Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada “Şuşa ili”

ƏBu günlərdə Ankarada “Şuşa ili” çərçivəsində keçirilən növbəti tədbirdə Şuşaya həsr olunan yeni kitabların –“Salam, Azərbaycan" və "Qarabağın qara kitabı"nın təqdimatı olub. İki qardaş ölkənin–Azərbaycan və Türkiyənin bir çox alim, diplomat, incəsənət ustaları və tələbələrin iştirak etdiyi toplantı ölkəmizin Türkiyədəki səfirliyinin və Ankara Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir öncəsi xalqımızın zəngin mədəniyyətini əks etdirən fotolardan ibarət sərginin və İrs Mətbuat Evi tərəfindən nəşr edilmiş kitab sərgisinin açılışı da olub. Hacı Bayram Vəli Universitetində təşkil olunan tədbirdə iştirakçılar Şuşa haqqında qısa film də izləyiblər. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və universitetin məsul əməkdaşları çıxış edərək “Paşa Həyat Sığorta”nın dəstəyi ilə İrs Mətbuat Evi tərəfindən türk dilində çap edilmiş "Salam, Azərbaycan" və "Qarabağın qara kitabı" adlı kitabların türk ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətini qeyd ediblər. İrs Mətbuat Evinin direktoru Musa Mərcanlı və “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov kitabların ərsəyə gəlməsi ideyası və prosesi barədə iştirakçılara məlumat veriblər. Professor Toğrul İsmayıl çıxışında kitablarda əhatə olunmuş mövzuların geniş ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyət daşıdığını bildirib. Tədbirin bədii hissəsində isə universitet nəzdində fəaliyyət göstərən konservatoriyanın musiqi qrupu və bu ali təhsil ocağında oxuyan azərbaycanlı tələbələrdən ibarət “Şuşa” ansamblının üzvlərinin ifalarında maraqlı musiqi nömrələri təqdim olunub. P.S. Sözügedən tədbir Türkiyə mediasında geniş işıqlandırılıb. Qeyd etmək lazımdır ki, Azərbaycanın Türkiyədəki səfirliyinin, şəxsən cənab səfir Rəşad Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə qardaş ölkədə müntəzəm olaraq bir-birindən maraqlı tədbirlər keçirilir və bu tədbirlər barədə məlumatlar sosial media izləyicilərinin diqqətinə çatdırılır. Azərbaycanın Türkiyədəki səfirliyinin və hörmətli səfirin adından edilən müvafiq paylaşımlar izləyicilər tərəfindən maraqla qarşılanır, onlar öz fikir və düşüncələrini, rəy və təkliflərini bildirirlər. Beləcə, tədbirlər barədə məlumatlar internet vasitəsilə geniş oxucu auditoriyasında yayılır. Xatırladaq ki, bir müddət əvvəl səfirlik Ankarada böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş maraqlı tədbir keçirmişdi. Biz “Xalq qəzeti” olaraq həmin tədbir barədə oxuculara məlumat vermişdik.
27 Noyabr 2022 11:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə