrılıb. Bu məqamı sizə yaxşı xatırlamaq istəyirəm ki, bu ritorika ilə qonşuluğumuzda problem yaratmayın. Məhəmməd Rəsulullahın (s), Əli İbn Əbi Talibin (ə), İmam Hüseynin ordularına ehtiyac yoxdur, sizə təkcə Aşura ordusu cavab verər”. Görürsünüzmü, “İran inqilabının dayağı” necə hədyan söyləyib. Budur tarixdən dərs verən əbləhin “imanı, bilgisi və qeyrəti”.

 

Qafqazşünas Salar Seyfəddini isə bir az da qabağa gedərək gözümüzün qabağında olan tarixi başayaq qələmə verib: “Güman edirsiniz ki, 2020-ci ilə qədər bizim o Qarabağ bölgəsində erməni qüvvələrinin nəzarətində olan 180 kilometrlik sərhədimiz var idi. O sərhəd o qədər sakit idi ki, biz belə bir sərhədin olduğunu bilmirdik, çünki xəritədə Azərbaycanın sərhəddi idi. Heç bilmirdik ki, bizim belə qonşumuz var. Yəni bizim üçün təhlükəsizlik sahəsi idi. Amma 2020-ci ildən biz orada çox gərginlik yaşadıq və bir neçə manevr keçirdik”. Mərhaba, “İslamın dayağı olan dövlət” və onun əmmaməli mübəlliğləri! Ermənistan Qarabağı işğal etməklə İranı xoşbəxt edibmiş, biz isə bu dincliyi pozmuşuq!?

 

Salar Seyfəddini İrandakı 40 milyonluq Azərbaycan türkündən utanıb çəkinmədən yazıb: “Dünyada bir neçə başqa ölkə də var ki, onlar öz varlığını, tərifini ölkəmizin məhvinə, tənəzzülündə görürlər, biri də Azərbaycandır”. Davamında Seyfəddini özü də bilmədən İranın Azərbaycana qarşı təcavüzkarlıq planını açıqlayıb: “Mühüm bir məqamdır ki, biz regionda olmalıyıq və bölgə mədəni İranın bir hissəsidir, geomədəniyyət və iranlılıq baxımından biz o bölgəni qoruyub gücləndirməliyik və bu vəzifəni yerinə yetirmək istəyən başqa hökumət yoxdur”. İranın siyasi elitası və mediası Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilmiş Türk zirvəsində Dünya azərbaycanlılarının milli və insanlıq haqları barədə bəyanatını daha böyük qəzəblə qarşılayıb. Bəyanatlarda və medianın bu mövzuda yazılarında Azərbaycan rəhbərinin haqlı qınağı cidd-cəhdlə inkar edilir. Ardınca yenə böhtan və yenə hədə gəlir: “Hesab edirik ki, ölkələrin münasibətlərinə xaricdən müdaxilə qınaq obyektidir və qonşu dövlətlər terrorçuların başqa ölkələrə göndərilməsi platformasına çevrilməməlidir”. Qarabağın işğalına açıq-gizli dəstək vermiş, Vətən müharibəsində qələbəmizə mane olmağa cəhd göstərmiş ölkənin rəhbərliyi görün nədən dəm vurur: “İran İslam Respublikası olaraq hər zaman qonşularımıza hörmətlə yanaşmışdır. Regional məsələlərdə sülh və qardaşlıq mövqeyindəyik və heç vaxt qonşularımızın hüquqlarını tapdalamamışıq, heç bir ölkənin haqqımızı tapdalamasına da icazə verməmişik”. Anlaşılan budur ki, ad çəkilməsə də Azərbaycanla Ermənistanın yeri dolaşıq salınıb.

 

Xülasə, indiyədək də ölkəmizə qarşı ikibaşlı siyasət yeritmiş İran rəhbərliyi son hadisələrdən sonra öz əhalisini Azərbaycandan gələn ciddi təhlükə ilə qorxudur, kütlənin etiraz və qəzəb dalğasını Arazın bu tayına yönəltməyə ümid bəsləyir. Sadəlövhlüyə bir baxın: “Azərbaycan Respublikası da bu ölkələrdəndir ki, vaxtaşırı ölkəmizə qarşı tədbirlər görüb, son iyirmi ildə Qərb və sionist rejimin zəminində oynayaraq xal qazanmağa çalışıb və təbii ki, yaxşı iqtisadi əlaqələri var. Qərbdən Bakıya verilmiş onlarla xallardan biridir... Bu baxımdan, Qərb dövlətlərinin İran əleyhinə tədbirlərə əl atdıqları son iki ayda İranda baş verən etirazlara görə Bakı da bu tapmacada oynamağa çalışıb”.

 

Nəhayət, qonşu ölkənin siyasi dairələrində və mediasında Azərbaycana qarşı əsassız ittihamlar rəsmi xarakter alıb: “Azərbaycan hakimiyyətinin pisliyi əvvəldən bəlli idi. Azərbaycan hökuməti heç vaxt İran xalqının yanında olmayıb. Azərbaycanın hakim iqtidarı xalqla bir yerdə deyil və həmişə bizə qarşı müəssisə olub. Azərbaycan göstərməlidir ki, o, bizim rəqibimiz və rəqibimizin aləti deyil, biz isə düşmənin alətinə çevrildiyini görürük” Yalanın, böhtanın və açıq düşmənçiliyin ölkəmiz tərəfindən bircə doğru və kəsə cavabı var: Azərbaycan indiyədək beynəlxalq aləmdə İrana qarşı təşkil olunmuş, gerçəkləşdirilən aksiya və sanksiyaların, anti-İran koalisiyaların heç birinə qoşulmayıb və buna qarşı açıq etirazını bildirib. Ölkəmiz bu siyasəti, hər şeydən əvvəl, qonşu ölkədə dili bir, dini bir insanların yaşamasına və onların taleyinə əsaslanıb. Yaxşı olar ki, İran rəhbərliyi və mediası ölkədə yaranmış indiki mürəkkəb durumun səbəbini, ilk növbədə, öz daxilində və yeritdiyi vaxtı keçmiş, məkrli siyasətdə axtarsın.

 

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

27 Noyabr 2022 11:42 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə